Bir-biri ilə güclü iqtisadi bağlara malik Türkiyə-İran münasibətləri Suriya və İraqda yaşanan hadisələrdən dolayı təhlükəli şəkildə gərginləşməyə doğru gedir. Xüsusilə Suriya və İraqda yaşanan məzhəb gərginlikləri və hakimiyyət uğrunda savaşlar Türkiyə və İran arasındakı əlaqələrə ciddi təsir edə bilər.
Ekspertlər Orta Şərqin gələcəyini müəyyənləşdirəcək iki ölkə arasındakı əlaqələr pisləşərsə, bölgədə daha böyük qanların töküləcəyi, hətta onların birbaşa toqquşmaya gedə biləcəyilə bağlı xəbərdarlıq edir.
Bu xüsusda "New York Times" qəzeti yazır ki, iki ölkə 200 ildir qoruyub saxladığı sülhü indi pozmaq üzrədir. Müəllif yazır ki, Orta Şərqin iki ölkəsi olan İran və Türkiyə bölgənin gələcəyini müəyyənləşdirməkdə böyük gücə sahibdir: "Ancaq onlar arasında əlaqələrin pisləşməsi mövcud vəziyyətdə daha böyük qanların töküləcəyini işarə edir. Hətta proseslər yeni qarşıdurmaların yaranmasına belə təsir edə bilər".
Beynəlxalq Böhran Qrupunun İran üzrə analitiki Ali Vaez deyir ki, İranla Türkiyə arasında bugünkü qarşıdurma onların əcdadlarının - Bizans və Fars imperiyalarının Mesopotamiya, yəni indiki İraqla Suriya uğrunda mübarizəsinin təkrarıdır. Quruluşunu dəyişmiş iki ölkə 200 ildir qoruyub saxladığı sülhü indi pozmaq üzrədir. Hər ikisi Suriya və İraqdakı sünnilərlə şiələrin münaqişəsinə qoşulub və son illərdə əldə etdiklərinin - iqtisadi əməkdaşlığın üstündən xətt çəkməyə hazır kimi görünürlər.
Müəllifin fikrincə, İranla Türkiyənin bu qarşıdurmaya üstün gəlməməsi Yaxın Şərqin gələcəyindən ötrü çox təhlükəlidir: "Hadisələrin indiki inkişafı daha çox qan tökülməsinə, stabilliyin bir az da pozulmasına, ehtiyatsızlıq edilərsə, hətta birbaşa hərbi qarşıdurmaya səbəb ola bilər".
Qəzet yazır ki, Türkiyə İraq və Suriyada bir neçə səbəbdən fəaldır. Bir tərəfdən İranın öz tarixi nüfuz dairəsinə müdaxiləsini artırmaq cəhdlərinə cavab verməyə çalışır, digər tərəfdən Türkiyənin düşməni PKK-ya bağlı kürd təşkilatlarının qarşısını alır. Nəticədə Suriyada Türkiyənin arxa durduğu qiyamçılar cənuba irəliləyib, Türkiyə ilə sərhəd yaxınlığında kök salmış "İslam Dövləti" (İŞİD) yaraqlılarını qova biliblər. İndi qiyamçılar əl-Bab şəhərinin astanasındadır və müəllifin dediyinə görə, məhz bu şəhər İran və Türkiyənin, həmçinin ABŞ-ın yardım etdiyi qüvvələrin toqquşma nöqtəsinə çevrilib. Rəsmilər noyabrın 24-də əl-Bab yaxınlığındakı əməliyyatlarda türk əsgərlərinin İran dronlarını vurduğunu deyir.
Müəllif deyir ki, İranla Türkiyə arasında qarşılıqlı etimad qorxulu şəkildə azalmaqdadır. Türkiyə İranı regiondakı şiə yaraqlılarını silahlandıraraq sünnilərə üstün gəlməyə çalışmaqda, Tehran da öz növbəsində Türkiyəni Osmanlı dövründəki nüfuzunu bərpa cəhdində, bundan ötrü hətta Suriyadakı cihadçılara yardım etməkdə günahlandırır: "Halbuki, hər tərəf qarşısındakını günahlandırdığı tərzdə hərəkət edir: hərbi qüvvələrini sərhədlərindən o tərəfə göndərir, yaraqlılara yardım edir, Suriya və İraqdakı çaxnaşmalardan qalan xarabalıqlara nəzarəti ələ keçirməyə çalışırlar".
Ali Vaez Türkiyə ilə İranın ümumi maraqları - İŞİD-ə və kürd yaraqlılarına qarşı birləşmək cəhdlərini də vurğulayır, amma qarşılıqlı şübhələrin bu cəhdləri yarı yolda qoyduğunu deyir.
Analitikin fikrincə, durumun daha da pisləşməsini əngəlləməkdən ötrü İranla Türkiyə hər şeydən öncə etimadsızlığa üstün gəlməli, bir-birinin maraqlarını və təhlükəsizlik problemini açıq etiraf etməlidir. Bunun üçün Suriya və İraqla bağlı yüksəksəviyyəli və davamlı danışıqlar aparılmalı, danışıqlar əvvəlkilərdən fərqli olaraq xüsusi xətt üzrə davam etdirilməlidir. Müəllifin fikrincə, Türkiyə prezidenti Recep Tayyip Ərdoğanla İranın ali lideri Ali Xamneyinin bu cür danışıqlardan ötrü xüsusi təmsilçilər təyin etməsi daimi diplomatik kanalın yaranması baxımından vacibdir.
Analitik, üstəlik, İranla Türkiyənin əməkdaşlığı gücləndirməsini, ümumi düşmənə qarşı mübarizənin effektini təmin etmək, təsadüfi itkilərin qarşısını almaqdan ötrü kəşfiyyat materiallarını belə bölüşməsini məsləhət görür. Müəllif ABŞ-la Rusiyanın da bu əməkdaşlığa dəstəyinin vacib olduğunu vurğulayır. Türkiyə ilə İranın əməkdaşlığının regionda təhlükəsizlik və sabitlik baxımından vacib olduğunu, hər şeydən öncə İranla Türkiyənin özünə sərf etdiyini, bunun əksinin isə hər iki ölkəyə çox böyük ziyan vura biləcəyini yazır.
Onu da qeyd edək ki, Suriya mövzusunda iki ölkə arasında ciddi anlaşılmazlıqlar olduğu bildirilir. Türkiyə baş naziri Binəli Yıldırım iki gün əvvəl İran prezidentinin müavini İsaq Cahangiri ilə Hələb müvzusunu müzakirə etmişdi. Ancaq İran prezidentinin müavininin Ankaraya bu günə nəzərdə tutulmiş səfəri təxirə salınıb.
Tahir TAĞIYEV