Arzu Nağıyev: "Ter-Petrosyan ümumilikdə regionda gedən prosesləri dəqiq bildiyinə görə belə bəyanatlarla çıxış edir"
Ermənistan Milli Konqresinin lideri, eks-prezident Levon Ter-Petrosyan partiyasının qurultayında sensasion çıxış edib.
O, çıxışında bildirib ki, bu gün Ermənistanda irəli sürülən "ordu-xalq" ideologiyası təhlükəlidir və iflasa məhkumdur: "Xalq-ordu" (İsraildə olduğu kimi, bütün xalqın ideoloji baxımdan döyüşkən ordu şəklində təşkil olunmasından söhbət gedir - red.) modelinin erməni variantının arxitektorlarına buradan üç sual verirəm: bu proqram nədən irəli gəlir, həll edəcəyi vəzifə nədir, onun həyata keçirilməsi üçün hansı resurslar tələb olunur?".
Eks-prezidentin sözlərinə görə, Ermənistanın əhalisi 1988-ci il zəlzələsindən və Sovet İttifaqının dağılmasından sonra daim azalıb, bu proses indi də dayanmayıb: "İnsan resursları baxımından Ermənistan hakimiyyəti diaspora böyük ümid bəsləyir. Mən özüm diaspordan olan biri kimi bütün məsuliyyətimlə deməliyəm ki, bu gözləntilər tamamilə sayıqlama və özünüaldatmadır. Yada salmaq kifayətdir ki, 1990-cı illərdəki müharibədə diaspordan cəmi 12 erməni iştirak etmişdi. Onların siyahısını bir ayrısı yox, müharibənin bütün detallarını bilən Vazgen Sarkisyan açıqlamışdı".
Ter-Petrosyan hətta Prezident İlham Əliyev barədə xoş sözlər deyib. O, İlham Əliyevi səmərəli düşünən dövlət xadimi kimi xarakterizə edib. Sonra bildirib ki, Ermənistanın indiki iqtisadi vəziyyəti acınacaqlı olmasaydı, hakimiyyət, heç bir halda, Qarabağda ölən və yaralanan əsgərlər üçün fond yaratmağa, ayda hər işləyən vətəndaşdan 1000 dram (2 dollara yaxın) pul yığmağı nəzərdə tutan dilənçiliyə getməzdi. "Bu, "xalq-ordu" ideologiyasının nüfuzdan düşdüyünü göstərən ilk addımdır, eyni zamanda dövlətin ləyaqətinə də zərbə vurub, bizi bütün dünyanın qarşısında gülünc duruma salıb" - Ter-Petrosyan deyib.
Ter-Petrosyan çıxışında onu da bildirib ki, Qarabağ münaqişəsi həll olunmadan Ermənistan və Qarabağ erməniləri üçün heç bir inkişaf perspektivi ola bilməz.
Ermənistanın sabiq prezidentinin bu məzmunlu çıxışı, hətta Azərbaycan rəhbərliyinə rəğbət ifadə etməsi nə ilə bağlıdır?
Ekspert Arzu Nağıyevin sözlərinə görə, Ter-Petrosyanın çıxışı konstruktiv müxalifət nümayəndəsi təsirini bağışlayır: "Ter-Petrosyan hər zaman bu cür açıq fikirləri ilə diqqət çəkən siyasətçidir. O daim Azərbaycan Prezidentini uzaqgörən siyasətçi adlandırır, Azərbaycanın normal xarici siyasət yeritdiyini bildirir. Vaxtilə Dağlıq Qarabağ münaqişəsi başlayanda və sonradan atəşkəs elan olunana qədər, öz opponentlərindən fərqli olaraq, səhra komandiri olmayıb. O daha güclü siyasətçidir və yürütdüyü siyasəti çox yaxşı bilir. Onun son təklifləri ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bəyanatları ilə üst-üstə düşən, Sank-Peterburq görüşləri və Kazan protokollarına uyğun olan bəyanatlardır. Məhz buna görə də, Sarkisyan və Köçəryandan fərqli olaraq, Ter-Petrosyan ümumilikdə regionda gedən prosesləri dəqiq bildiyinə görə belə bəyanatlarla çıxış edir. Bəyanatlarında müəyyən diplomatik gedişlər olsa da, ola bilsin ki, bunu gələnilki prezident seçkilərində status qazanmaq üçün edir. Lakin Ter-Petrosyan həlledici səsə malik siyasətçi deyil. Ola bilsin ki, hökumət Sarkisyan və digərlərinin bu gün deyə bilmədiklərini Ter-Petrosyan vasitəsilə deyib xalqın reaksiyasını öyrənməyə çalışır".
Məhəmmədəli QƏRİBLİ