"Nə ABŞ, nə də digər dövlətlər düşünür ki, Rusiya enerji təhlükəsizliyinin bir hissəsi ola bilməz"
“Neftin ucuzlaşması bizim bazara müdaxiləmiz nəticəsində baş vermir”
“Azərbaycan Prezidenti ilə Avropa və ABŞ-dakı siyasi dəyişiklikləri müzakirə etdik”. APA-nın xəbərinə görə, bu sözləri ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi Amos Hokştayn Bakıda keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, ABŞ Cənub Qaz Dəhlizi layihəsinin reallaşmasına bağlılığını ifadə edir: “ABŞ Cənub Qaz Dəhlizinin reallaşması istiqamətində səylərini davam etdirəcək. Bu, Azərbaycan üçün vacibdir, eyni zamanda Avropada enerji və siyasi təhlükəsizliyi təmin edən layihələrdən biridir. ABŞ bu layihəni BTC qədər strateji layihə hesab edir və eyni əhəmiyyətə malik olduğunu düşünür".
İtaliyada TAP layihəsinin həyata keçirilməsində yaranan problemlə bağlı sualı cavablandıran qonaq qeyd edib ki, bu, ambisiyalı və bir çox ölkələri əhatə edən layihədir: “Ümumiyyətlə, belə çoxtərəfli layihələrin icrası zamanı müxtəlif mərhələlərdə yerli icmalar, siyasətçilər tərəfindən müəyyən çətinliklər yaradıla bilər. Biz İtaliyada belə bir problemlə üzləşdik. Əsas məsələ odur ki, birgə səylər və əməkdaşlıq şəraitində bu çətinlikləri aradan qaldıraq. Layihə tərəfdaşlarının iştirakı ilə konsorsium əsasında bu problemləri aşa bilərik”.
A. Hokştayn bəyan edib ki, Azərbaycan və ABŞ təkcə yaxın dost deyil, həm də strateji tərəfdaşlıq münasibətlərinə malikdir: "Bu münasibətlər bir çox sahələri əhatə edir".
"Xəzər ətrafında yaşayan ölkələr arasında müəyyən razılaşmalar ola bilər. Bu razılaşmalar əsasında neft və neft məhsullarının Avropaya çatdırılması mümkündür. Bu layihənin icrası qonşu ölkələrin razılaşmasından asılıdır". Bu sözləri A.Hokştayn "ABŞ Transxəzər layihəsini dəstəkləyə bilərmi" sualına cavab olaraq deyib.
"Bizim üçün prioritet mövcud layihələrdir", - deyə o bildirib.
“Türk axını”, “Şimal axını” və istənilən axından asılı olmayaraq, əsas məsələ odur ki, Avropada qaz təchizatı sahəsində diversifikasiya təmin olunsun. Müxtəlif mənbələr bu siyasəti təmin etməlidir”. Bu sözləri də ABŞ rəsmisi deyib.
“Əsas odur ki, istənilən boru xətti dövlətlərin müstəqilliyinə təhdid və ya siyasi müstəvidə silah kimi istifadə olunmamalıdır. Bunlardan suverenliyə təsir mexanizmi kimi istifadə edilməməlidir. Bu məsələlər Avropa üçün əhəmiyyət daşıyır”, - deyə o, qeyd edib.
"Nə ABŞ, nə də digər dövlətlər düşünür ki, Rusiya enerji təhlükəsizliyinin bir hissəsi ola bilməz. Lakin istəmirik ki, təchizatçı ölkə bazara daxil olarkən bazar qaydalarını pozsun və monopolist siyasət həyata keçirsin" – deyə A.Hokştayn bildirib.
O bildirib ki, istənilən ölkə bazara daxil olarkən təchizatçını sərbəst seçməli, qiymət amili əsasında qərar verə bilməlidir. "Biz arzu edirik ki, Xəzər dənizinin ehtiyatları Avropa bazarına çıxa bilsin. Əminik ki, bu, baş verəcək", - deyə xüsusi elçi qeyd edib.
“Dünyanın əksər ölkələrindən fərqli olaraq, bizdə enerji sahəsində bir və ya beş şirkət deyil, 4000-ə yaxın şirkət fəaliyyət göstərir. ABŞ prezidenti və ya mən müraciət edib desək ki, qiymətlərin artması üçün hasilatı azaldın, o şirkətlər bizi dinləməyəcək”. Bunu da A.Hokştayn deyib.
A. Hokştayn bildirib ki, dünya enerji bazarında təklif artımı müşahidə olunur və qiymətlər aşağı düşür: “Lakin qiymətlərin aşağı düşməsi ABŞ-ın istəyi deyil və bizim bazara müdaxiləmiz nəticəsində baş vermir. Məhz OPEC qiymətlərin dəyişməsinə təsir edən qurumdur. Bu təşkilatın üzvləri bir araya gələrək qiymət artımını təmin etmək üçün hasilatı azaltmaq barədə qərara gəliblər”.