Aqşin Əliyev: "Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa, onda bundan irəli gələn tələblərin də yoluna qoyulmasına kömək göstərməlidir"
Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetində Azərbaycan-Rusiya münasibətlərinə dair "dəyirmi masa" keçirilib. "Rusiyanın xarici siyasəti - 25 il" mövzusunda təşkil olunan konfrans çərçivəsində Azərbaycan-Rusiya Mədəniyyət və Həmrəylik Mərkəzi tərəfindən keçirilən tədbirdə rusiyalı siyasi və iqtisadi ekspertlər, media nümayəndələri iştirak edib.
"Dəyirmi masa"nın moderatoru, Rusiya Siyasi Araşdırmalar İnstitutunun baş direktoru Sergey Markov çıxışında bildirib ki, regionun lider ölkəsi olan Rusiya bu məkanda baş verən hadisələrə görə məsuliyyət daşımalıdır: "Rusiya öz yaxın qonşuları ilə münasibətlərinə ciddi şəkildə yenidən baxmalıdır. Bu münasibətlər yenilənməlidir. Əgər Rusiya regionun lider ölkəsidirsə, o məsuliyyət daşımalıdır. Moskva problemləri, o cümlədən Dağlıq Qarabağ problemini həll etməlidir. Bu problem daim havadan asılı vəziyyətdə qalmamalıdır". Rusiyalı ekspert Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Azərbaycan və erməni xalqları arasında dialoqa şərait yaradılmasının vacibliyini də qeyd edib.
Politoloq niyə problemin həlli ilə bağlı məsuliyyəti məhz Rusiyanın üzərinə qoyur?
Ekspert Aqşin Əliyev qəzetimizə açıqlamasında bildirdi ki, Dağlıq Qarabağın ərazisi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın ərazisi kimi tanınır: "Bu, mübahisə məsələsi deyil. Rusiya bizim də onun üzvü olduğu qurumlara inteqrasiya olunmağımızda maraqlıdır. Hər hansı inteqrasiya barədə danışmazdan əvvəl Dağlıq Qarabağ münaqişəsini həll etmək lazımdır. Müharibə vəziyyətində olan iki ölkə bir inteqrasiya təşkilatında təmsil oluna bilməz. Rusiya bir sıra məsələlərin yoluna qoyulmasını istəyirsə, onda Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək etməlidir. Problemin həllinə ən çox təsir imkanı olan ölkə Rusiyadır. Fikrimcə, Rusiya bu problemi həll edə bilər, lakin etmir. Rusiya Azərbaycanın ərazi bütövlüyünü birmənalı olaraq tanıyır. Qondarma "Dağlıq Qarabağ Respublikası"nı isə tanımır. Bu o deməkdir ki, Rusiya beynəlxalq arenada özünü düzgün aparır. Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa, onda bundan irəli gələn tələblərin də yoluna qoyulmasına kömək göstərməlidir".
Məhəmmədəli QƏRİBLİ