Məlumat verildiyi kimi, Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsi irimiqyaslı strateji komanda-qərargah təlimlərinə başlayıb. "Qafqaz-2016" adlanan hərbi təlimlərdə 12,5 min hərbi qulluqçu, aviasiya, hərbi texnika və gəmiləri iştirak edir. Təlimlər Cənub Hərbi Dairəsinin poliqonlarında, Qara və Xəzər dənizlərinin akvatoriyalarında keçirilir. Strateji komanda-qərargah təlimləri sentyabrın 10-dək davam edəcək. Quru Qoşunları, Hava-Kosmik Qüvvələri, Hərbi-Dəniz Donanması və Hava Desant Qüvvələrinin cəlb olunduğu təlimlərdə ordu qüvvələrin döyüş hazırlığı yoxlanır.
Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirir ki, "Qafqaz-2016" strateji komanda-qərargah təlimləri Rusiyanın Cənub-Qərb istiqamətdəki maraqlarının müdafiəsi üçün Rusiya Silahlı Qüvvələrinin imkanlarını nümayiş etdirəcək. Nazir qeyd edib ki, mürəkkəb beynəlxalq hərbi-siyasi vəziyyət fonunda Rusiyanın imkanlarını qiymətləndirməsi çox vacibdir: "Qoşun və qüvvələr regionda artmaqda olan terror təhlükəsi ilə əlaqədar olaraq dağlıq ərazilərdə effektiv fəaliyyət və qarşılıqlı döyüş fəaliyyəti məsələləri üzərində işləməlidirlər". Bu arada Xəzər Dəniz Donanması "Qafqaz-2016" strateji komanda-qərargah təlimləri çərçivəsində gəmi qruplaşmalarını hazır vəziyyətə gətirib. Artıq 10 hərbi gəmi, kater və təminat gəmilərindən ibarət qruplar dəniz poliqonlarına gəlib. Onlar şərti düşmənin gəmi qruplaşmalarının dağıdılması, gəmiçilik, neft və qaz sənayesi obyektlərinin müdafiəsi və qanunsuz silahlı birləşmələrin məhv edilməsini həyata keçirməlidir. "Kommersant" qəzeti yazır ki, təlimlər Qərbdə ciddi narahatlıqla izlənir və Rusiyanın yeni müharibə hazırlığı kimi qiymətləndirilir. İddia olunur ki, Rusiya təlimlər adı altında Ukraynaya hərbi müdaxiləyə hazırlıq görür. Rusiya Müdafiə Nazirliyi isə bildirir ki, indiki strateji komanda-qərargah təlimləri çərçivəsində qoşunların idarə edilməsinin yeni sistemləri sınaqdan keçirilir. Bununla belə, hərbi ekspertlər Rusiyanın cənub istiqamətində hansı müharibəyə hazırlıq gördüyünə dair nəticələr çıxarmağın mümkün olduğunu deyir.
Məsələnin maraq doğuran tərəfi təlimlərin vacib bir hissəsinin Xəzəri əhatə etməsidir. Belə ki, Cənub Hərbi Dairəsinin mətbuat xidmətinin yaydığı məlumata əsasən, təlimlərin gedişində Xəzər donanmasının gəmiləri su yollarının mühafizəsini, dəniz blokadasını həyata keçirəcək, ələ keçirilmiş gəmiləri azad edəcək. Kareliyadakı aerodromdan Adıgeyə göndərilmiş qırıcılar isə Xəzər donanmasını havadan dəstəkləyərək raket-aviasiya zərbələri endirəcək, havada hökmranlığı təmin edəcək. Bu, Rusiyanın il ərzində Xəzərdə keçirdiyi ilk manevrlər deyil. Ümumiyyətlə, son illər Rusiya ən yeni döyüş gəmilərini məhz Xəzər donanmasının sərəncamına verir və müntəzəm olaraq bu qapalı dənizdə, yaxud göldə müharibə məşqləri keçirir. Bütün bunlar isə Qərbin Xəzərin enerji resurslarına marağının artması fonunda müşahidə olunur. Xüsusən də "Transxəzər" qaz layihəsinin həyata keçirilməsi məqsədilə Türkmənistan və Azərbaycanla Avropanın danışıqlarının intensivləşməsi fonunda Rusiyanın addımları təhlükəli sayılır. Amma aydındır ki, təlimlərin məqsədi təkcə "Transxəzər" qaz layihəsi ilə bağlı deyil.
Hərbi ekspert Viktor Muraxovski deyir ki, manevrlərin miqyası və xarakteri, döyüş əməliyyatlarının məşq edildiyi teatr Rusiya ordusunun NATO ölkələri ilə döyüşə hazırlaşdığını ehtimal etməyə əsas verir:"Birincisi, başa düşmək lazımdır ki, bu teatr NATO-nun məsuliyyət zonası ilə təmasdadır. Türkiyə NATO-nun üzvüdür, bir çox Qara dəniz ölkələri alyansın tərkibindədir. İndiki münasibətlərə baxmayaraq, hərbçilər mümkün hərbi potensialdan çıxış edirlər və müvafiq ölkələrin, həmin ittifaqın ümumi imkanlarını nəzərə alırlar". Viktor Muraxovski hesab edir ki, təlimlərin Ukraynaya müdaxilə hazırlığı olduğu inandırıcı deyil. Çünki Ukrayna münaqişəsini daha da gərginləşdirməyin mənası yoxdur, Rusiya bu böhranı indiki formada dondurmaq istəyir. Amma Ukrayna prezidenti Pyotr Poroşenko Ali Radaya illik müraciətində Rusiyanın siyasətinə fərqli yanaşır. O vurğulayıb ki, yaranmış vəziyyətdə milli və siyasi birlik məsələsi ölkəsi üçün ölüm-qalım məsələsidir. Poroşenko həmçinin qeyd edib ki, Rusiyanın Ukraynaya qarşı təcavüzünün davam etdiyi vaxtda bütün bunlar xüsusi əhəmiyyət kəsb edir. Dövlət başçısı Şərqdən hərbi təhlükənin ən mürəkkəb strateji çağırış olduğunu dilə gətirib.
Nahid SALAYEV