Hələ cari ilin sentyabr ayında Ermənistanda keçirilən hərbi parad zamanı burada nümayiş etdirilən "İsgəndər" raket komplekslərinin regionda yeni vəziyyət yaratdığına dair iddialar səslənirdi.
Ermənilər isə iddia edirdi ki, bu raketlər onlara Azərbaycanla hərbi paritet yaratmağa imkan verir. Amma bu raketlərin nümayişindən dərhal sonra yarana biləcək istənilən hərbi təhdid ehtimalını nəzərə alaraq Azərbaycan hərbi rəhbərliyi Ermənistan ərazisindəki hədəflərin məhv edilməsinə hazır olduğunu bəyan etdi. Bundan başqa, araşdırmalar göstərdi ki, İrəvan atəş dairəsi 500 kilometr olan son "İsgəndər-M" sistemi yox, daha qısa məsafəli və ixrac üçün nəzərdə tutulan "İsgəndər-E" kompleksinə sahibdir. Bunu ardınca Azərbaycan "İsgəndər" raket komplekslərini neytrallaşdıra biləcək silah sisteminin alışı istiqamətində də fəal addımlar atmağa başladı və bu xüsusda İsraildən "Dəmir günbəz" Hava Hücumundan Müdafiə Sisteminin alınmasına dair məlumatlar yayıldı. Düzdür, həmin vaxt rəsmi mənbələr bunu təsdiqləmədi. Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan isə iddia etməyə başladı ki, Azərbaycan "Dəmir günbəz" sistemini ala bilməz, çünki Rusiya ilə müttəfiqdir: "Söhbət "Dəmir günbəz" raketdən müdafiə sisteminin "İsgəndər" raketini tutmaq imkanından gedir. Artıq izah olunub ki, bu kimi sistem Azərbaycanda peyda ola bilməz". Qafqaz İnstitutunun direktor müavini Sergey Minasyan isə bildirirdi ki, İsrail tərəfindən belə bir sistemin Rusiya və İranla sıx əlaqədə olan Azərbaycan kimi ölkəyə verilməsini təsəvvür etmək çətindir. Amma belə görünür, ermənilər möhkəm yanılıb. Artıq müdafiə sənayesi naziri Yavər Camalov bildirib ki, Azərbaycanla İsrail arasında "Dəmir günbəz" Hava Hücumundan Müdafiə Sisteminin alınmasına dair razılaşma əldə olunub. O bildirib ki, Azərbaycan Müdafiə Nazirliyi ilə İsrailin aidiyyəti qurumu arasında "Dəmir günbəz"in alınması ilə əlaqədar artıq razılaşma var. Müdafiə Sənayesi Nazirliyi isə həmin sistemin alınmasına müsbət rəy verib.
Xatırladaq ki, bu raketdən müdafiə sistemlərini İsrailin "Rafael Advanced Systems" şirkəti istehsal edir, təyinatı 4 kilometrdən 70 kilometrə qədər məsafədə kiçik mənzilli raketləri və artilleriya mərmilərini zərərsizləşdirməkdir. "Rafael Advanced Systems" hərbi sahədə Azərbaycanla sıx əməkdaşlıq edir. "Dəmir günbəz" Hava Hücumundan Müdafiə Sistemi isə Azərbaycanın Ermənistan qarşısında hərbi üstünlüyünü artırır. Onlar 85-90 faiz civarında operativ-taktiki raketləri məhv edə bilir. "Dəmir günbəz" İsraili Qəzza sektorundan və Livanın cənubundan "Həmas" və "Hizbullah"ın raket zərbələrindən qorumaq üçün nəzərdə tutulub. Bu sistemlərin operativ-taktiki raketlərə qarşı necə işlədiyi məlum deyil, lakin hələ təkmilləşdirilməkdə olan bu sistemin bir çox göstəriciləri məxfidir və tamamilə mümkündür ki, "Dəmir günbəz" "İsgəndər" tipli raketləri də hədəfə çatmamış neytrallaşdıra bilsin.
Xatırladaq ki, bu günlərdə İsrail Şimali Koreyanın ballistik raketlərindən qorunmaq üçün Cənubi Koreyaya "Dəmir günbəz" raketdən müdafiə batareyaları təklif edib. İsrailin Seuldakı səfiri Xaim Xoşen Cənubi Koreyanın Müdafiə Araşdırmaları İnstitutunda keçirilən konfransda bildirib ki, yəhudi dövlətinin istehsal etdiyi "Dəmir günbəz" raketdən müdafiə sistemi Cənubi Koreya tərəfindən Şimali Koreyanın raket təhdidlərini azaltmaq üçün istifadə edilə bilər. O, İsrailin hazırda istənilən tip raketdən qorunmaq üçün geniş spektrdə raketdən müdafiə sistemlərinə malik olduğunu da deyib. Beləliklə, indi İsrail bu sistemləri Şimali Koreyanın ballistik raket təhdidlərinə qarşı həll yolu kimi təklif edirsə, deməli, təkmilləşdirilmiş "Dəmir günbəz" batareyaları həm də "İsgəndər" raketlərinə qarşı effektiv ola bilər. Yəni "Dəmir günbəz" ancaq kiçik mənzilli raketlərə qarşı tətbiq olunmur, ondan daha uzaq hədəfi vuran raketlərin neytrallaşdırılmasında da istifadə etmək olar. Bundan əvvəl Azərbaycan İsraildən "Barak-8" raketdən müdafiə sistemləri də alıb. "Barak" raketinin hər biri 21,8 kiloqramlıq döyüş başlığına malikdir. Raketlər 8 hissədən ibarət konteynerlərdə yerləşdirilib və vertikal atılır. Təyyarələrə qarşı da səmərəli olan "Barak" gəmilərdə və ya yük maşınlarında quraşdırıla bilər.
Tahir TAĞIYEV