Məlumat verildiyi kimi, bu günlərdə Ermənistan prezidenti Serj Sarkisyan Azərbaycanın işğal olunmuş ərazilərinə üç günlük səfər edib. Bu səfərdən sonra Sarkisyan erməni ordusunu, xalqını, Dağlıq Qarabağdakı separatçı qüvvələri çətin dövrə hazır olmağa çağırıb.
Onun bildirdiyinə görə, danışıqlar dayanıb və hazırda təmas xəttində adi vəziyyət hökm sürür, ancaq ordu, əhali çətin dövrə hazır olmalıdır. Məhz bu vəziyyətdə Ermənistanın özündə münaqişənin yenidən alovlana biləcəyinə dair narahatlıqlar artıb. Burada hesab olunur ki, hərbi əməliyyatların bərpası Ermənistana yaxşı heç nə vəd etmir. Erməni analitik Musa Mikaelyan da bu fonda Sarkisyanın mövqeyini sərt tənqid edib: "Sarkisyan hər kəsin müharibəyə hazır olmasından danışır, lakin özü belə bir təhlükəyə hazırdırmı? Hər şeydən öncə Ermənistan hakimiyyətinin özü buna hazır olmalıdır. Aprel müharibəsini xatırlamağa dəyməz, bu bizim utanc yerimizdir. Əsas olan məğlubiyyətdən nəticə çıxarmağımızdır ki, hazırda Ermənistan hakimiyyətinin addımlarında bu hiss olunmur. Bu, sadəcə, kədərli bir dərsdir. Hələ də ordu aşağı təminatlı ailələrin övladlarından, kasıblardan formalaşdırılır. Hakimiyyətə isə yalnız şirin meyvələr - maddi xeyirlər, rahatlıq, saraylar, təmtəraqlı kurortlar, dünyanın ən yaxşı klinikalarında tibbi xidmətlər qalır. Əsgərlərin adi tibbi yardım almaq imkanı belə yoxdur. Bu vəziyyətdə hansı müharibədən danışmaq olar? Sarkisyan sadəcə hiyləgərlik edir". İndilikdə isə Ermənistanın qeyri-konstruktiv mövqeyi, danışıqlardan yayınması müharibə ehtimalını daha çox artırır. Xatırladaq ki, Ermənistan tərəfi həm prezidentlər, həm də xarici işlər nazirləri səviyyəsində danışıqlardan imtina edib. Bunu isə Azərbaycan tərəfinin hansısa absurd razılaşmaları yerinə yetirməkdən imtina etməsi ilə əsaslandırmağa çalışıb. Ermənistan danışıqlardan imtinanı seçirsə, ölkə həqiqətən də çətin dövrə hazır olmalıdır, çünki danışıqların alternativi müharibədir. Amma erməni cəmiyyətinin təmsilçilərinin açıqlamaları düşmən ölkədə əhalinin müharibədən çəkindiyini göstərir. Bu fonda Azərbaycanın işğal altındakı ərazilərindən İrəvana qayıdan erməni politoloq Tiqran Abramyan "Aykakan Jamanak" qəzetinə açıqlamasında danışıqların dayandığı bir vaxtda təmas xəttində müşahidə edilənlərin yeni müharibə hazırlığından xəbər verdiyini bildirib. Onun sözlərinə görə, Azərbaycan ordusu təmas xəttində fəallıq nümayiş etdirir və bu fəallıq təkcə mühəndis-istehkam işlərində və snayperlərin fəaliyyətində özünü göstərmir: "Təmas xəttinin müxtəlif istiqamətlərində qarşı tərəfin qoşunlarının intensiv yerdəyişməsi və cəmləşdirilməsi müşahidə olunur, kiçik miqyaslarda təlimlər keçirilir. Bütün bunların özü gərginlik yaradır. Danışıqlar olmayanda avtomatik olaraq hərbi əməliyyatların bərpası ehtimalı artır. İstənilən halda, Azərbaycan bu istiqamətdə intensiv hazırlıq işləri aparır". Hesab olunur ki, yeni müharibə Ermənistan üçün böyük dağıntı və fəlakət olacaq. Bu səbəbdən hakimiyyətin indiki mövqeyi də erməni cəmiyyətində sərt tənqid olunur, Sarkisyana qarşı etirazlar artır. Politoloq Qabil Hüseynli də bildirir ki, İrəvanın müharibə ritorikasına baxmayaraq, yaxın vaxtlarda Ermənistanda siyasi etirazlar xeyli kəskinləşəcək, hətta siyasi zəmində qarşıdurmalar istisna edilmir. Ermənistanda vəziyyətin kifayət qədər ağır olduğunu bildirən politoloqun sözlərinə görə, yerli ermənilərlə Qarabağdan gəlmə ermənilər arasında çox ciddi uçurum var: "Çünki iqtisadiyyat və siyasətə hökmranlıq edənlər Qarabağ müharibəsinin səhra komandirləridir. Onların intellektual səviyyələri və ölkədə populyarlıqları çox aşağıdır. Sarkisyan bunu yaxşı görür və dəyərləndirir. Ermənistan prezidenti bilir ki, hakimiyyətdən getdikdən sonra onun üçün çox ağır olacaq. Görünür, Sarkisyan Azərbaycanı təhdid etməklə Ermənistanda millətçilərin diqqətini ölkənin real problemlərindən yayındırmağa çalışır". Politoloq bildirib ki, bütün bunların fonunda müxalif düşərgədə də ciddi dəyişikliklər hiss olunmaqdadır: "Məsələn, keçmiş prezident Levon Ter-Petrosyan bəyan edib ki, indiki rejimlə mübarizəyə hazırdır. Görünür, yaşının çox olmasına baxmayaraq, Petrosyan siyasi mübarizəyə qoşulmaq və başçılıq etdiyi Ermənistan Ümummilli Hərəkatına parlamentdə daha çox yer əldə etmək niyyətindədir. Bundan başqa daha üç partiya Ermənistanda birləşərək vahid seçki bloku yaradıb. Gələcəkdə bu bloka Petrosyanın da qoşulma ehtimalı var. Çünki partiyalar daha böyük sosial blok yaratmaqla əhalinin səslərinin çoxunu qazanmaq və Sarkisyanı hakimiyyətdən uzaqlaşdırmaq istəyirlər. Ermənistan əhalisi Sarkisyan və onun soyğunçu komandası ilə vidalaşmaq niyyətindədir".
Nahid SALAYEV