NATO Parlament Assambleyasının 62-ci sessiyasında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə erməni deputatın arasında qalmaqal baş verib.
"Trend" Türkiyənin "Haber 7" qəzetinə istinadən xəbər verir ki, Ermənistan parlamentinin deputatı Koryun Nahapetyanın “Türkiyə İŞİD-ə dəstək verir” ittihamı M.Çavuşoğlunun sərt reaksiyasına səbəb olub.
Ermənistanlı vəkilə dürüst olmadığını deyən M.Çavuşoğlu deyib: "Sizi dinlədiyim zaman sanki bir sülh mələyisiniz. Mən sizə bir sual vermək istəyirəm. BMT-nin qətnamələrində sizin Azərbaycan torpaqlarını işğal etdiyiniz yoxdurmu? Qarabağı mənmi işğal etdim? Siz işğal etdiniz. Qarabağdan niyə çəkilmirsiniz? Sizə bir şərt qoyduq - Azərbaycanın torpaqlarından çəkilərsəniz, sərhədləri açarıq. Azərbaycan bizim qardaş ölkəmizdir".
M.Çavuşoğlu tutduqları PKK-çılar arasında ermənilərin də olduğunu, erməni "dostlarının" dürüst davranmadığını deyib.
"Dürüstlükdən danışırsınız, lakin bu günə qədər soyqırımı yalanını hər yerdə dilə gətirirsiniz" –deyən nazir Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ermənistan rəhbərliyinə məktubla müraciət etdiyini xatırladıb: "Biz hakimiyyətə gələndə Rəcəb Tayyib Ərdoğan dövlət başçınıza məktub yazdı. Məktubunda bildirirdi ki, "Siz bu iddiaları irəli sürürsünüz, gəlin ortaq komissiya yaradaq, bu komissiyaya sizin və bizim elm adamlarımızı daxil edək. Arxivləri açaq, siz də açın, biz də açaq. Amma iki ölkə kifayət etməz, Rusiyanın da, ABŞ-ın da, İngiltərənin də elm adamları gəlsin, onlar da arxivlərini açsınlar. Elm adamları bu işi aparsın, nəticə nə olursa-olsun, biz qəbul etməyə hazırıq" dedik. Siz isə "Yox" dediniz. Niyə? Çünki siz yalana üstünlük verirsiniz, özünüzə güvənmirsiniz".
M. Çavuşoğlu eməninin ittihamına da sərt reaksiya göstərib: “Fikirlərimiz müxtəlif ola bilər, amma əvvəlcə dürüst olmalıyıq. Siyasətçi olduğumuz üçün dürüstlüyə daha çox diqqət yetirməliyik. Təəssüf ki, erməni dostlarımız heç vaxt dürüst olmurlar. İŞİD-ə dəstək verdiyimizi necə deyə bilərsiniz? İndiyədək hansı ölkə Türkiyənin öldürdüyü qədər İŞİD terrorçusu məhv edib? Heç de dürüst olmayan formada İŞİD-i dəstəklədiyimizi deyirsiniz” (APA).