Arzu Nağıyev: "Bundan başqa, tərəfdaş dövlətlərin xüsusi xidmət və hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edilir və qabaqlayıcı məlumatlar alınır"
Türkiyədə baş verən silsilə terror aktları və həmin ölkədə fəaliyyət göstərən Rusiyanın səlahiyyətli səfirinin öldürülməsi dünya ölkələrində təhlükəsizliyin hansı səviyyədə olması mövzusunu yenidən gündəmə gətirdi.
Birmənalı şəkildə demək olar ki, ölkəmizin yerləşdiyi Cənubi Qafqazın digər bölgələrində təhlükəsizliyin təminatı heç də ürəkaçan səviyyədə deyil. Neftlə zəngin olan Yaxın Şərqdəki müsəlman ölkələrində də analoji problem yaşanır.
Təqdiredici haldır ki, istər coğrafi, istərsə də digər parametrlərə görə Azərbaycana məkanca yaxın, habelə neftə malik olan ölkələrdəki təhlükəsizlik problemi ölkəmizdə yaşanmır. Azərbaycandakı stabilliyin yüksək səviyyədə olduğunu digər ölkələrin rəsmiləri də etiraf edir.
Təhlükəsizlik qurumunun sabiq əməkdaşı Arzu Nağıyev mövzu ilə bağlı qəzetimizə açıqlamasında bildirdi ki, bunun bir sıra səbəbləri var: "Məlumdur ki, heç bir dövlət, o cümlədən Azərbaycan terror və digər təxribatlardan sona qədər sığortalanmayıb. Bundan başqa, Azərbaycanın neft ölkəsi olması da mühüm əhəmiyyət kəsb edir. Belə ki, xarici neft kompaniyaları da təhlükəsizlik məsələlərinə mühüm əhəmiyyət verir. Bu gün, demək olar ki, Azərbaycanın xüsusi xidmət və hüquq-mühafizə orqanları əməliyyat şəraitinə daha mükəmməl nəzarət edir. Çünki koordinasiyalı işlər görülür, hər bir orqan öz işini müvafiq plana uyğun qurmaqla keçirilən tədbirləri ümumiləşdirə bilir. Bundan başqa, tərəfdaş dövlətlərin xüsusi xidmət və hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edilir və qabaqlayıcı məlumatlar alınır. Bu isə təhlükəsizliyin təminatında mühüm faktor sayılır".
Məhəmmədəli QƏRİBLİ