Dünya iqtisadiyyatında hələ də böhranlı vəziyyət davam edir. Bunun əsas səbəblərindən biri qismində isə yenə Rusiya və Qərb arasında davam edən çəkişmə, qarşılıqlı sanksiyalar göstərilir.
Belə görünür ki, yaşanan iqtisadi çəkişmə gələn il ərzində də davam edəcək. Belə ki, Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb. Avropa İttifaqı Şurasının yaydığı məlumata görə, sanksiyalar gələn il iyulun 31-dək uzadılıb. Səbəb kimi Minsk razılaşmasının yerinə yetirilməməsi göstərilir.
Avropa İttifaqından əvvəl isə ABŞ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib və müddəti uzadıb. ABŞ-ın Ticarət Nazirliyinin məlumatına əsasən, Ukrayna münaqişəsi ilə bağlı sonuncu sanksiya siyahısı daha 81 bənd artırılıb. 86 adda olan 81 şirkət və təşkilat sanksiyalar siyahısına əlavə olunub. Bu şirkətlərdən 50-si Rusiyanın qaz nəhəngi "Qazprom"un nəzarətindədir. Bir daha xatırladaq ki,
Rusiya ilə Qərbin münasibətləri Ukrayna məsələsinə görə pisləşib. 2014-ci il iyulun sonunda ABŞ və Avropa İttifaqı Rusiya iqtisadiyyatının müəyyən sektorlarına məhdudiyyətlər tətbiq edib. Qərbdə dəfələrlə bildiriblər ki, məhdudiyyətlər Minsk müqavilələrinin tam yerinə yetirilməsindən sonra aradan qaldırılacaq. Bu müqaviləyə əsasən, Ukrayna hakimiyyəti 2015-ci ilin sonunadək Donetsk və Luqansk rayonlarının xüsusi statusu haqqında qanunun qəbul edilməsini nəzərdə tutan konstitusiya islahatları keçirməli idi. Lakin rəsmi Kiyev hələ də razılaşmanın bu hissəsini yerinə yetirməyib. Kremldə hesab edirlər ki, sanksiyaları Minsk müqavilələrinin yerinə yetirilməsi ilə bağlamaq absurd məsələdir, çünki Rusiya Ukraynadakı münaqişənin tərəfi deyil.
Qeyd edək ki, Rusiyaya qarşı iqtisadi sanksiyalar 2014-cü ilin avqust ayından tətbiq edilir. Rusiya bu sanksiyaların əvəzinə Qərbdən bir çox məhsulların idxalına embarqo tətbiq edib. Amma indi yaşananlar fonunda Amerikanın "Stratfor" mərkəzi maraqlı məqama diqqət çəkərək bildirir ki, bu gedişlə gələn il Rusiya ilə Almaniya arasında əsl qarşıdurma başlaya bilər. Qurum amerikalılarla avropalıların Rusiyaya sanksiyaları dayandırmaq fikrində olmadığını bildirib: "Rusiyalı məmurlar isə sanksiyaların davam edəcəyini düşünmür. Məhz buna görədir ki, onlar federal büdcənin hazırlanmasında sanksiyaları nəzərə almadılar. Üstəlik, Avropada artıq sağ partiyalar populyarlıq qazanmağa başlayır. Məhz buna görə də solyönlü Rusiya gələn il eyni anda bir neçə ölkə ilə konflikt mərkəzinə düşə bilər. Bu ölkələr sırasında ilk yeri isə Almaniya tutacaq". Çünki Rusiyanın Avropada əsas ticarət tərəfdaşı da məhz Almaniyadır. Amma Almaniyanın sanksiyaların davamına qərar verməsi Moskvada xoş qarşılanmır. Hesab edilir ki, yaşanan ziddiyyətlərə ABŞ-ın yeni seçilmiş və Rusiyaya yaxınlıqda ittiham olunan Donald Tramp son qoya bilər. Bu arada ABŞ-da prezidenti seçkilərinin ikinci mərhələsi keçirilib. Xatırladaq ki, bu mərhələdə Seçicilər Kollegiyasının nümayəndələri birbaşa seçkilərdə səs vermiş seçicilərin səslərini "təsdiqləyir". Beləliklə, Tramp 538 seçici səsindən 304-nü toplayaraq ABŞ-ın 45-ci prezidenti olacaq. Bəzi ictimai qruplar seçkiçiləri Trampın əleyhinə səs verməyə vadar etmək üçün kampaniyalara başlayıb, lakin bu kampaniyalar uğursuz olub. Gözlənirdi ki, Seçicilər Kollegiyasında Trapmın prezident olmasına əngəl yaradılsın və üzvlər Hillari Klintonu prezident seçsinlər. Nəzəri baxımdan da bu mümkün idi. Belə ki, məlum olduğu kimi, ABŞ-da prezident seçkiləri iki mərhələdən ibarətdir. Birinci turda seçicilər öz namizədlərinə səs verir, lakin bu səslər ştatlardan olan seçicilərin xeyrinə hesablanır. Sonra həmin seçicilər təmsil etdikləri ştatların qərarlarına uyğun olaraq namizədə səs verir. Seçkilərdə qalib gəlmək üçün namizəd 270 seçkiçinin səsini toplamalıdır. Seçicilər Kollegiyası ondan ötrü düşünülüb ki, əhalisi sıx olan Nyu-York, Kaliforniya və ya Texas kimi ştatlar bütün ölkənin əvəzindən seçkilərin nəticəsini həll edə bilməsin, çünki əks halda əhalisinin sayı az olan Montana, Vayominq və ya Şimali Dakota kimi ştatların seçicilərinin səslərinə etinasızlıq göstərilmiş olardı. Son günlərdə belə məlumat yayılmışdı ki, Seçicilər Kollegiyasında nümayəndələr Trampa səs verməkdən imtina edəcək. Buna əsas səbəb onun Rusiyanın adamı kimi qələmə verilməsi göstərilirdi. Amma nəticələr fərqli olub. İndi Kremldə ümid edirlər ki, Tramp sanksiyalar siyasətinə son qoyacaq və bu halda Avropa İttifaqı da mövqeyini dəyişəcək. Əks halda "Stratfor" mərkəzinin barəsində bəhs etdiyi savaş qaçılmaz sayılır.
Nahid SALAYEV