Rusiya, Türkiyə və İran Suriya ilə bağlı ortaq bəyannamə qəbul etdi
Moskvada Rusiya və İran xarici işlər nazirləri arasında görüş başlayıb. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, görüşdə Rusiya xarici işlər naziri Sergey Lavrov iranlı həmkarına Ankarada Rusiya səfiri Andrey Karlovun qətli ilə nəticələnən terror aktı ilə bağlı həmrəylik göstərdiyinə görə təşəkkürünü bildirib.
“Bu vəhşi cinayət bizə onu göstərir ki, terrorçuluqla mübarizə güzəştsiz olmalıdır. Əgər bu terror aktının təşkilatçıları terrorçuluqla mübarizəni, o cümlədən görüşümüzü pozmaq məqsədi güdürdülərsə, onlar bu məqsədlərinə çatmadılar və çatmayacaqlar. Beynəlxalq ictimaiyyətin bəzi nümayəndələrinin Suriyada qanuni rejimə dəstəyin terror təhlükəsini artırdığı kimi təqdim etməsi cəhdləri tamamilə qəbuledilməzdir. Bu, birmənalı şəkildə terrorçuların zərbə altından çıxarılmasıdır. Biz bir qədər əvvəl türkiyəli həmkarımla görüş keçirdik. Türkiyə tərəfi bizim bu qiymətləndirməmizi bölüşür və əminəm ki, İran da bizimlə eyni mövqedədir".
Rusiya XİN başçısı danışıqların məhsuldar keçəcəyinə ümidvar olduğunu da bildirib.
Məhəmməd Cavad Zərif isə rusiyalı həmkarına, Rusiya dövlətinə Ankarada baş verən hadisə ilə əlaqədar başsağlığı verib: "Bu gün terror artıq coğrafiya və məkan tanımır. Bu onu göstərir ki, biz terrora qarşı birlikdə mübarizə aparmalıyıq. Hesab edirik ki, terror aktı üçün heç bir əsas ola bilməz, terrorçuluq qısamüddətli məqsədlərə çatmaq üçün belə xeyirli deyil. Biz Rusiya ilə birlikdə terrorçuluğa qarşı mübarizədə ön cərgədəyik. Bu gün planlaşdırılan üçtərəfli görüşün Suriya münaqişəsinin həllində faydalı olacağına inanıram. Bu gün Suriya münaqişəsinin siyasi yolla həlli üçün yaxşı zəmin yaranıb".
Rusiya, Türkiyə və İran Suriya böhranın həlli ilə bağlı ortaq bəyannamə qəbul edib. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu və iranlı həmkarı Məhəmməd Cavad Zəriflə üçtərəfli görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
S. Lavrov bildirib ki, birgə bəyanatda hər üç ölkə Suriyanın suverenliyi və ərazi bütövlüyünə dəstək ifadə edir: “Ümumi fikir bundan ibarətdir ki, münaqişənin hərb yolu ilə həlli ola bilməz. Biz münaqişənin alternativi olmadan siyasi-diplomatik yolla həllinə tərəfdarıq”.
Nazir qeyd edib ki, üçtərəfli format münaqişənin həlli ilə bağlı ən effektli formatdır və eyni zamanda onun fəaliyyəti digər formatların fəaliyyətinə kölgə salmağa yönəlməyib.
Qeyd edək ki, nazirlər görüşdən əvvəl Ankarada sui-qəsd nəticəsində qətlə yetirilən səfir Andrey Karlovun xatirəsini yad edib, onun portreti önünə çiçək dəstəsi qoyublar.