Azər Allahverənov: "Miqrantların bir qismi müəyyən müddətdən sonra yaşadığı ölkəyə geri qayıdır, bir qismi isə üçüncü ölkəyə yollanır"
Qaçqın statusu almaq üçün Azərbaycana müraciət edənlərin sayı çoxalıb. Qanunsuz miqrantların sayı isə minimuma endirilib. Dövlət Miqrasiya Xidmətinin rəis müavini Pərviz Musayev Beynəlxalq Miqrant Günü və Beynəlxalq Miqrasiya Təşkilatının 65-ci ildönümünə həsr olunan tədbirdə bu haqda məlumat verib.
O qeyd edib ki, qaçqın statusu almaq üçün Azərbaycana müraciət edənlərin sayı kifayət qədər çoxdur: "Qaçqın statusu almaq üçün edilən müraciətlər yerində araşdırılır. Araşdırmalar zamanı uyğun gələn miqrantlara qaçqın statusu verilir. Bu statusu almaq istəyənlərin əksəriyyəti yaxşı həyat, yaxşı iş yeri üçün Azərbaycana müraciət edir".
Ombudsman Elmira Süleymanova isə miqrantların daha çox Azərbaycana üz tutmasını ölkədə insan hüquqlarına hörmətin onlar üçün cəlbedici olması ilə əsaslandırıb.
Məsələ barədə fikir bildirən miqrasiya sahəsi üzrə ekspert Azər Allahverənov "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, qaçqın statusu almaq istəyənlər əsasən inkişaf etməkdə olan ölkələrin vətəndaşlarıdır: "Mərkəzi və Şərqi Asiya ölkələrinin vətəndaşları qaçqın statusu almaq üçün Azərbaycana üz tutur. Əsasən Əfqanıstan, Pakistan, İran və digər ölkələrdən olan vətəndaşlar sığınacaq üçün Azərbaycana müraciət edir. Hazırda adlarını qeyd etdiyim ölkələrdən gələn vətəndaşların sayı daha çoxluq təşkil edir. Qaçqın kimi müraciət edənlər sığınacaq üçün müvafiq qaydada rəsmi şəkildə aidiyyəti qurumlara müraciət edir. Bəllidir ki, Azərbaycan hökuməti beynəlxalq konvensiyaya qoşulub. Sığınacaq üçün müraciət edənlər Azərbaycanda yaşamaq hüququnu əldə edəndən sonra onlara yaşamaq üçün icazə verilir. Həmçinin, hansı səbəbdən ölkəsini tərk etməsi qeyri-müəyyəndirsə, onu qaçqın salan səbəblər inandırıcı olmursa, o zaman onlar BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığına müraciət edir və həmin qurum qaçqınlara himayə məktubu verir. Himayə məktubu əsasında miqrantlar ölkə ərazisində yaşamaq hüququ qazanır. Təbii ki, gələn insanların fəaliyyəti Azərbaycanla bağlanmır. Onlar müxtəlif səbəblərdən qaçqın düşür. Cinayət əməllərinə görə təqib olunma, hərbi münaqişələr səbəbindən, iqtisadi cəhətdən çox zəif ölkədən beynəlxalq təşkilatların dəstəyi ilə yaşadıqları yeri tərk edirlər".
A.Allahverənovun sözlərinə görə, miqrantların bir qismi müəyyən müddətdən sonra yaşadığı ölkəyə geri qayıdır, bir qismi isə üçüncü ölkəyə yollanır. Üçüncü ölkə kimi əsasən Fransa, Kanada və digər ölkələrə gedirlər.
Həmsöhbətimiz onu da vurğuladı ki, 2016-cı ildə təxminən 40-50 min miqrant Azərbaycanda qeydiyyatdan keçmək üçün müraciət edib. Miqrasiya Məlumat Sistemi vasitəsilə ölkəyə gələn əcnəbilər nəzarətdə saxlandığından, onların qanunsuz miqranta çevrilməsinin qarşısı alınır.
Günel CƏLİLOVA