İsmayıl Ağayev: "BDM xəttilə yeni təsisatın digər ölkələrdə olan diasporlarımız tərəfindən yaradılması ilə bağlı maarifləndirmə işlərini gücləndirəcəyik"
Ukraynada Azərbaycan diasporunun parlamenti yaradılır. Bu barədə Ukrayna Azərbaycanlıları Konqresindən məlumat verilib. Bildirilir ki, Ukrayna Azərbaycanlıları Konqresi yeni inkişaf strategiyasını açıqlayıb. Təməli 1997-ci ildə Heydər Əliyev tərəfindən qoyulmuş Ukrayna Azərbaycanlıları Konqresi müasir tələbləri nəzərə alaraq nizamnaməsində bir sıra dəyişikliklər edib.
Kiyevdə bir araya gələn Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin idarə heyəti və regional təşkilatlarının sədrləri konqresin gələcək fəaliyyət proqramını müzakirə edib.
İclasda qonaq qismində iştirak edən Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev Azərbaycanın dövlət strategiyasında milli diasporumuzun inkişaf etdirilməsinin əsas prioritetlərdən biri olduğunu diqqətə çatdırıb. O, Azərbaycan həqiqətlərinin, xüsusən də Dağlıq Qarabağ probleminin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan diasporunun üzərinə düşən tarixi missiyadan bəhs edib. Ukraynada fəaliyyət göstərən Azərbaycan icmalarını birlik və həmrəyliyə səsləyən A.Xudiyev Azərbaycanın milli dövlətçilik məfkurəsi istiqamətində fəaliyyət göstərən hər bir soydaşımıza səfirlik tərəfindən istənilən dəstəyin veriləcəyini vurğulayıb. Səfir son bir ayda Sumı, Nikolayev və Jitomir vilayətlərinə səfər etdiyini və səfər çərçivəsində Azərbaycan diasporunun səmərəli fəaliyyəti ilə tanış olduğunu bildirərək, tədbirə qatılanları qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edib.
Sonra Konqresin yeni nizamnaməsi ətrafında müzakirələr aparılıb. Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) sədri Rövşən Tağıyev Ukraynada fəaliyyət göstərən Azərbaycan diasporunun fəaliyyətinin təkmilləşdirilməsi və müasir dövrün tələblərinə uyğun qurulması üçün yeni inkişaf proqramının hazırlandığını bildirib. Ukraynanın 24 vilayətində fəaliyyət göstərən BUAK-ın regional təşkilatlarının vahid mərkəzdən idarə olunması, gələcəkdə Ukraynanın seçkili orqanlarına, dövlət və hökumət strukturlarına inteqrasiya mexanizminin tətbiq olunması üçün Konqresin nəzdində nüfuzlu şəxslərdən, elm və iş adamlarından ibarət parlamentin yaradılması üçün qurumun nizamnaməsində dəyişiklik edilməsinin vacibliyini vurğulayıb.
R.Tağıyev bildirib ki, nizamnaməyə əsasən, Konqresin Parlamenti ildə ən azından 2 dəfə toplaşaraq milli diasporun qarşısında duran məsələləri müzakirə edəcək. Ukrayna üzrə parlamentin hər vilayətdən bir nəfər olmaqla 30 nəfər üzvü seçiləcək. Konqresin vilayət təşkilatlarının sədrləri nizamnaməyə olunan dəyişiklikləri geniş müzakirə edərək, təmsil olunduqları qurumun parlamentinin yaradılmasını səs çoxluğu ilə qəbul edib. Regional təşkilatlar 2 ay müddətində parlamentin üzvlərini seçərək, mart ayında qanunverici orqanın ilk iclasını keçirəcək. İclasda Konqresin parlamentinin sədri və müavinləri seçiləcək.
Ukraynadakı diasporumuzun milli parlament yaratmaq ideyasının digər ölkələrdə də tətbiqi diasporun inkişafı üçün hansı üstünlükləri vəd edə bilər?
Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev qəzetimizə açıqlamasında bildirdi ki, Ukraynadakı diasporumuzun belə bir təşəbbüslə çıxış etməsi çox sevindiricidir: "Azərbaycan diasporunun ən aktiv olduğu ölkələrdən biri də Ukraynadır. Bizim həmin ölkədə yaşayan soydaşlarımızla daim sıx təmaslarımız olur. Başqa ölkələrə nisbətdə Ukraynadakı soydaşlarımız daha monolitdir. Belə milli parlamentin yaradılması çox təqdirəlayiqdir. Düzdür, parlament sözü burada simvolik işlənir. Ancaq bu bütün ölkəboyu olan diaspor fəallarının vahid bir təsisatda birləşməsinə şərait yaradacaq ki, olduqca məqbul variantdır. İstər işlərin koordinasiyası, istərsə də diaspor fəallarımızın bir-birini yaxından tanıması baxımından olduqca zəruri olan addımdır. Bu ideyanın yayılmasına çalışmalıyıq. Biz də BDM xəttilə yeni təsisatın digər ölkələrdə olan diasporlarımız tərəfindən yaradılması ilə bağlı maarifləndirmə işlərini gücləndirəcəyik. Əminəm ki, əksər ölkələrdəki diaspor qurumlarımız bu ideyanı dəstəkləyəcək".
Məhəmmədəli QƏRİBLİ