"Bu qərarın bölgədə sülhün yaradılmasına böyük töhfəsi olacaq"
NATO-nun baş katibi Yens Stoltenbergin 8-9 sentyabrda Türkiyəyə səfəri zamanı Ankara və NATO Suriyanın şimalında İŞİD-dən təmizlənmiş bütün ərazilərdə hava məkanının bağlanması məsələsini müzakirə edə bilər. Bunu Türkiyə Silahlı Qüvvələrindəki mənbə deyib. Onun sözlərinə görə, Ankara və NATO Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında apardığı "Fərat qalxanı" hərbi əməliyyatının detallarını da müzakirə edəcək.
Suriyanın şimalında İŞİD-dən təmizlənmiş bütün ərazilərdə hava məkanının bağlanması ilə bağlı qərarın verilməsi hansı əhəmiyyəti daşıya bilər?
Konfliktoloq Aqşin Əliyevin sözlərinə görə, bu olduqca böyük əhəmiyyət daşıyır: "Maraqlıdır ki, Türkiyə Suriya konflikti başlayanda alyansa bu təklifi etmişdi, ancaq əhəmiyyət verilmədi. Sonrakı hadisələr bəllidir. Türkiyə ilə Rusiyanın arası məhz həmin hava məkanına görə pozulmuşdu. Həmin vaxt alyans üzvü olan ölkələr Türkiyəni lazımi şəkildə müdafiə etmədi. Necə deyərlər, Türkiyə meydanda tək qaldı. Yəqin ki, Türkiyənin Suriya ərazisində apardığı əməliyyatlardan sonra bu məsələ yenidən gündəmə gəlib.
Ötən il Türkiyənin "F-16" qırıcısının noyabrın 24-də Rusiyanın "SU-24" təyyarəsini vurması bir anda dünya gündəminin bir nömrəli mövzusuna çevrildi. NATO-nun 66 illik tarixində ilk hadisə idi ki, hərbi alyansa üzv ölkə Rusiyanın hərbi təyyarəsini vururdu. Əslində bu faktın özü hadisənin miqyasını açıq şəkildə göstərirdi.
Suriyada Bəşər Əsəd rejiminə dəstək verərək sentyabrın 30-da bu ölkədə hava hücumlarına başlayan Rusiyanın təyyarələri dəfələrlə Türkiyənin hava məkanını pozub. Bu baxımdan da "SU-24" təyyarəsinin vurulması bəlkə də gözlənilən idi. Rus hərbi təyyarələrinin sərhəd pozuntusu dəfələrlə Türkiyə tərəfindən dilə gətirilib və rəsmi Moskva xəbərdar edilib. Sadəcə olaraq türkmən bölgəsinin rus bombardmançıları tərəfindən vurulması Ankaranın əsəblərini partlayış nöqtəsinə gətirdi.
Yəqin ki, bu tarixi hadisənin də Türkiyə ilə NATO-nun indiki razılaşmaya gəlməsində böyük rolu olub. Hesab edirəm ki, bu qərarın bölgədə sülhün yaradılmasına böyük töhfəsi olacaq".
Məhəmmədəli QƏRİBLİ