“Azərbaycandan Ukrayna və Gürcüstanın işğal olunmuş ərazilərinə edilən səfərləri birmənalı olaraq tanımırıq”. APA-nın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov GUAM Parlament Assambleyasının Bakıda keçirilən 9-cu sessiyasında bildirilib.
Nazir xatırladıb ki, GUAM-a üzv olan dövlətlərin ərazi bütövlüyünün pozulması ilə bağlı Azərbaycanın müvafiq bəyanatları mövcuddur: “Biz beynəlxalq hüququn tələblərinə uyğun olaraq ərazi bütövlüyü çərçivəsində ölkələrin sərhədlərini tanıyırıq. Bu istiqamətdə səylərimizi davam etdirəcəyik. Azərbaycan bu mövqeyi həm Gürcüstan, həm də Ukrayna ilə bağlı bəyan edib. Biz Azərbaycandan Ukrayna və Gürcüstanın işğal olunan ərazilərinə edilən heç bir səfəri tanımırıq. Hesab edirəm ki, bu prinsipə qarşılıqlı olaraq GUAM-ın üzvü olan 4 dövlət hər zaman əməl etməlidir. Biz bu məsələləri beynəlxalq tədbirlərdə də qaldıracağıq. Bu real siyasətdir. Ukrayna və Gürcüstan tərəfindən bəzi hallarda işğal olunmuş ərazilərə səfərlərə imkan verilir. Azərbaycanın isə mövqeyi bu məsələdə bəllidir. Biz işğal olunmuş ərazilərə qanunsuz səfərlərə icazə vermirik".
Nazir deyib ki, beynəlxalq təşkilatın GUAM kimi regional qurumla əməkdaşlıq etməsi çox vacibdir: “Təbii ki, bu sevindirici haldır. Biz bu məsələləri müzakirə edəcəyik və daha sonra Katiblik müvafiq “yol xəritəsi” hazırlayacaq. BMT-nin qaçqınlar üzrə Ali Komissarlığı və digər qurumları ilə əməkdaşlıq həyata keçirilir. Biz Hamburqda da məsələ qaldırdıq ki, tək miqrantlar məsələsi yox, məcburi köçkün və qaçqın məsələsi də bəyanatlara salınsın”.
E. Məmmədyarov qeyd edib ki, GUAM ölkələri arasında enerji təhlükəsizliyi, beynəlxalq nəqliyyat dəhlizi və multikulturalizm məsələləri böyük əhəmiyyət kəsb edir: “Eyni zamanda iqtisadi və regional təhlükəsizlik məsələlərinə də xüsusi əhəmiyyət verməliyik. Bilirsiniz ki, BMT Baş Assambleyasının münaqişələrlə bağlı xüsusi bəndi mövcuddur. Ona görə də biz hər zaman BMT-də üzləşdiyimiz münaqişələrlə bağlı həmin bəndə istinad edib məsələ qaldırırıq. Çünki GUAM-a üzv olan ölkələrin hər birində ərazi bütövlüyünü təhdid edən münaqişələr mövcuddur. Biz sərhədlərin və ərazi bütövlüyünün pozulması, qaçqın problemləri ilə üzləşirik. Bununla bağlı birgə bəyanat vermişik. Bu gün ev sahibliyi etdiyimiz sessiyada da məcburi köçkünlərlə bağlı xüsusi bəyanat verəcəyik. Hesab edirəm ki, bu kimi məsələlərlə bağlı GUAM-a üzv dövlətlərin birgə addımları çox önəmlidir”.
“Azərbaycan GUAM-a üzv ölkələrə işğal olunmuş ərazilərlə bağlı əməkdaşlıq təklif edib”. Bunu da E.Məmmədyarov bildirib. O qeyd edib ki, GUAM-a üzv ölkələr - Ukrayna, Azərbaycan və Moldova oxşar problemlərlə üzləşib. GUAM-ın nüfuzunun gündən günə artdığını deyən nazir bu məsələdə əməkdaşlığın effektiv olacağını bildirib: “GUAM-a üzv dövlətlər əlaqələri gücləndirmək üçün ilk növbədə müstəqillik və suverenliyini möhkəmləndirməlidir, məruz qaldığı işğal və münaqişə faktından qurtulmalıdır. GUAM-a üzv olan 4 ölkə demək olar ki, oxşar problemdən əziyyət çəkir. Bunun üçün də əməkdaşlığı daha da gücləndirməliyik. Bütün bunlar GUAM-a üzv ölkələrin inkişafına və əhalisinin firavan həyatının təmin olunmasına gətirib çıxaracaq”.
E.Məmmədyarov bildirib ki, GUAM-a üzv ölkələrin birgə idman oyunlarının keçirilməsi nəzərdə tutulur. Azərbaycanın bu təkliflə çıxış etdiyini deyən nazir qeyd edib ki, idman da əməkdaşlıq edilən sahələr sırasına daxil edə bilər: “Bu istiqamətdə əməkdaşlıq intensivləşməlidir. GUAM ölkələri digər sahələrdə sıx əməkdaşlıq edir və birgə idman oyunlarının keçirilməsi bu əlaqələri daha da gücləndirər”.