Qafqazda geosiyasi marağı olan ölkələr üçün bu gün əsas məqamlardan biri də Azərbaycanla münasibətlərin inkişaf etdirilməsidir. Çünki regionda əsas aparıcı ölkə olan Azərbaycan buradakı proseslərin inkişaf axarının müəyyən edilməsində də vacib rol oynayır.
Bu mənada regionda əhəmiyyətli mövqe sahibi olmaq xeyli dərəcədə Azərbaycanla əməkdaşlıqdan asılıdır. Azərbaycanla uğurlu əməkdaşlığın Qarabağ münaqişəsinin həllindən də xeyli dərəcədə asılı olması isə geosiyasi güc sahiblərinə də bəlli faktdır. Elə erməni tərəfini bu amil getdikcə daha çox narahat edir. Məsələn, indi Ermənistanda daha çox ondan ehtiyat edirlər ki, Bakı ilə mövqeyini yaxşılaşdırmaq istəyən Moskva Qarabağ konfliktini Azərbaycanın maraqları çərçivəsində həll etməyə daha çox maraq göstərəcək. Bununla bağlı "armenianreport" saytı yazır: "Kreml Azərbaycanı Avrasiya İqtisadi İttifaqına daxil etmək istəyir. Bakı bununla bağlı müzakirələr aparmağa qarşı çıxmır, lakin ən azından Qarabağ ətrafındakı rayonların qaytarılmasını şərt olaraq irəli sürür. Bunun üçün də Rusiya Serj Sarkisyana təzyiq edir". Sayt Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda durğunluğa diqqət çəkərək, əslində Rusiyanın planlarının əvvəlki kimi qaldığını qeyd edib: "Rusiya Ermənistanı rayonları qaytarmağa məcbur edir. Aprel müharibəsinin səbəblərindən biri də bu idi. Kremldə və Rusiya Müdafiə Nazirliyində axmaqlar oturmayıb, onlar Azərbaycan ordusunun həqiqi gücünü bilir".
Sayt iddia edir ki, Serj Sarkisyan da Rusiyanın Qarabağ planına ortaqdır: "O, məcburi və qorxaqcasına Rusiyanın dediklərini edir". İddiaya görə, Rusiya münaqişəni həll etmək üçün ictimai müstəvidə addımlar atmağa hazırlaşır: "Artıq rusiyalı politoloqlar "Azərbaycan və Ermənistan arasında sülh platformaları" yaratmaq haqqında danışırlar. Bu, ermənilərin dirənişini qırmağa hesablanıb". Aydındır ki, Ermənistan işğal altındakı əraziləri qaytarmasa, bu, müharibəyə səbəb olacaq. Elə ABŞ-ı nüfuzlu Xarici Əlaqələr Şurası da bu fonda gələn il Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatların yenidən başlayacağını proqnozlaşdırır. Şuranın analitikləri gələn il üçün mümkün hərbi risqlər və bunun ABŞ-a mümkün təsirləri barədə hesabatında yazır: "Vasitəçilik səylərinin tamamilə iflasa uğraması, silahlanma yarışı və atəşkəsin tez-tez pozulması şəraitində Dağlıq Qarabağda hərbi əməliyyatların yenidən başlanması risqi daim artır". Amerikalı analitiklərə görə, effektiv vasitəçilik səyləri göstərilməsə, atəşkəsin pozulması və yeni impuls qazanan gərginlik Qarabağ münaqişəsini yenidən alovlandıracaq. Nəticədə Cənubi Qafqazda stabillik təhdid altında qalacaq: "Bu, həmçinin, ABŞ-ın iqtisadi maraqlarına və dünya neft bazarlarına da təsir göstərə bilər".
Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) direktoru Lionel Zetter isə hesab edir ki, yeni müharibə Ermənistan üçün daha dağıdıcı olacaq. O xatırladır ki, Ermənistan həm suveren qonşu ölkənin ərazisini işğal etməkdə, həm də bütün etnik azərbaycanlı əhalini qorxutmaq üçün mülki şəxslərə qarşı qırğın törətməkdə günahkardır: "Sülh danışıqlarının hazırkı mərhələsi faktiki olaraq müəyyən real irəliləyişə gətirib çıxara bilər. ATƏT-in Minsk Qrupu "Madrid prinsipləri" kimi tanınan sənəd hazırlayıb. Onun dəqiq detalları məlum deyil. Buna rəğmən, həmin prinsiplərə Dağlıq Qarabağın uzunmüddətli gələcəyi haqqında əsaslı danışıqlar aparıldığı müddətdə işğal edilmiş yeddi ətraf rayonun mərhələlərlə qaytarılması nəzərdə tutulur. Son dəfə bu təkliflər müzakirə edildikdə Azərbaycan onları qəbul edib, Ermənistan isə yox. Lakin sual edilməlidir - Azərbaycan nə qədər gözləməlidir? Torpaq və canları qəsb etmiş oğrunun həqiqətən də mükafatlandırılacağı nəzərdə tutulur? Qəsb olunmuş mülkiyyət necə geri qaytarılacaq? Son eskalasiyadan öyrənilən dərs odur ki, bu iki ölkənin həssas mövqedə yerləşdiyi nəzərə alınarsa, cari status-kvo yalnız regional deyil, hətta qlobal sülh üçün böyük təhlükədir. Buna görə, beynəlxalq ictimaiyyət tərəfindən daha güclü iradə olmalıdır və ATƏT-in Minsk Qrupu bütün Qafqaz regionunda sülh naminə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsi üçün təcavüzkara daha güclü təzyiq göstərilməlidir.
Bu dəfə ermənilərin seçimi olmaya bilər. Ermənistanın iqtisadiyyatı böhran vəziyyətindədir və gənc, ambisiyalı ermənilər Rusiya və Avropaya mühacirət etdikcə əhali sayında azalmalar yaranır. Onilliklərlə Ermənistan hərbi cəhətdən Rusiyaya arxalanıb, hazırda onun iqtisadiyyatı və insfrastrukturu da tamamilə asılı vəziyyətdədir. Bu, "Böyük Ermənistan" xülyasına qurbanlar verməkdən yorulmuş Ermənistan əhalisi arasında getdikcə artan narazılığa səbəb olur. "Böyük Ermənistan" xülyası və Ermənistanın aqressiyası olmasaydı, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən boru kəmərlərindən faydalana bilərdi".
Tahir TAĞIYEV