Rusiya ilə İran arasında Suriyanın Hələb şəhərində atəşkəslə bağlı anlaşılmazlıq yaşandığı iddia edilir. Baki-xeber.com “Yeni Şafak” qəzetinə istinadən xəbər verir ki, Rusiya və İran arasında Hələbdəki atəşkəslə bağlı anlaşılmazlıqlar yaranıb və atəşkəs də məhz buna görə tez-tez pozulur.
“Əl-Cəzirə” də Rusiya və İran arasında anlaşılmazlıq yaşadığını iddia edir. İddiaya görə, Rusiya, Hələbdə atəşkəs yenə pozulacağı və ya insanları bölgədən çıxaran avtomobil karvanına atəş açılacağı halda Əsəd rejimi və İran dəstəkli silahlılara qarşılıq verəcəyilə təhdid edib.
Qeyd edək ki, dünən “Reuters” adını açıqlamadığı bir BMT rəsmisinə istinadən Hələbdə Türkiyə və Rusiyanın liderliyində reallaşan atəşkəs razılaşmasını İran tərəfinin qəbul etmədiyinə dair xəbər yayıb. Bununla İranla Rusiya arasında Suriyada ilk dəfə fikir ayrılığı olduğu ortaya çıxdı. Belə ki, İran atəşkəs üçün yeni şərtlər irəli sürüb. Məlumata görə, İran, İdlibdə müxaliflərin mühasirəsindəki şiə qəsəbəsi Fua və Kefreyyada olan sakinlərin, Hələbdəki insanlarla eyni vaxtda bölgədən çıxarılmasını istəyir.
Tərəflər arasında anlaşılmazlıqdan sonra Hələbdə qızğın döyüşlər yenidən başlayıb və atəşkəs tamamilə pozulub. Türkiyə mətbuatı yazır ki, iranlı general Cavadın əmrindəki şiə silahlılar Hələbdə mühasirədə olan bölgədə yerüstü əməliyyata başlayıb. Şərqi Hələbdə şiələrin hücumunu Hizbullah, Əfqanıstanlı Fatimiyun Briqadası və İraqlı Nüceba Hərəkatı Briqadası da dəstəkləyir.
Hava hücumları da yenidən başlayıb. Şəhərdəki yaralıları dağıntılardan xilas edənlər xüsusi qrup, bombardmanda çox sayda adamın öldüyünü bildirib. Onlar, ordu bölgəyə girəcəyi halda hər kəsin edam ediləcəyini bildirib.
İranın atəşkəs razılaşmasını heçə saydığını deyən müxaliflər, bəzi bölgələrdə rejim qüvvələrinin irəliləməyə çalışdığını bildirib: “İran əsgərləri əməliyyatları bərpa edərək Rusiyanın əldə etdiyi razılaşmanı heçə saydı".
O da bildirlir ki, dünən gecə Hələbdən ayrılmağı bacaran təxminən min nəfər İran silahlıları tərəfindən İdlib yolunda saxlanılıb.
Ancaq gecə saatlarında atəşkəs yenidən bərpa edilib, yaralılar və müxaliflərin bölgədən çıxarılmasına başlanıb. Rusiya 5 min müxalif və ailələrinin bölgədən çıxarılmasına başlandığını bəyan edib. İranın şərtləri arasında yer alan İdlibdə müxaliflər tərəfindən mühasirədə saxlanan iki şiə kəndi - Fua və Kefreyyadan da insanların çıxarılmasına başlanıb.
Son bir ayda mühasirə altındakı şəhərin şərqində 1000-dən çox insan öldürülüb.