Zakir Əhmədov: "Bu razılığa gəlinibsə, demək, iki ölkə arasındakı münasibətlər daha dinamik inkişaf edəcək"
Dekabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsrail dövlətinin baş naziri Benyamin Netanyahu ilə təkbətək görüşü başa çatdıqdan sonra Azərbaycan-İsrail sənədlərinin imzalanması mərasimi olub.
"Azərbaycan Respublikasının Hökuməti ilə İsrail dövlətinin Hökuməti arasında standartlaşdırma, uyğunluğun qiymətləndirilməsi və metrologiya sahələrində əməkdaşlıq haqqında" Sazişi Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov və İsrailin ətraf mühitin qorunması naziri Zeev Elkin imzalayıb.
"Azərbaycan Respublikasının Hökuməti ilə İsrail dövlətinin Hökuməti arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında" Sazişi Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov və İsrailin ətraf mühitin qorunması naziri Zeev Elkin imzalayıb.
"Azərbaycan Respublikası ilə İsrail dövləti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında" Konvensiyanı Azərbaycanın vergilər naziri Fazil Məmmədov və İsrailin ətraf mühitin qorunması naziri Zeev Elkin imzalayıb.
"Azərbaycan Respublikasının Hökuməti ilə İsrail dövlətinin Hökuməti arasında Birgə Komissiyanın yaradılması haqqında" Anlaşma Memorandumunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və İsrailin ətraf mühitin qorunması naziri Zeev Elkin imzalayıb.
İmzalanan səndədlər arasında xüsusi diqqətçəkəni iki ölkənin hökuməti arasında Birgə Komissiyanın yaradılmasına dair razılaşmadır. Bunun nə kimi səmərəsi olacaq?
Ekspert Zakir Əhmədov qəzetimizə açıqlamasında bildirdi ki, Azərbaycan-İsrail əlaqələri qarşılıqlı maraqlara söykənir və ikitərəfli xarakter daşıyır: "Bu iki ölkə arasında qarşılıqlı-faydalı münasibətlər eyni zamanda dünyada və regionda sülhün, əminamanlığın möhkəmlənməsinə xidmət edir.
Azərbaycan İsrailin enerji məhsulları ilə təminatında etibarlı tərəfdaş kimi çıxış edir. İsrail idxal etdiyi neftin 40 faizini Azərbaycandan alır. Həmçinin Azərbaycan və İsrail etibarlı hərbi tərəfdaşlıq münasibətlərinə malikdir. Azərbaycanın silah sənayesinin formalaşmasında və ordumuzun müasir silahlarla təchiz edilməsində İsrail əhəmiyyətli müttəfiq kimi mühüm rol oynayır.
İsraillə yaxşı münasibətlər Azərbaycana beynəlxalq arenada da kömək edir. Belə ki, dünya miqyasında tanınan yəhudi lobbi təşkilatları qlobal müstəvidə Azərbaycanın maraqlarının təmin olunması üçün səy göstərir.
Azərbaycan-İsrail əməkdaşlığının yüksələn xətt üzrə inkişafında azərbaycanlılarla yəhudilər arasında tarixən mövcud olan güclü münasibətlərin də böyük rolu var. Hazırda Azərbaycanda çoxminli yəhudi icması, İsraildə isə on minlərlə Azərbaycan əsilli yəhudi yaşayır. Hesab edirəm ki, bütün bu sadalananlar iki ölkənin hökuməti arasındakı münasibətlərin normal məcrada davamı üçün birgə komissiyanın yaradılmasını zəruri edir. Bu razılığa gəlinibsə, demək, iki ölkə arasındakı münasibətlər daha dinamik inkişaf edəcək".
Məhəmmədəli QƏRİBLİ