"Bu problemin tez bir zamanda həllini tapacağını düşünmürəm"
Qafqazda vəziyyət sabit olsa da, olduqca çətindir. Bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Nikolay Bordyuja keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Qafqazda vəziyyətin çətin olmasının səbəbi məlumdur: "KTMT bütün münaqişələrin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir. Biz təşkilat olaraq bu və digər münaqişələrin siyasi yola həllinə kömək etməyə hazırıq. Bir vacib məqamı qeyd etmək istəyirəm. KTMT Dağlıq Qarabağ münaqişəsinə, o cümlədən digər münaqişələrə qarışmır. Həmin münaqişələrin həlli ilə BMT-nin himayəsi altında digər institutlar məşğul olur. Biz ancaq bu münaqişələrin siyasi yolla həllinə kömək edə bilərik". KTMT baş katibi erməni jurnalistin "Rusiyada təhsil alan Ermənistan hərbçilərinin sayının son bir ildə artmasının səbəbi nə ilə bağlıdır" sualına cavabında bildirib ki, bu gün Ermənistan ordusunun komandir heyətində yüksək ixtisaslı kadr çatışmazlığı var: "Rusiyada, o cümlədən KTMT ölkəsi olan Belarusda təhsil alan Ermənistan hərbçilərinin sayının artması Ermənistan ordusunun ehtiyacından irəli gəlir".
Göründüyü kimi, Bordyuja Ermənistan ordusunun komandir heyətində yüksək ixtisaslı kadr çatışmazlığının olduğunu etiraf edib. Bu çatışmazlığın səbəbi nə ilə bağlıdır?
Hərbi ekspert Üzeyir Cəfərovun fikrincə, Bordyujanın açıqlaması Ermənistan ordusunun real durumunu bir daha ortaya qoymuş oldu: "Biz bu faktı bilirik və dəfələrlə bu istiqamətdə açıqlamalarla çıxış etmişik. Biz deyəndə bir qədər yayına bilirlər. İddia edirlər ki, müharibə aparan tərəf kimi faktları təhrif edirik. Amma bu sözləri Bordyuja deyirsə, deməli, Ermənistan faktla razılaşmaq məcburiyyətində qalır. Ermənistan ordusunda könüllü xidmət etmək istəyən yoxdur. Hətta orduya çağırılan gənclər arasında fərarilik halları həddən artıq çoxdur. Son illər ərzində Ermənistan ordusunda kütləvi həbslər aparılıb. Üzə çıxan ittihamlardan görünür ki, ordularında nizam-intizam deyilən nəsə yoxdur. Bordyujanın açıqlamasının digər maraqlı tərəfi isə onunla bağlıdır ki, Rusiya Ermənistan ordusunun ondan tam asılı olduğunu vurğulayır. Demək istəyir ki, nəinki sərhədlərini qoruyuruq, hətta kadrlarını da biz hazırlayırıq. Bu problemin tez bir zamanda həllini tapacağını düşünmürəm. Çünki bir zabiti yetişdirməyə uzun zaman lazımdır".
Məhəmmədəli QƏRİBLİ