Azərbaycan və İsrail arasında güclənən əlaqələr fonunda yəhudi lobbisinin bundan sonra ölkəmizə daha sıx dəstək göstərəcəyi şübhə doğurmur. İndiki geosiyasi reallıqlar dövründə isə yəhudi lobbisi ilə sıx əməkdaşlıq Azərbaycanın da marpaqlarına cavab verir.
Burada daha bir maraqlı məqam isə yəhudi lobbisinin bundan sonra ABŞ-da mövqelərinin daha güclü hala gəlməsidir. Xatırladaq ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın komandasında müəyyən sayda yəhudi əsilli şəxslər də yer alır. Digər tərəfdən onun kürəkəni Cared Kuşnerin hələ də yeni hökumətdə yüksək post tuta biləcəyinə dair fikirlər səslənir. Amerika mediasının yazdığına görə, yeni prezident kürəkənini Ağ Evdə müşavir təyin etmək istəyir. 35 yaşlı yəhudi əsilli iş adamı Cared Kuşner Trapmın seçki kampaniyasının əsas şəxslərindən biri olub. Hətta Donald Trampın seçki kampaniyasındakı əsas çıxışlarının mətnini belə Kuşnerin yazdığına dair iddialar var. Bütün bunların fonunda Kuşner Trampın seçki komandasında güclü və təsirli fiqur olub. Kuşnerin əsas üstünlüyü isə onun yəhudi olmasıdır. Çünki Donald Tramp, Yaxın Şərq prosesləri ilə maraqlanmamasına baxmayaraq, məhz kürəkəni sayəsində Amerika yəhudi lobbisinin dəstəyini alıb.
ABŞ Konqresində də yəhudi əsilli xeyli sayda şəxs var. Bütün bunlar fonunda yəhudi lobbisinin mövqeləri ABŞ-da getdikcə güclənir. İndi bu lobbi ilə Azərbaycan arasında əməkdaşlıq Ermənistanda xüsusi narahatlıq doğurur və bunun Qarabağ münaqişəsinə təsirindən geniş bəhs olunur. Məsələn, erməni ekspert Tavos Artakyan bildirir ki, Azərbaycanın İsraillə, yəhudi lobbisi ilə sıxlaşan münasibətləri Ermənistana müsbət heç nə vəd etmir. O, İsrail baş naziri Benyamin Netanyahunun Bakı səfərinə diqqət çəkərək, Azərbaycanın hər keçən gün gücləndiyini, Ermənistanın isə başının daxili problemlərinə qarışdığını qeyd edib: "Serj Sarkisyan hakimiyyətinin ömrünü uzatmaq üçün parlament seçkilərinə hazırlaşır. Görünür, onun üçün kənarda baş verənlər maraqlı deyil. Ermənistanın Xarici İşlər Nazirliyi də heç bir addım atmır. Azərbaycan isə Qarabağı qaytarmaq üçün bütün vasitələrlə hərəkətə keçib. Bu gün İsraillə sıx əməkdaşlıq gələcəkdə Bakının məhz bu istəyinin reallaşmasına təkan verə bilər. Artıq biz İsraildən alınan silahların "dadını" aprel müharibəsində gördük. Lakin Bakı bununla kifayətlənmir və 5 milyard dollarlıq silah müqaviləsi bağladığını açıq şəkildə dilə gətirir". Tavos Artakyan Sarkisyanı sərt tənqid edərək yazır: "Azərbaycanlılarla yəhudilər Qarabağı qaytarmaq üçün hərəkətə keçib, Sarkisyan isə yerinə sayır". O, erməni lobbisini ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa təzyiq etməyə çağırır: "Tramp İranla nüvə proqramını ləğv etməməlidir. Bunun üçün erməni lobbisi ona təzyiq etməlidir. Çünki İran hazırda Ermənistanın yeganə ümid yeridir. Ona qarşı sanksiyaların tətbiq olunması Ermənistan üçün də ağır nəticələrə səbəb ola bilər".
İsrailin "Cəmiyyət üçün beynəlxalq layihələr" qeyri-hökumət təşkilatının başçısı, beynəlxalq münasibətlər sahəsində tanınmış ekspert Arye Qut isə erməni tərəfinin narahatlığını əbəs saymır. O, yəhudi lobbisi, İsrailin bundan sonra da Azərbaycanla sıx əməkdaşlıq edəcəyini vurğulayır: "Azərbaycan-İsrail əlaqələri heç vaxt üçüncü ölkəyə qarşı yönəlməyib. İkitərəfli münasibətlərin başında çox yaxşı siyasi dialoq dayanır. Həmçinin, güclü iqtisadi əlaqələr mövcuddur. Eyni zamanda iki ölkə arasında hərbi əməkdaşlığın inkişafı da yüksək qiymətləndirilməlidir. İranla bağlı isə hər şey aydındır. Misal üçün, Netanyahunun Azərbaycana səfərindən sonra İran prezidenti Ermənistana səfər edəcək. Bunun özü Azərbaycanın dostunun kim olduğunu sübut edir. Donald Trampın prezident seçilməsinə gəlincə, deyə bilərəm ki, bu həm İsrail, həm də Azərbaycan üçün önəmlidir. Çünki bu günə qədər ABŞ administrasiyası nə Yaxın Şərqdə, nə də Cənubi Qafqazdakı hadisələri düzgün qiymətləndirirdi. Tramp İsrail dövlətinin və yəhudi xalqının böyük dostudur. Bunu hər zaman söyləyir. İnanıram ki, Tramp İsrail-Azərbaycan münasibətlərinin inkişafında da böyük rol oynayacaq. Eyni zamanda qeyd edim ki, ABŞ-da güclü yəhudi lobbisi fəaliyyət göstərir. Son dövrlər Azərbaycanla yəhudi diasporunun sıx əməkdaşlığı mövcuddur. Bu ilin 12 sentyabr tarixində Ümumdünya Yəhudi Konqresinin prezidenti Ronald Lauder Bakıya səfər etmişdi. Azərbaycan Prezidenti ilə yüksək səviyyəli görüşlər oldu. Netanyahunun səfərindən sonra da bu əlaqələr inkişaf edəcək". Bütün bunlar isə Azərbaycana qarşıdakı dövrdə yeni üstünlüklər vəd edir. Aydındır ki, baş verənlər Qarabağ münaqişəsi baxımından da Azərbaycanın maraqları çərçivəsində hadisələrin gedişinə təsir edəcək.
Tahir TAĞIYEV