Aydın Mirzəzadə: "Hər iki tərəfin bir-birinə müxtəlif ehtiyacları var"
"2016-cı il Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir". Bunu jurnalistlərə açıqlamasında Avropa İttifaqının (Aİ) Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard deyib.
Xanım M.Mard bildirib ki, məhz bu il Azərbaycanla Aİ arasında əməkdaşlığın yeni hüquqi müstəvidə qurulması qərara alınıb: "Çünki hazırkı hüquq müstəvisi 1996-cı ildə yaradılıb və daha dərin, daha səmərəli əməkdaşlığı təmin etmək üçün bizə yeni hüquq müstəvisini formalaşdırmaq lazımdır. Biz gələn ilin əvvəlindən bu istiqamətdə danışıqlara başlamağa ümid edirik".
O vurğulayıb ki, çox nadir hallarda Aİ-dən hansısa bir ölkəyə eyni vaxtda iki yüksək rütbəli rəsmi şəxs səfər edir: "Ancaq cari ilin fevralında Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini və Avropa Komissiyasının viste-prezidenti Maroş Şevçoviç Azərbaycana səfər edib. Bundan əlavə, sentyabrda Avropa Parlamentinin nümayəndə heyəti Azərbaycana gəlib və Azərbaycan "AvroNest" çərçivəsində əməkdaşlığa davam etməyi qərara alıb".
M.Mard əlavə edib ki, bu il Aİ ilə Azərbaycan arasında dörd alt komitədən üçü üzrə iclaslar keçirilib: "Bu da 2016-cı ilin olduqca əhəmiyyəti olduğuna dəlalət edir. 2017-ci ilə də böyük ümidlər bəsləyirəm. Hesab edirəm ki, 2017-ci ildə çoxsaylı səfərlər olacaq, çünki Azərbaycanla səmərəli idarəçilik, iqtisadiyyat, enerji və digər məsələlərin müzakirəsinə böyük önəm veririk".
M.Mardın açıqlamaları onu göstərir ki, Aİ 2017-ci ildə Azərbaycanla münasibətlərin tam fərqli bir mərhələdə olmasına çox cəhd edir və bunu umur.
Sözügedən məsələ ilə bağlı fikirlərini "Bakı-Xəbər"lə bölüşən millət vəkili Aydın Mirzəzadənin sözlərinə görə, Aİ dünyanın böyük iqtisadi, siyasi mərkəzlərindən biridir: "Aİ, bir qayda olaraq, digər regionlarda yerləşən və özünün inkişafı ilə diqqəti cəlb edən ölkələrlə sıx əlaqələr qurmağa çalışır. Azərbaycan bu gün Cənubi Qafqazın lider dövlətidir və müstəqil daxili və xarici siyasət yeridir. Eyni zamanda, beynəlxalq birlikdə kifayət qədər nüfuz qazanan bir ölkədir. Bu baxımdan Avropa Azərbaycanla sıx əlaqələr qurmaqla, regionla, Asiya ilə sıx əlaqələr qurmuş olur. Aİ-nin Azərbaycanla əlaqələri ildən-ilə artmaqdadır. Müxtəlif sahələr üzrə bu münasibətlər daim dərinləşir. Aydın məsələdir ki, Aİ-nin qarşılıqlı münasibətləri dərinləşdirmək üçün xeyli planı var. Hər iki tərəfin bir-birinə müxtəlif ehtiyacları var. Həmin ehtiyac qarşılıqlı surətdədir. Ona görə də hər iki tərəf yeni layihələr üzərində işləməyə, əlaqələri gücləndirməyə, qarşılıqlı münasibətlərə mane olan faktorları aradan qaldırmağa çalışır. Bu məsələlərdən biri də vizasız rejimin yaradılması ilə bağlı razılığın əldə olunması istəyidir. Bu yaxınlarda Ukrayna və Gürcüstan Avropa ilə vizasız gediş-gəlişlə bağlı razılıq imzaladı. Hesab edirəm ki, növbəti belə ölkə Azərbaycan ola bilər. Həmçinin, investisiyaların təşviq edilməsi, humanitar sahədə əlaqələrin gücləndirilməsi, bank-maliyyə sektorunda, ekologiyanın qorunmasında, beynəlxalq aləmdə terrora qarşı mübarizədə də əməkdaşlıq üçün kifayət qədər potensial var". Vidadi ORDAHALLI