Rusiya və NATO arasında münasibətlərin indiki inkişafı tərəflərin bir-birinə qarşı daha sərt mövqe tutmasına gətirib çıxarmaqdadır. Hətta gələn il ərzində qorxunc Rusiya-NATO müharibəsinin başlana biləcəyinə dair iddialar da səslənir. Belə bir vaxtda isə Ukrayna və Rumıniyanın Qara dəniz sahillərində NATO hərbçilərindən ibarət qrupun yerləşdirilməsi barədə təklifi Moskvanı daha da qəzəbləndirib.
Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Ukrayna və Rumıniyanın Qara dənizdə NATO qrupu yerləşdirmək təklifi təxribatdır: "Məncə, bu fikirlər qərbli partnyorlarımızı yormağa başlayıb. Başda təhlükəsizlik məsələsi olmaqla, Qara dənizlə bağlı bütün qərarlar sahil ölkələri tərəfindən verilməlidir. Bu mənada Ukrayna və Rumıniyanın qərarını provakativ olaraq xarakterizə edirik". Amma NATO-nun bu istiqamətdə addımlar atmaq niyyəti vəziyyəti gərginləşdirir. "ABŞ-ın beynəlxalq münasibətlər üzrə Şurası" ictimai təşkilatının məruzəsinə əsasən, belə vəziyyət Rusiya-NATO müharibəsini də qaçılmaz edir. Qurum bildirir ki, NATO və Rusiya arasındakı münaqişə 2017-ci ilin potensial təhdidlərindən biridir. Hazırda tərəflərin bir-birinə qarşı qızğın silahlanması da təhdidin miqyasını artırır. Məhz belə bir vaxtda Avropanın şərqində silahlanma yarışına girən Qərb-Rusiya mübarizəsi artıq Aralıq dənizinə də nüfuz etməyə başlayır. Belə ki, Rusiyanın Bəşər Əsəd rejiminə dəstək üçün "Admiral Kuznetsov" təyyarədaşıyan gəmisini Şərqi Aralıq dənizindəki Tartus limanına göndərməsi NATO-nu hərəkətə gətirib. Alyans Kipr sahillərindəki döyüş gəmiləri ilə nəzarəti gücləndirib. Bu döyüş gəmiləri arasında Fransanın "Şarl de Qoll" təyyarədaşıyan gəmisi də var. Qərb mediasında yayılan xəbərlərə görə, hazırda NATO gəmilərinin altında Rusiyanın iki sualtı qayığı növbə çəkir.
Bölgədəki ABŞ döyüş gəmiləri də Moskvanın sualtı qayıqlarını axtarmaqla məşğuldur. Siciliya adasından havaya qalxan ABŞ-ın "Poseydon P-8" döyüş təyyarələri Aralıq dənizi üzərində tez-tez uçuşlar keçirərək bu axtarışlara qoşulub. Qeyd edək ki, Rusiyanın bölgədəki "Oskar II" sualtı qayığı "Daşıyıcı qatil" adı ilə tanınır. 18 min tonluq bu qayığın şəxsi heyəti 100 nəfərdən ibarətdir. Bundan əlavə, Rusiyanın Kalininqrad vilayətində "İsgəndər-M" raketlərinin ardınca "Bastion" sahil raket diviziyonunu yerləşdirməsi də vəziyyəti qəlizləşdirir. Bu komplekslər 600 kilometr boyu dəniz sahilini mühafizə etmək, müxtəlif tipli gəmilərə , o cümlədən təyyarədaşıyan gəmi qruplaşmasına raket zərbələri endirmək üçün nəzərdə tutulub. Bir "Bastion" kompleksi "Oniks" tipli 36 raketə malikdir. Həmin komplekslər Rusiya hərbi sənayesinin ən yeni nümunələrindən biridir və silahlanmaya təzəliklə qəbul edilib.
Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi Kalininqrad vilayətində S-400 zenit-raket komplekslərinin də yerləşdirildiyini, Baltik donanmasının isə dəniz hədəflərinə qarşı "Bal" raket kompleksləri ilə təchiz edildiyini açıqlamışdı. Rusiya Federasiya Şurasının müdafiə məsələləri üzrə komitəsinin rəhbəri Viktor Ozerov isə deyib ki, hələ oktyabr ayında Kalininqrada aparılmış "İsgəndər" raketləri orada daimi əsasda dislokasiya olunub və NATO-nun Şərqi Avropada hərbi potensialını genişləndirməsinə cavabdır. Ozerov vurğulayıb ki, "İsgəndər" və S-400 kompleksləri məhz ABŞ-ın Avropada raketdən müdafiə qalxanı formalaşdırmaq səylərinə cavab olaraq yerləşdirilib:"Bizim qarşımızda iki vəzifə dayanır: Hava hücumundan müdafiə sistemini keçmək və mümkün zərbələrdən qorunmaq. Bu cür təhdidlərdən qorunmaq üçün biz həmin istiqamətdə hava-kosmik qüvvələrimizi gücləndiririk. Biz cavab tədbirləri görməliyik, yəni oradan bizi təhdid edən hədəflərə raket zərbələri endirməliyik". Analitiklərə görə, Rusiya bir-birinin ardınca Kalinqinqradda, NATO-nun qərb sərhədlərində özünün ən yeni raket sistemlərini yerləşdirməsi üçün çox münasib zaman seçib. Bu, Obama administrasiyasının səlahiyyətlərini başa vurmasına az qalmış baş verir. Yeni prezident Donald Trampın isə Avropa ilə bağlı hansı siyasət yürüdəcəyi hələ bəlli deyil. Çoxları narahatdır ki, Trampın prezidentliyi NATO-nun dağılması ilə nəticələnəcək. Tramp administrasiyası Rusiya ilə anlaşsa və Şərqi Avropada NATO qüvvələrinin artırılması planlarını dayandırsa, bu, şimal alyansına sarsıdıcı zərbə olacaq. Bundan narahat olan Almaniya kansleri Angela Merkel bildirib ki, Almaniya üçün NATO və Rusiya ilə münasibətlərə yenidən baxılması zəruridir. Onun sözlərinə görə, dünyada yaranmış vəziyyət və ABŞ-da prezident seçkilərinin nəticələri onu göstərir ki, Rusiya və NATO ilə münasibətlərə yenidən baxılmalıdır
NATO-nun baş katibi Yens Stoltenberq isə bildirib ki, NATO-nun fəaliyyəti müdafiə və prorporsional xarakter daşıyır: "Biz yeni soyuq müharibə istəmirik, Rusiya ilə konfrontasiya axtarmırıq. Mən Rusiyanın nəyə görə Mərkəzi və Şərqi Avropada yeni müttəfiqlərinin meydana gəlməsi hesabına NATO-nun genişlənməsini təxribat saydığını anlamıram". Onun sözlərinə görə, alyans Şərqə doğru genişlənməyib: "Polşa, Estoniya, Litva, Latviya, Macarıstan alyansa daxil olmaq üçün müraciət edib. Rusiya təmkinli olmalı və qonşularının gedəcəyi yolu özlərinin müəyyən etdiyini qəbul etməlidir".
Tahir TAĞIYEV