Suriyanın Hələb şəhərindəki vəziyyətin müzakirəsi üçün təşkil edilən BMT Təhlükəsizlik Şurasının təcili sessiyasında Rusiya və ABŞ səfirləri arasında mubahisə yaranıb.
Baki-xeber.com xəbər verir ki, ABŞ səfiri Samanta Povel çıxışında Suriya və onun müttəfiqləri Rusiya və İrana irad tutub. O, deyib ki, Hələb tarixi şüurumuzda onlarla il keçsə də bir ləkə kimi qalacaq: "Sizin həqiqətən də xəcalət çəkməyə qabiliyyətiniz yoxdur? Sizi həqiqətən də heç bir şey utandırmır? Dinc əhaliyə qarşı törədilən hər bir vəhşilik, bir uşağın edamı, sizi həqiqətən narahat etmir, tüklərinizi ürpətmir?"
ABŞ səfiri Povelin çıxışına qəzəblənən Rusiya səfiri Vitali Çurkin isə öz növbəsində ABŞ-ın keçmiş hərəkətlərini xatırladıb: "O elə bilir ki, Tereza anadır. Xahiş edirəm siz hansı ölkəni təmsil etdiyinizi yadınıza salasınız. Öz ölkənizin hərəkətlərini yadınıza salın və bundan sonra mənəvi üstünlük mövqeyindən çıxış edin".
Yığıncaqdan sonra jurnalistlərə açıqlama verən Çurkin bildirib ki, müxaliflər bölgədən ayrılmağa başlayıb: “Hərbi əməliyyatlar dayandı və Hələbin şərqindəki döyüş bitdi. Suriya hökuməti şəhərə nəzarəti təmin etdi".
Çurkin, bir jurnalistin "Hələbdə vətəndaşların evlərinə dönə biləcəyini söylədiniz, amma videoları görmədinizmi? Yaşayacaqları evləri qalmadı" sualına, "Gördüm, qorxunc bir vəziyyətdir" deyə cavab verib. Müxaliflərin İdlib gedəcəyini deyən Çurkin, "İdlibi də bombalayacaqmısınız?" sualını isə, "xahiş edirəm nəzakətli olun" cavabını verib.
BMT Suriya xüsusi nümayəndəsi Steffan Mistura isə deyib ki, Hələbin şərqində 50 min mülki, 1500-ə yaxın da müxalif döyüşçü var, onların da 30 faizi “Əl-Nusra” döyüşçüləridir: "Müxaliflərin yüngül silahlarını özlərilə götürmələrinə icazə verilib-verilməyəcəyi hələ dəqiq deyil, bu müzakirə edilir. Müxaliflər İdlibə gedəcək. Onlarla getmək istəyən şəhər sakinlərinin də ayrılmasına icazə verilməsinə çalışırıq".
İngiltərənin BMT-dəki daimi nümayəndəsi isə bu günün Hələb üçün son beş ildə ən qaranlıq gün olduğunu söyləyib: "Yaxın günlərdə yüzlərlə, ya da minlərlə adam öldürüləcək, ya da aqibətləri naməlum bir şəkildə itəcək".
O, Hələbdə qadınların təcavüzə məruz qalmamaq üçün intihar etdiyi, insanların diri-diri yandırıldığı barədə məlumatlar aldığını deyib.
İngiltərə nümayəndəsi Hələbin ələ keçirilməsinin Əsəd üçün zəfər olmayacağını, Əsədin ciddi şəkildə yıxdığı və böldüyü ölkəni idarə edə bilməyəcəyini deyib.