Rufiz Qonaqov: "İsrail Azərbaycandan başqa digər müsəlman dövlətlərilə də münasibətlər qurub"
İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana etdiyi səfərə İran anlaşılmaz tərzdə reaksiya verib. Səfər ərəfəsində İranın şimal-qərbindəki Ərdəbil əyalətində etiraz aksiyası keçirilib. İranın ali dini rəhbərinin bölgədəki nümayəndəsi ayətullah Həsən Ameli İsrail baş nazirinin səfərini Azərbaycan xalqı üçün "alçaltma və rüsvayçılıq" adlandırıb.
İran Məclisi spikerinin xüsusi müşaviri Hüseyn Əmiri Abdüllahiyan isə deyib ki, səfərə regionda yeni konspirasiya kimi yanaşmaq lazımdır: "Qüdsü işğal edən sionist rejimin rəsmilərinin Netanyahunun cari həftədə Bakıya səfəri barədə yaydığı xəbər bölgədə yeni bir fitnənin başlanğıcı deməkdir. Netanyahunun Bakıya səfəri ərəfəsində müdaxiləçi bəyanatı, təhrikçi olmaqla yanaşı, həm də Qafqaz və Orta Asiya regionunda fitnə atəşini alovlandırmaq niyyəti daşıyır.
Məzlum Fələstin xalqını və müsəlmanların ilk qibləsi sayılan Qüdsü müdafiə etmək, bütün dövlətlərin, o cümlədən də müsəlman millətlərin borcudur. Tehran isə sionist rejiminin ambisiya xarakterli əməlləri qarşısında Fələstin xalqını və onun müqavimətini dəstəkləyir".
Bakıda bu bəyanatlara rəsmi reaksiya verilməyib. Lakin Azərbaycan parlamentinin üzvləri, bəzi müstəqil siyasətçilər İranın məlum mövqeyinə sərt formada etiraz edib.
Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, BMAM sədri Rufiz Qonaqovun sözlərinə görə, İsrailin baş nazirinin Bakı səfərindən bəzi qüvvələrin narahat olması üçün heç bir əsas yoxdur: "Əvvəla İsrail Azərbaycandan başqa digər müsəlman dövlətlərilə də münasibətlər qurub. Məsələn, Fələstinlə bir çox ortaq dəyərləri bölüşən İordaniya ilə İsrailin münasibətləri həmişə yüksək səviyyədə olub. İsrailin özündə kifayət qədər müsəlman yaşayır, parlamentdə, dövlət qurumlarında təmsil olunur. Netanyahu Bakıdan sonra Astanaya səfər edib. Qazaxıstan da müsəlman ölkəsidir. Bizim İsraillə münasibətlərimizi kəsmək üçün heç bir ciddi əsasımız yoxdur. Bizim Fələstinlə də münasibətlərimiz yaxşıdır. Fələstin administrasiyası ilə hələ 1992-ci ildə diplomatik əlaqələr qurmuşuq. BMT və digər beynəlxalq təşkilatlarda, mötəbər tədbirlərdə Fələstinə daim dəstək vermişik. Bu gün Bakıda Fələstin səfirliyi fəaliyyət göstərir. 2011-ci ildə Fələstin prezidenti Mahmud Abbas Azərbaycanın dəvəti ilə Bakıya səfər edib. Azərbaycan Fələstin məsələsini BMT TŞ-nın qeyri-daimi üzvü olarkən özünün prioritetləri sırasına daxil edib. Azərbaycan rəsmi səviyyədə Yaxın Şərq münaqişəsinin iki dövlət prinsipi əsasında həllinin tərəfdarı olduğunu və paytaxtı Şərqi Qüds şəhəri olan müstəqil Fələstin dövlətinin yaradılmasında tam dəstəyini bəyan edib. Müəyyən dövrlərdə Fələstinə maliyyə və humanitar yardımlar da etmişik. Yəni Azərbaycan-İsrail əlaqələri Fələstinə və ya digər dövlətə qarşı yönəlməyib. Azərbaycan-İsrail münasibətlərinin yaxşı olması imkan verir ki, biz daim Fələstin məsələsini qaldıraq, problemin həllində yardımçı olaq.
Bizi İsraillə münasibət qurmaqda qınayanlar Ermənistanla sıx əməkdaşlıq edir. Biz hər dəfə buna etirazımızı bildirmişik. Amma nəticəsi olmayıb".
Məhəmmədəli QƏRİBLİ