FETÖ terror təşkilatının lideri Fətullah Gülənin Türkiyəyə ekstradisiyasının ləngiməsi Ankaranın Vaşinqtondan narazılığının artmasına səbəb olmaqdadır. Türkiyə bu terrorçunun mümkün qədər tez ekstardisiyasında maraqlı olduğunu bildirir.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hələ Çində amerikalı həmkarı Barak Obama ilə görüşündən sonra bildirib ki, Gülənlə bağlı sənədlər Birləşmiş Ştatlar tərəfinə Türkiyədə baş verən məlum qiyamdan əvvəl təqdim edilib: "Bu terrorçu ilə bağlı sənədlər çevriliş cəhdindən əvvəl ABŞ-a göndərilib. İyulun 15-də qiyamın yatarılmasından sonra hazırlanan sənədlər yenidən ABŞ-dan gələn nümayəndə heyətinə təqdim ediləcək. Hazırda onlar da bu məsələ üzərində işləyir. ABŞ-ın Ədliyyə Nazirliyinin nümayəndə heyəti Türkiyəyə səfərə gəlib. Biz də öz Ədliyyə Nazirliyimizin nümayəndələrini ABŞ-a göndərəcəyik. ABŞ-a, həmçinin, ədliyyə və daxili işlər nazirləri də gedəcək və bu məsələ üzərində birgə işləyəcəklər. Barak Obamaya dedim ki, bu adam, yəni Fətullah Gülən hələ də görüşlər keçirir, müsahibələr verir. Cinayətkarların təhvil verilməsi haqda ölkələrimiz arasında qarşılıqlı razılaşma var. Gülən polis nəzarətində saxlanmalıdır. Onu ya bizə verin, ya da özünüz həbs edin".
ABŞ prezidenti Barak Obama Fətullahçı terror təşkilatının bu il iyulun 15-də dövlət çevrilişinə cəhddən sonra Türkiyə ilə təhlükəsizlik sahəsindəki əlaqələrdə hər hansı zəifləmənin olmadığını bildirib. CNN televiziyasına açıqlama verən Obama qeyd edib: "Türkiyə güclü bir ölkə kimi NATO-nun müttəfiqi olmaqda davam edir. Türkiyə bölgədə bir çox məsələdə əhəmiyyətli müttəfiqimizdir. Təbii ki, Türkiyədə siyasi və sivil bir təhlükənin baş verməsindən həqiqətən də kimsənin şübhəsi yoxdur. Biz Türkiyə xalqını dəstəklədiyimizi hər zaman göstərdik". Amma, ABŞ prezidentinin bu açıqlamalarına rəğmən, Gülənin ekstradisiyasının uzanması Ankaranın narazılığın artırır.
Ölkənin baş nazirinin müavini Numan Kurtulmuş qeyd edir ki, Türkiyə Fətullah Gülənin mümkün qədər tez verilməsini istəyir. "The New York Times" qəzeti yazır: "İndi Türkiyə liderləri Birləşmiş Ştatların Türkiyədəki 15 iyul çevriliş cəhdində əli olmadığını düşünür. Bunu Numan Kurtulmuş da təsdiq edir. Bu açıqlama Türkiyədə ABŞ-ın həmin çevriliş cəhdinə bağlılığına dair bu ölkədə müxtəlif nəzəriyyələrin yayıldığı bir məqamda verilib. Kurtulmuş Türkiyə xalqının bir gözləntisini də dilə gətirib: "ABŞ Fətullah Güləni Türkiyəyə ekstradisiya etsin. Türkiyə Pensilvaniyada yaşayan Güləni çevriliş cəhdini himayədə ittiham edir. Baş nazir müavininin sözlərinə görə, Türkiyə ədliyyə rəsmiləri ABŞ-dakı həmkarlarına 80 qutu fayl göndəriblər, həmin fayllarda Gülənin çevriliş cəhdinə bağlılığını göstərən informasiya var. Buna görə də Gülən Türkiyəyə ekstradisiya olunub mühakimə edilməlidir. Kurtulmuş deyib: "Bu, zaman deyil, niyyət məsələsidir. Amerikalı müttəfiqlərimizin Türkiyə demokratiyasını dəstəkləmək yönündə aydın niyyətini görmək istərdik". Məqalədə vurğulanır ki, çevriliş cəhdindən dərhal sonra Türkiyə liderlərinin nümayiş etdirdiyi qəzəblə müqayisədə Kurtulmuş xeyli mülayim danışıb. Ölkənin bəzi rəsmiləri Birləşmiş Ştatların həmin cəhdin arxasında durmasına inandığını dilə gətirib. Obama administrasiyası isə bunu qətiyyətlə təkzib edib. N.Kurtulmuş bu iddialarla bağlı deyib: "Rəsmi mövqeyimiz aydındır. ABŞ rəsmilərinin dövlət çevrilişi cəhdini dəstəkləməsinə heç bir sübut yoxdur. Belə bir şey olsaydı, bizi öncədən xəbərdar edərdilər". Qəzet qeyd edir ki, son vaxtlar Amerika Türkiyə ilə əlaqələri nizamlamağa çalışır. Amma Gülənin ekstradisiyası bunu əngəlləyir.
Qeyd edək ki, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini, partiyanın xarici əlaqələr komitəsinin rəhbəri, sabiq nazir Mehmet Mehdi Eker sentyabrın 6-da ABŞ-a səfər edib. Səfərdə əsas məqsəd 15 iyul qiyam cəhdinin başında dayanan və hazırda Pensilvaniyada gizlənən Fətullah Gülənin Türkiyəyə ekstradisiyası ilə bağlı danışıqlar aparmaqdır. AKP rəsmisi ABŞ-a 6 nəfərlik nümayəndə heyəti ilə gedib. Hesab edilir ki, ABŞ bu dəfə də Gülənin təhvil verilməsini uzatsa, bu, iki ölkə arasında münasibətləri ciddi şəkildə zədələyəcək.
Tahir TAĞIYEV