Qulu İsmayılov: "Bəzi ekspertlər bu qənaətə gəlirdi ki, Trampın prezident seçilməsindən sonra ABŞ sözügedən layihəyə dəstək verməyəcək"
ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi Amos Hokştayn Bakıda keçirdiyi mətbuat konfransında bildirib ki, ABŞ "Cənub Qaz Dəhlizi" layihəsinin reallaşmasına bağlılığını ifadə edir:
"ABŞ "Cənub Qaz Dəhlizi"nin reallaşması istiqamətində səylərini davam etdirəcək. Bu, Azərbaycan üçün vacibdir, eyni zamanda Avropada enerji və siyasi təhlükəsizliyi təmin edən layihələrdən biridir. ABŞ bu layihəni BTC qədər strateji layihə hesab edir və eyni əhəmiyyətə malik olduğunu düşünür".
İtaliyada "Cənub Qaz Dəhlizi"nin həyata keçirilməsində yaranan problemlə bağlı sualı cavablandıran qonaq qeyd edib ki, bu, ambisiyalı və bir çox ölkələri əhatə edən layihədir: "Ümumiyyətlə, belə çoxtərəfli layihələrin icrası zamanı müxtəlif mərhələlərdə yerli icmalar, siyasətçilər tərəfindən müəyyən çətinliklər yaradıla bilər. Əsas məsələ odur ki, birgə səylər və əməkdaşlıq şəraitində bu çətinlikləri aradan qaldıraq. Layihə tərəfdaşlarının iştirakı ilə konsorsium əsasında bu problemləri aşa bilərik".
Hokştayn bəyan edib ki, Azərbaycan və ABŞ təkcə yaxın dost deyil, həm də strateji tərəfdaşlıq münasibətlərinə malikdir: "Bu münasibətlər bir çox sahələri əhatə edir".
ABŞ-ın "Cənub Qaz Dəhlizi"nə böyük önəm verməsi nə ilə bağlıdır?
Ekspert Qulu İsmayılov qəzetimizə açıqlamasında bildirdi ki, "Cənub Qaz Dəhlizi" layihəsi kifayət qədər irəliləyib, qaz satışları ilə bağlı müqavilələr imzalanıb, tikinti işləri davam edirilir: "Buna görə də istənilən maraqlı ölkə üçün bu daha böyük əhəmiyyət daşıyır. Fikrimcə, ABŞ-ın bu layihəyə dəstəyini dayandırmaq üçün heç bir səbəbi yoxdur. Baxmayaraq ki, Trampın xarici siyasətlə bağlı verdiyi tək açıqlama bu layihəni dəstəkləməyən Rusiya ilə münasibətlərin normallaşması barədə olub. Azərbaycan qazını Qərbi Avropaya nəql edəcək TAP layihəsinin əsas mənbəyi "Şahdəniz"in ikinci fazası çərçivəsində hasil olunacaq qazdır. İlkin mərhələdə qaz kəməri ilə ildə 10 mlrd. kubmetr mavi yanacaq Avropaya çatdırılacaq, daha sonra isə həcm 20 mlrd. kubmetrədək artırılacaq. Uzunluğu 520 km olacaq kəmər Azərbaycan qazını Türkiyə, Yunanıstan, Albaniya ərazisi isə İtaliyaya çatdıracaq. "Cənub Qaz Dəhlizi" layihəsi Avropa İttifaqının dəstəklədiyi əsas enerji layihələrindən biridir və Azərbaycan qazının Gürcüstan və Türkiyə vasitəsilə Avropaya nəql olunmasını nəzərdə tutur. Bu variant tam olaraq ABŞ-ın maraqlarına cavab verir. ABŞ-ın əsas müttəfiqlərinin Rusiyadan asılılığını azaldır. Hokştaynın layihənin onlar üçün önəmilə bağlı Bakıda səsləndirdiyi fikirlər bir sıra şübhələrin də üstündən xətt çəkdi. Çünki bəzi ekspertlər bu qənaətə gəlirdi ki, Trampın prezident seçilməsindən sonra ABŞ sözügedən layihəyə dəstək verməyəcək".
Məhəmmədəli QƏRİBLİ