"Əminəm ki, ölkəmizdə keçiriləcək referendum normal axarı ilə gedəcək və beynəlxalq qurumların bununla bağlı rəyi müsbət olacaq"
Milli Məclisin deputatı, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri Sahibə Qafarova qurumun Büro, Bərabərlik və qeyri-diskriminasiya komitəsinin iclaslarında iştirak etmək üçün Fransanın paytaxtı Parisə yola düşüb.
Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, Büro iclasında AŞPA-nın oktyabrda keçiriləcək 4-cü sessiyasının gündəliyi müzakirə olunacaq, Azərbaycanda keçiriləcək referendum, Moldovada və Bolqarıstanda prezident seçkiləri, Belarus, İordaniya, Mərakeş, Gürcüstan, Monteneqroda parlament seçkiləri və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılacaq. Bərabərlik və qeyri-diskriminasiya komitəsinin iclasında internet şəbəkələrdə diskriminasiya əleyhinə mübarizə, qadınlara qarşı zorakılığa son qoyulması, onların ictimai həyatda və iqtisadi sahədə hüquqlarının gücləndirilməsi mövzuları müzakirə ediləcək, Milli azlıqların hüquqları üzrə alt komitənin gördüyü işlər, noyabr ayında keçiriləcək Dünya Demokratiya Forumu barədə danışılacaq.
Azərbaycanda keçiriləcək referendumun da AŞPA-nın oktyabrda keçiriləcək sessiyasında müzakirə edilməsinə necə yanaşmaq olar?
Tanınmış QHT rəhbəri Vüqar Qədirov qəzetimizə açıqlamasında bildirdi ki, AŞPA-da bu cür müzakirələrin aparılması normaldır: "Adi prosedur qaydasıdır. Ölkələrdə keçirilən seçkilər qurumun sessiyasında müzakirə olunur. Azərbaycanda bundan əvvəl keçirilən seçkilərə həmin qurum tərəfindən rəy verilib, əksər hallarda da qiymətləndirmə müsbət olub. Qarşıdan seçki gəlməsə də, ümumxalq səsverməsi olacaq. Bu proses də seçkiyə yaxındır. Bu səbəbdəndir ki, AŞPA müzakirələrə referendum məsələsini də salıb. Bilirsiniz ki, Azərbaycan zəngin seçki təcrübəsini mənimsəmiş bir ölkədir. Ölkəmizdə keçirilən seçki və səsvermələr şəffaflıq və dünya standartlarına cavab verən tərzdə keçirildiyi səbəbindən, həmin müzakirələr nəticəsində də fərqli nəyinsə olacağını təxmin etmirəm. Əminəm ki, ölkəmizdə keçiriləcək referendum normal axarı ilə gedəcək və beynəlxalq qurumların bununla bağlı rəyi müsbət olacaq. Yəqin ki, AŞPA-nın müşahidə missiyası da səsverməni yaxından izləyəcək".
Məhəmmədəli QƏRİBLİ