İsrailin baş naziri Benyamin Netanyahunun Bakıya səfərindən sonra Azərbaycanın bu ölkə ilə münasibətlərinin hansı səpkidə inkişaf edəcəyi beynəlxalq aləmdə də diqqətlə izlənir. Artıq bəllidir ki, səfərdən sonra iki ölkə arasında münasibətlər daha dinamik xarakter alacaq və yeni sferaları da əhatə edəcək.
Bundan başqa, tərəflərin hərbi müstəvidə əməkdaşlığını daha da dərinləşdirməsi gözlənir. Məsələnin bu tərəfindən daha çox narahatlıq duyan isə Ermənistandır. İndi erməniləri qorxuya salan başlıca məqam Azərbaycanın İsraildən yeni hərbi texnika alışını həyata keçirə biləcəyi ilə əlaqədardır. İsrailli ekspertlər isə Ermənistanın bu təlaşını heç də əbəs saymır.
İsrailin Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunun eksperti Qalliya Lindenştrauss da vurğulayır ki, Benyamin Netanyahunun Bakıya səfəri İsrailin Azərbaycana verdiyi önəmin təsdiqi olub. Ekspert mətbuata açıqlamasında İsrail baş nazirinin Bakıya səfərinin iki vacib məqamını qeyd edib: "Birincisi, Azərbaycanın İsraildən 5 milyard dollar məbləğində hərbi silahlar almasıdır. Oxşar rəqəmlər artıq mətbuatda yazılmışdı, amma dövlət başçısının bu rəqəmi açıqlaması ciddi məsələdir. İkincisi, Netanyahu Avropaya qaz ixracı baxımından dövlətlər arasında mümkün əməkdaşlıq barədə danışıb. Bu bəyanat öz-özlüyündə vacibdir, çünki Ankara və Təl-Əviv arasında münasibətlərin normallaşması prosesi ilə bağlıdır". Netanyahunun səfərinə görə Ermənistanın narahatlığından danışan Lindenştrauss bildirib ki, bu narahatlıq əbəs yerə deyil, çünki Azərbaycanın hərbi cəhətdən güclənməsi Dağlıq Qarabağ münaqişəsi və bu il baş verən "dördgünlük müharibə" ilə əlaqədardır: "Eyni zamanda, Azərbaycan və İsrail əlaqələrini inkişaf etdirməyə başladığı andan bəri İranın narahatlığı artır. Bu baxımdan Netanyahunun səfəri heç bir dəyişiklik barədə siqnal deyil, daha çox regionda mövcud siyasətin davamıdır".
Beləliklə, Netanyahunun Bakıya səfəri bir çox parametrlər baxımından böyük əhəmiyyət kəsb edir. İndi gözlənir ki, Azərbaycan İsraildən yeni hərbi texnikların idxalını həyata keçirsin. Qeyd edək ki, bundan əvvəl Bakının yəhudi dövlətindən "Spyder" zenit-raket komplekslərini almaq niyyətində olması barədə məlumatlar yayılmışdı. "Spyder" istənilən hava şəraitində istifadə oluna bilən mobil zenit-raket kompleksləridir. Bu komplekslər qırıcı təyyarələri, bombardmançıları, qanadlı raketləri və digər hava hədəflərini yaxın radiusdan aşkar edib zərərsizləşdirə bilir. Komplekslərdən strateji obyektlərin mühafizəsi, məsələn, Hərbi Hava Qüvvələrinin və Hərbi Dəniz Qüvvələrinin bazalarını mühafizə etmək üçün istifadə etmək mümkündür.
Kompleksə təkərli şassi üzərində qurulmuş raketburaxma qurğusu, nəqliyyat-alışdırma maşını, komanda məntəqəsi, həmçinin eyni vaxtda 60 hədəfi 30 kilometrdən aşkar edib izləyən radar daxildir. Hər raketburaxma qurğusunda dörd "Pyton-5" və ya "Derby" raketləri olur. Bu raketlər hədəfi 9 kilometr hündürlükdə və 20 kilometr məsafədə vura bilir.
Bundan əvvəl Təl-Əviv bəyan etmişdi ki, İsrail Azərbaycana silah satışını artırmağa hazırlaşır. Hazırda İsrail silah ixracına görə dünyada ABŞ və Rusiyadan sonra üçüncüdür. Son 4 ildə İsrail hərbi sənayesi 20,3 milyard dollarlıq silah ixrac edib. Azərbaycan isə təkcə ötən il İsraildən 1,6 milyard dollarlıq silah almışdı. Bu sövdələşməyə "Heron-450" pilotsuz kəşfiyyat təyyarələri, gəmilərə qarşı "Gabriel" raketləri, "Green Pine" radar kompleksləri və raketlər daxildir.
Azərbaycanın İsraillə hərbi-texniki əməkdaşlığı təkcə Ermənistanda yox, Rusiya və İranda da narahatlıqla izlənir. Amma daha çox qorxan tərəf Ermənistandır. Belə görünür, Azərbaycan-İsrial əməkdaşlığı bundan sonra da erməni tərəfini qorxuya salmaqda davam edəcək.
Nahid SALAYEV