Mümkün Türkiyə-Rusiya yaxınlaşmasının Qafqazdakı duruma da əsaslı surətdə təsir göstərəcəyi heç kimə sirr deyil. Digər tərəfdən məhz bu yaxınlaşma, əksər ekspertlərə görə, Dağlıq Qarabağ münaqişəsinin həllini də tezləşdirə bilər.
Yeri gəlmişkən qeyd edək ki, Ankara və Moskva arasında Qafqaz üzrə təmaslar intensivləşir. Yaxın tezlikdə Rusiya xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə Qafqazdakı situasiyanı müzakirə edəcək. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın sözlərinə görə, nazirlərin görüşü dekabrın əvvəlində Türkiyənin Alanya şəhərində baş tutacaq.
Qeyd edək ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Lavrovun Türkiyəyə dekabrın 1-də səfər edəcəyini açıqlayıb. Bu görüşdə Qafqazdakı vəziyyət, o cümlədən Qarabağ münaqişəsi də əsas müzakirə mövzularından birinə çevriləcək. Türkiyə məhz bu fonda konfliktin beynəlxalq hüquq normaları əsasında həllini istədiyini açıq bəyan edir. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bu fonda bir daha Ermənistandan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmağı tələb edib.
Ərdoğan işğalla heç bir nəticə əldə olunmayacağını bildirib: "Türkiyə olaraq bu işğala qarşıyıq. BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilməlidir. Bu qətnamələrə görə, Ermənistan Dağlıq Qarabağ və bu bölgədə razılaşdırılmış rayonlardan çıxmalıdır".
Türkiyə prezidenti qeyd edib ki, bu torpaqların əsl sahibi azərbaycanlılardır: "Xüsusilə ABŞ, Rusiya və Fransa öhdələrinə götürdükləri işi dərhal başa çatdırmalıdır. İstəyimiz odur ki, işğal bitsin və azərbaycanlı qardaşlarımız torpaqlarına qovuşsunlar".
Hesab edilir ki, Türkiyənin təsiri ilə Moskva artıq Qarabağ münaqişəsinin həllində real addımlar ata bilər. Qərb isə bu durumda hansısa şəkildə regionda Rusiya - Türkiyə birliyinə qarşı çıxa bilməyəcək. Kanadanın Karlton Universitetinin Avropa, Rusiya və Avrasiya tədqiqatları İnstitutunun baş elmi işçisi Robert Katler bunu həm də onunla izah edir ki, Cənubi Qafqaz regionu indiki vəziyyətdə Qərbin maraq dairəsindən çıxıb. O vurğulayır ki, hazırkı mürəkkəb və dəyişkən vəziyyətdə Cənubi Qafqazın aparıcı ölkəsi, neft və qazla zəngin Azərbaycan artan təzyiqlərlə üzləşir: "Amerikanın lazımi dəstəyindən məhrum olmuş Azərbaycan regiondakı vəziyyətə uyğunlaşmağa məcbur olur və bununla da diplomatik manevrlər üçün ehtiyat saxlayır". Ekspertin fikrincə, Qərbin regionda marağının azalması səbəbilə Rusiya Azərbaycanla Ermənistan arasında davam edən Dağlıq Qarabağ münaqişəsinin həlli üçün üstünlüyü ələ alıb. O xatırladır ki, Kreml Dağlıq Qarabağ münaqişəsinin həlli üçün şərtlər təklif edib: "Bu təklifə əsasən, Ermənistan Azərbaycan torpaqlarının mərhələli azad edilməsi müqabilində iqtisadi və tranzit əlaqələrini bərpa edə bilər. Ermənistan bu ideyanı bir neçə il əvvəl qəbul etsə də, daha sonra Qarabağ ətrafında işğal olunmuş yeddi rayondan ikisini qaytarmayacağını elan etmişdi". Amma o da etiraf olunur ki, Rusiyanın Ermənistana təsir imkanları böyükdür və Kreml Ermənistanı konstruktiv mövqeyə gəlməyə vadar edə bilər. Robert Katler məsələnin başqa tərəfinə də nəzər salır: "Rusiya son illərdə Azərbaycana silah təchizatını artırmaqla Ermənistanı Rusiya-Ermənistan birgə hava hücumundan müdafiə sisteminin yaradılmasına razılaşmaq məcburiyyətində qoydu. Bu amil həm də Rusiyanın Ermənistanın 25 il əvvəl işğal etdiyi, Azərbaycanın ayırlmaz tərkib hissəsi olan Dağlıq Qarabağdakı münaqişənin nizamlanması və ya həll edilməməsi "açar"ını ələ keçirməsi deməkdir". Onun sözlərinə görə, Kreml regionda balansı qorumaq və Ermənistanı təsiri altında saxlamaq məqsədilə, Dağlıq Qarabağda sülh əldə edilməsi üçün yeni təkliflər irəli sürüb. Məhz elə bu günlərdə Amerika kəşfiyyatının "kölgəsi" hesab olunan "Stratfor" mərkəzi də belə bir iddia ilə çıxış edib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsində güzəştlərə gedə bilər. Mərkəz qeyd edir ki, buna səbəb həm də Rusiyanın Qərb sanksiyalarına görə qarşılaşdığı ciddi iqtisadi problemlərdir: "Moskva Dağlıq Qarabağ, Cənubi Osetiya, Dnestryanı, o cümlədən mümkündür ki, Ukrayna münaqişələrində taktiki güzəştlərə gedərək, çiyinlərindəki yükü azaltmaq istəyir. Lakin bu, Moskvanın öz siyasətindən tamamilə əl çəkdiyi demək deyil".
"Stratfor" adıçəkilən münaqişələr haqqında ayrılıqda məlumat verib və qeyd edib ki, Rusiya onlar vasitəsilə təsir imkanlarını saxlayır: "Dağlıq Qarabağ ərazisində Rusiyanın birbaşa hərbi müdaxiləsi yoxdur, lakin Moskva bunun köməyilə Qafqazda üstünlüyünü qoruyur. Ermənistan Kremlin kursunu izləyir, Azərbaycan isə tənzimlənmiş siyasət aparır. Bu münaqişədə olduğu kimi, Dnestyranı, Cənubi Osetiya və Ukrayna münaqişəsində də əsas məqsəd təsir imkanlarını əlində saxlamaqdır".
"Stratfor"un da yazdığı kimi, görünür, Rusiya bu münaqişələrin onu çətinə saldığını anlayıb. Bunun fonunda Dağlıq Qarabağ münaqişəsi ətrafında aparılan son danışıqlar və Rusiyanın fəallığı diqqət çəkir. Hesab etmək olar ki, Moskva ərazilərin azad olunmasında Bakıya güzəştə gedərək həm bölgənin əlindən çıxmasının qarşısını alacaq, həm də ona qarşı Qərbin təzyiqlərini azaldacaq. Digər tərəfdən bu məsələ Rusiya-Türkiyə münasibətlərinin Qafqaz üzərindən daha da güclənməsi demək olacaq. Hazırda hər iki ölkə belə münasibətlərdə olduqca maraqlı tərəf kimi çıxış edir.
Nahid SALAYEV