"Ermənistan ona ediləcək təzyiqləri bildiyi üçün prosesdən yayınır"
Dağlıq Qarabağ problemi ilə bağlı aparılan danışıqlar prosesində daim qeyri-konstruktivlik göstərən Ermənistan öz əzəli taktikasından əl çəkmək niyyətində deyil. Hər dəfə mühüm danışıqlar ərəfəsində onlar öz əməllərinə sadiqlik nümayiş etdirir. Məlum olduğu kimi, həmsədrlərin Ermənistan və Azərbaycan arasında aparılan danışıqlarla bağlı əldə olunan müəyyən razılaşmalara hansı şəkildə əməl olunması istiqamətində müzakirəsi nəzərdə tutulurdu.
Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryan məsələ ilə bağlı verdiyi müsahibədə bildirib ki, həmin görüş baş tutmaya bilər. Ermənistan rəsmisi bunun səbəbini guya Azərbaycan tərəfinin hər zaman pozucu mövqe tutması ilə izah edib.
Ş.Köçəryanın belə avantürist məzmunlu yalan məlumatının arxasında hansı məqam ola bilər?
Politoloq Qabil Hüseynlinin sözlərinə görə, erməni tərəfi hazırda hər vasitə ilə prosesi pozur: "Həmsədrlər danışıqlar prosesini yenidən irəliyə aparmaq və konsensusa gəlmək istəyir. Ancaq erməni tərəfi Qarabağla bağlı məsələləri sabotaj edir. Rusiyanın Azərbaycana müəyyən söz verməsinə baxmayaraq, Moskvanın reaksiyası çox zəifdir. Ona görə də danışıqlar prosesində irəliləyiş yoxdur. Dağlıq Qarabağın işğaldan azad olunması üçün bütün dünya bu işə əl qoymalı, kömək etməlidir. Həmsədrlər bir dəfə artıq görüşüb və bu yaxınlarda xarici işlər nazirlərinin görüşü gözlənir. Həmsədrlərin növbəti görüşünü də Ermənistan pozmaq istəyir. Ş.Köçəryanın bəyanatının kökündə məhz bu məqam durur. Amma onlar məqsədli şəkildə bunu Azərbaycanın üzərinə atmaq istəyir. Azərbaycan bu istiqamətdə aparılan danışıqlarda daim konstruktiv mövqe ortaya qoyub, prosesi pozan isə Ermənistan olub. Bunu hamı bilir.
Rusiyadan belə fikirlər eşidilir ki, guya prezidentlərin növbəti görüşündə hansısa irəliləyişlər ola bilər. Düzdür, belə şeyləri çox eşitmişik, ancaq ehtiyatla deyirəm ki, bu payızda məsələnin həllində irəliləyişlər gözlənə bilər. Ermənistan ona ediləcək təzyiqləri bildiyi üçün prosesdən yayınır".
Məhəmmədəli QƏRİBLİ