Qabil Hüseynli: "Təbii ehtiyatlarla zəngin olan bu müsəlman ölkələri İsrail üçün önəmli partnyor sayılır"
İsrailin baş naziri Benyamin Netanyahu Azərbaycana səfərindən əvvəl hava limanında jurnalistlərə açıqlamasında ölkənin xarici siyasəti ilə bağlı vacib məqamlara toxunub:
"Azərbaycanla Qazaxıstan müsəlman dünyasının iki böyük və vacib ölkəsidir. Bizim məqsədimiz onlarla siyasi, maliyyə və təhlükəsizlik sahəsində münasibətləri gücləndirməkdir. Vaxtaşırı İsrail ilə bağlı eşitdiklərinizdən fərqli olaraq, İsrail nəinki siyasi təcriddən əziyyət çəkir, tam əksinə, bu ölkələr İsraillə münasibətlərini gücləndirmək istəyir. Asiya, Afrika, Latın Amerikası ölkələri ilə münasibətlərimizi gücləndirdikdən sonra indi növbə müsəlman dünyasının vacib ölkələrinə çatıb".
B.Netanyahu ilk dəfə 20 il əvvəl baş nazir kimi Azərbaycana səfər etdiyini və prezident Heydər Əliyevlə görüşdüyünü xatırladıb. O, hazırkı səfərini davamlılıq və vacib irəliləyiş adlandırıb.
B.Netanyahu Azərbaycandan sonra Qazaxıstana yola düşüb.
İsrailin dövlət rəhbəri niyə məhz Azərbaycanla Qazaxıstanı müsəlman dünyasının iki böyük və vacib ölkəsi sayır?
Politoloq Qabil Hüseynlinin fikrincə, Netanyahunun Azərbaycanla Qazaxıstanı müsəlman dünyasının iki böyük və vacib ölkəsi sayması konkret dəlillərə əsaslanır: "İsrail-Azərbaycan əməkdaşlığının kökü çox dərindir. Hətta bu münasibətlər strateji əməkdaşlıq səviyyəsinə kimi yüksəlib. Azərbaycanda tarixən yəhudilər yaşayıb. Onlar bizim ölkədən çox razıdır. İsrailə köçüb gedənlər isə ölkəmizlə sıx əlaqə saxlayır. İsraildəki 70 min nəfərlik azərbaycanlı diaspor isə milliyyətcə yəhudi olmasına baxmayaraq, iki ölkə arasındakı əməkdaşlığın genişlənməsində mühüm rol oynayır. Azərbaycanın da İsrail üçün böyük əhəmiyyəti var. Bu barədə Netanyahu ətraflı danışdı. Onların enerji resurslarına tələbatının böyük hissəsi burdan ödənilir. Eyni zamanda, bəzi müsəlman ölkələrinin aqressiv münasibəti də İsraili narahat edir. Bizim kimi ölkələrlə əməkdaşlıq göstərir ki, İsrailin müsəlman dünyası ilə ciddi problemi yoxdur. Qazaxıstan və Azərbaycan ona görə əhəmiyyətlidir ki, SSRİ-dən ayrılandan sonra yüksək templə inkişaf edib. Hər iki ölkə islam dəyərlərilə yanaşı, həm də müasirliyi özündə yaşadır. Təbii ehtiyatlarla zəngin olan bu müsəlman ölkələri İsrail üçün önəmli partnyor sayılır".
Məhəmmədəli QƏRİBLİ