Ukrayna hökumətinin Rusiyanın "Qazprom" şirkətinə qarşı iddia qaldırması və məhkəmənin bu kompaniyanı 1,5 milyard dollar həcmində cərimələməsi Moskva və Kiyev arasında yeni qalmaqala səbəb olub.
Məhz bu fonda qış aylarında Rusiyanın Ukrayna ərazisindən qaz ixracını yenidən məhdudlaşdırması istisna olunmur. Çünki Moskva Ukraynanın iddialarını əsassız sayır və həmçinin, cəriməyə görə nə qaz, nə də nağd pul şəklində Ukraynaya heç bir ödənişin olmayacağı vurğulanır. Belə vəziyyət isə Avropada narahatlıq yaradır. Çünki Avropa hələ də Rusiya qazından əhəmiyyətli dərəcədə asılıdır.
Digər tərəfdən o da məlumdur ki, "Qazprom"un 2017-ci ildə avropalı istehlakçılar üçün satacağı qazın qiyməti əvvəlki illərdən baha olacaq. "Qazprom"un rəhbəri Aleksey Miller də bunu təsdiq edib. Amma Avropaya satılacaq qazın yeni qiymətinin nə qədər olacağı açıqlanmayıb. Qeyd edək ki, bundan öncə "Qazprom" rəhbəri Avropa ölkələri üçün satılacaq qazın qiymətinin 10% qaldırılmasının lazım olduğunu bildirmişdi. Hələlik isə Rusiya Avropanın əsas qaz təchizatçısıdır. Avropa Birliyi indiyə qədər Rusiyadan qaz asılılığını azalda bilməyib. Lakin Azərbaycanla rellaşan müqavilələr hesabına Avropada bu vəziyyətin dəyişəcəyinə ümidlər artır. Bu səbəbdən Azərbaycandan Avropaya uzanan qaz kəmərlərinin inşasının mümkün qədər tez həyata keçməsi vacib sayılır. Hazırda "Cənub Qaz Dəhlizi" layihəsi çərçivəsində TANAP və TAP kəmələrinin inşası uğurla davam etdirilir. Belə ki, TANAP layihəsi üzrə işlərin 55 faizi görülüb. TANAP-ın baş direktoru Saltuk Düzyol bildirib ki, TANAP-ın inşası çərçivəsində 1200 kilometr boruların qaynağı tamamlanıb. Türkiyənin təbii qazı qəbul edəcəyi Əskişəhərdə 56 düymlük borulardan istifadə olunur. Boru kəmərinin Əskişəhərdən Yunanıstan sərhədinə qədər olan hissəsi 48 düymlük borulardan inşa ediləcək. TANAP-ın 19 kilometrlik Çanaqqala boğazı hissəsi 36 düymlük iki paralel boru kəmərindən ibarət olacaq. Boru kəmərinin tikinti işləri çərçivəsində sahələrdə təxminən 10 min işçi çalışır: "Türkiyəyə nəql ediləcək ümumilikdə 6 milyard kubmetrlik qazın 2018-ci il iyunun sonunda ilkin mərhələdə 2 milyard kubmetri qəbul olunacaq. Həmin həcm sonrakı il 4 milyard kubmetrə, daha sonrakı il isə 6 milyard kubmetrə çatacaq". O, həmçinin bildirib ki, 11,7 milyard dollar ilkin dəyəri olan TANAP layihəsinin tələb olunan kapital xərcləri hazırda 8,5 milyard dollara düşüb.
Qeyd edək ki, Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz-2" yatağından çıxarılan qazı Türkiyəyə və bu ölkədən Avropaya nəql edəcək TANAP "Cənub Qaz Dəhlizi"nin tərkib hissəsi olan bir layihədir. TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə TAP qaz boru kəmərinə birləşəcək. Uzunluğu 1810 kilometr olan TANAP-ın Əskişəhərə qədər olan hissəsinin 2018-ci ilin ortasında istismara verilməsi nəzərdə tutulur. Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması imkanı var. TAP-ın inşası istiqamətində də işlər intensivləşib. Avropa ölkələri bu layihələrə indi daha çox dəstək verir. Eyni mövqeni ABŞ da nümayiş etdirir. ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokstayn bununla bağlı bildirir: "ABŞ "Cənub Qaz Dəhlizi" layihəsinin reallaşması istiqamətində səylərini davam etdirəcək. Bu, Azərbaycan üçün vacibdir, eyni zamanda Avropada enerji təhlükəsizliyini və siyasi təhlükəsizliyi, eləcə də şaxələndirməni təmin edən layihələrdən biridir. Biz bundan əvvəl Bakı-Tiflis-Ceyhan layihəsini dəstəklədiyimiz, layihənin əhəmiyyətini anladığımız kimi, "Cənub Qaz Dəhlizi" layihəsinin reallaşdırılmasını da dəstəkləməkdə davam edəcəyik".
Energetika naziri Natiq Əliyev də Azərbaycan üçün "Cənub Qaz Dəhlizi" layihəsinin prioritet olduğunu vurğulayıb: "Azərbaycanın dövlət siyasətinin başlıca məqsədi və hökumətin əsas vəzifəsi ondan ibarətdir ki, layihə vaxtında və yüksək keyfiyyətlə həyata keçirilsin. Bu böyük bir layihədir və onun həyata keçirilməsi beynəlxalq dəstəyin tam təmin olunması şəraitində mümkündür". Bütün bunlar tezliklə Avropanın qaz bazarında Azərbaycanın mühüm yerə sahib olacağını göstərir. Əvəzində isə Avropa Rusiyadan qaz asılılığını azaltmağa xüsusi diqqət yetirir. Hətta bu fonda Rusiya qazını Baltik dənizi vasitəsilə Avropa Birliyi ölkələrinə çatdıracaq "Şimal axını-2" boru kəməri layihəsinin icrası çətinliklə üzləşib. Belə ki, İsveçin Qotland bölgəsinin müvafiq orqanları və Karlshamn bələdiyyəsi, təhlükəsizlik məsələlərini əsas gətirərək, Alite və Karlshamn limanların istifadəsilə bağlı razılaşmadan imtina etmək qərarına gəlib. Bu limanların layihə üzrə boruların saxlanması üçün istifadəsi nəzərdə tutulurdu.
Layihənin idarəetməsini həyata keçirən İsveçin "Nord Stream 2" şirkəti bildirib ki, hər iki liman layihə üzrə kommersiya maraqlarını bildirib. Buna baxmayaraq, yerli nümayəndələr bu həftə məsələnin müzakirəsi ilə bağlı Xarici İşlər və Müdafiə nazirliklərində görüş keçirib. Görüşdən sonra isə onlar öz mövqelərini dəyişib. Şirkətdən bildirilib ki, qərar qəbul olunarsa, layihə üzrə boruların təchizatını həyata keçirən "Wasco Coatings GmbH." şirkəti limanların istifadəsilə bağlı müqavilə imzalamaq imkanından məhrum olacaq. Elə bu da "Şimal axını-2" boru kəmərinin çəkilişini sual altında qoyur.
Tahir TAĞIYEV