Suriyanın Hələb şəhərində Türkiyə və Rusiyanın liderliyində reallaşan atəşkəs razılaşmasını İran tərəfi qəbul etmir. Baki-xeber.com xəbər verir ki, bu barədə “Reuters” adını açıqlamadığı bir BMT rəsmisinə istinadən xəbər yayıb.
Qeyd edilir ki, İran atəşkəs üçün yeni şərtlər irəli sürüb. Məlumata görə, İran, İdlibdə müxaliflərin mühasirəsindəki şiə qəsəbəsi Fua və Kefreyyada olan sakinlərin, Hələbdəki insanlarla eyni vaxtda bölgədən çıxarılmasını istəyir.
Hələbdə müxaliflər və rejim arasında dörd il davam edən döyüşlər dünən dayandırılıb. Son bir ayda mühasirə altındakı şəhərin şərqində 1000-dən çox insan öldürülüb.
Tərəflər arasında anlaşılmazlıqdan sonra Hələbdə qızğın döyüşlər yenidən başlayıb və atəşkəs tamamilə pozulub. Şəhərin şərqində şiddətli qarşıdurmalar yaşandığı bildirilir. Türkiyə mətbuatı yazır ki, iranlı general Cavadın əmrindəki şiə silahlılar Hələbdə mühasirədə olan bölgədə yerüstü əməliyyata başlayıb. Şərqi Hələbdə şiələrin hücumunu Hizbullah, Əfqanıstanlı Fatimiyun Briqadası və İraqlı Nüceba Hərəkatı Briqadası da dəstəkləyir.
Hava hücumları da yenidən başlayıb. Şəhərdəki yaralıları dağıntılardan xilas edənlər xüsusi qrup, bombardmanda çox sayda adamın öldüyünü bildirir. Onlar, ordu bölgəyə girəcəyi halda hər kəsin edam ediləcəyini bildirir.
Yaralıları da bölgədən çıxarmaq mümkün olmayıb.
İranın atəşkəs razılaşmasını heçə saydığını deyən müxaliflər, hazırda bəzi bölgələrdə rejim qüvvələrinin irəliləməyə çalışdığını bildirir: “İran əsgərləri əməliyyatları bərpa edərək Rusiyanın əldə etdiyi razılaşmanı heçə saydı".
O da bildirlir ki, dünən gecə Hələbdən ayrılmağı bacaran təxminən min nəfər İran silahlıları tərəfindən İdlib yolunda saxlanılıb.