Arzu Nağıyev: "Açıqlanan rəqəmlər eyni zamanda Ermənistana yönəlik bir mesaj xarakteri daşımalıdır"
Azərbaycan Prezidenti İlham Əliyev İsrail baş naziri Benyamin Netanyahu ilə sənədlərin imzalanması mərasimindən sonra birgə mətbuat konfransında deyib ki, iki ölkə arasında ticarət dövriyyəsi yaxşı səviyyədə olsa da, bu, əsasən Azərbaycandan İsrailə neft ixracına görədir: "Biz bunu şaxələndirmək və artırmaq üçün işləməliyik".
Prezident ikitərəfli əlaqələri, regional inkişafla bağlı çox geniş spektrli məsələləri müzakirə etdiklərini söyləyib:
"Biz, həmçinin, müdafiə sənayesi sahəsində fəal əməkdaşlıq edirik və bu əməkdaşlıq artıq bir neçə ildir davam edir. Bu əməkdaşlığın nə dərəcədə geniş olduğunu göstərmək üçün bir rəqəmi diqqətinizə çatdıracağam. İndiyədək Azərbaycan və İsrail şirkətləri tərəfindən müdafiə avadanlığının alınması ilə bağlı imzalanmış müqavilələrin dəyəri 5 milyard dollara yaxındır, daha dəqiq desək, 4 milyard 850 milyon dollardır. Bu müqavilələrin çox böyük hissəsi artıq həyata keçirilib. Biz hələ də bunun üzərində işləyirik və bu əməkdaşlığın səviyyəsindən çox razıyıq. Bizim münasibətlərimiz çox geniş, şaxələnmiş münasibətlərdir, bir çox sahələri əhatə edir. Mən onlardan bəzilərini qeyd etdim. Əminəm ki, cənab baş nazirin səfəri bizə yeni əməkdaşlıq sahələrini müəyyən etməyə imkan verəcək. Biz çox yaxın dostluq münasibətləri qurmuşuq və baş nazirin səfəri bunun yaxşı göstəricisidir. Ümidvaram ki, növbəti səfəriniz 20 ildən tez baş tutacaq".
Göründüyü kimi, İlham Əliyev İsraildən silah alışı ilə bağlı konkret rəqəmlər səsləndirib. Adətən belə konkret rəqəmlərin açıqlanması nadir hallarda olur. Bu amil eyni zamanda Ermənistana verilən mesaj sayıla bilərmi?
Təhlükəsizlik məsələləri üzrə ekspert Arzu Nağıyevin sözlərinə görə, İsrail baş nazirinin Azərbaycana gəlişi müsbət hal kimi qiymətləndirilməlidir: "Son vaxtlar İsraillə Azərbaycan arasında münasibətlər müsbət məcrada inkişaf edir. Bildiyiniz kimi, əsas məqamlardan biri də hərbi məsələlərdir. İqtisadi və digər istiqamətlərdə də əməkdaşlıq davam edir. İsraillə Azərbaycan arasında silah-sursat müqaviləsi beş milyarda qədərdir. Aprel döyüşlərində də İsrail silahlarından istifadə olunub. Həm İsrail silahlarının reklamı getdi, həm də gücümüzü ermənilər gördülər. Təbiidir ki, ərazisi işğal altında olan ölkə kimi bizim istənilən ölkədən silah almaq haqqımız var. Ölkə başçısının açıqladığı rəqəmdən də görünür ki, İsraillə bu sahədəki əməkdaşlıq daha sıxdır. Ermənistan Rusiyanın ona bağışladığı köhnə növ silahları fəxrlə nümayiş etdirirsə, biz niyə bunu etməyək?
Hesab edirəm ki, açıqlanan rəqəmlər eyni zamanda Ermənistana yönəlik bir mesaj xarakteri daşımalıdır".
Məhəmmədəli QƏRİBLİ