İkinci Dünya müharibəsindən bu yana dünyada davam edən nüvə müharibəsi narahatlığı getdikcə artır. Baki-xeber.com xəbər verir ki, dünyada nüvə silah yarışı sürətlə davam etməklə yanaşı, bu silahların istifadə ehtimalı da böyük narahatlıqlara yol açır.
“The Economist” jurnalına görə, dünyanın qorxduğu bu təhlükə 2017-ci ildə reallığa çevrilə bilər. Jurnal, 2017-ci ildə nüvə silahlarından istifadə ehtimalının yüksək olduğunu, dünyanın təhlükəli bir istiqamətə doğru getdiyini yazır: "Reallıq budur ki, nüvə silahlarından istifadə ehtimalı “Soyuq müharibə”dən sonra ilk dəfə bu qədər təhlükəli görünür".
Müəllif, ötən əsrdə “risqdən uzaqlaşmaqla” “Soyuq müharibə”də tarazlıq yaradıldığını, ancaq indiki dövrdə vəziyyətin tam fərqli olduğunu deyir: “Soyuq müharibə”dən sonra Rusiya ilə Qərb arasında yaranan düşmən münasibət yeni bir vəziyyət yaradıb. Son illərdə Rusiya Qərbi nüvə silahları ilə açıq təhdid etməyə başlayıb".
Qeyd edək ki, bir müddət əvvəl Rusiya prezidenti Vladimir Putin ABŞ-la nüvə silahı istehsalında istifadə edilə biləcək səviyyədə zənginləşdirilmiş plutoniuma dair müqavilənin dayandırılması ilə bağlı göstəriş verib. Fərmanda ABŞ, Rusiyaya qarşı "qeyri-səmimi münasibəti nəticəsində strateji stabilliyə hədə" yaratmaqda ittiham olunur. Buna görə də Rusiya "təcili təhlükəsizlik tədbirləri" görməyə məcbur olub.
2000-ci ildə əldə edilmiş razılaşmaya əsasən hər iki tərəf 34 ton plutoniumu reaktorlarda yandırmaqla sıradan çıxarmalı idi. Bu, nüvə qüvvələrinin azaldılması planının tərkib hissəsidir.
Mütəxəssislərə görə, Rusiya və ABŞ plutonium ehtiyatlarını artırarsa, dünyanı qaranlıq bir nüvə gələcəyi gözləyir. Araşdırmalara görə, mövcud texnologiyalarla 4 kiloqram plutonium istifadə etməklə bir nüvə silah əldə etmək olar. Bunu nəzərə aldıqda isə, ABŞ 4 kiloqram plutonium istifadə edərək 22 min, Rusiya isə 23 min nüvə silah əldə edə bilər.
TAHİR