"Bütün bu yanaşma bir daha sübut edir ki, Ermənistanın kompromisə getməkdən başqa çarəsi yoxdur"
Bir qrup ABŞ-lı diplomat Dağlıq Qarabağla bağlı məsələdə Ermənistanı kompromisə çağırıb. Bu barədə "Atlantic Counsil"in analitiki, diplomat Con Erbst deyib: "Əgər Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həllinə razı olarsa və əraziləri qaytararsa, bu müsbət nəticələrə səbəb ola bilər".
Onun sözlərinə görə, Ermənistan əraziləri qaytarsa və münaqişə həll olunsa, Türkiyə və Azərbaycanla yaxşı münasibətlər quracaq: "Bu isə onun inkişafında yeni imkanlar açacaq və Rusiyanın təsirini azaldacaq. Əks təqdirdə, yaxşı gələcəkdən danışmaq olmaz".
C.Erbst qeyd edib ki, iyul ayında baş verən hadisələr də gələcəyə dair müxtəlif proqnozlar yaradır: "Mümkündür ki, Qarabağda yeni müharibə başlasın. Bu isə nə Rusiyanın, nə də ABŞ-ın maraqlarına uyğundur".
Qeyd edək ki, bir sıra digər diplomatlar da bu təşəbbüsə dəstək verib.
ABŞ-lı diplomatların bu çağırışını necə qiymətləndirmək olar?
Milli İstiqlal Partiyasının sədr müavini Elşən Mustafayev qəzetimizə açıqlamasında bildirdi ki, ABŞ-lı diplomatların bu təşəbbüsü alqışalayiqdir: "Onlar müzakirə zamanı reallığı ifadə edib. Maraqlıdır ki, onlar bu fikirləri ermənipərəst auditoriyanın qarşısında söyləyib. Tamamilə doğrudur ki, Ermənistanın bundan başqa yolu qalmayıb. Ermənistan yürütdüyü işğalçı siyasət nəticəsində qonşu ölkələr tərəfindən blokadaya alınıb. Faktiki olaraq bunun da nəticəsində həmin ölkədə aclıq, səfalət hakimdir. ABŞ-lı diplomatların təklifi tam reallığa əsaslanır. Artıq bu həqiqətləri onlar da açıq ifadə edir. Zaman sübut edir ki, Ermənistan bu siyasətlə uçuruma gedir. Artıq dünya dövlətləri də onlara təzyiqi artırıb. Biz dəfələrlə bu məzmunlu bəyanatlarla çıxış etmişik. Ancaq neytral mövqedə olan diplomatların məsələyə bu cür yanaşması Ermənistan üçün ciddi siqnal mahiyyətini daşıyır. Həmin tədbirdə həmçinin bildirilib ki, vaxtında ABŞ Ermənistana hamıdan çox maliyyə yardımı ayırdı ki, orada normal demokratik cəmiyyət qurulsun. Nəticə isə göz qabağındadır. Bütün bu yanaşma bir daha sübut edir ki, Ermənistanın kompromisə getməkdən başqa çarəsi yoxdur".
Məhəmmədəli QƏRİBLİ