Rusiya prezidenti Vladimir Putin Çinin Xançjou şəhərində G20-lərin Sammiti çərçivəsində ABŞ prezidenti Barak Obama ilə keçirdiyi görüşün detallarını açıb.
Lakin açıqlamalardan belə görünür ki, planlaşdırıldığından artıq – təxminən 90 dəqiqə sürən görüşdə ciddi bir razılaşma əldə olunmayıb. Putinin bildirdiyinə görə, söhbət zamanı anti-Rusiya sanksiyalarına yalnız ötəri toxunulub. ABŞ-la Rusiya arasında hazırkı münasibətləri “anormal” adlandıran Putin ümid etdiyini bildirib ki, bir gün bu münasibətlər müzakirə olunacaq. “Əlbəttə, biz bu müzakirələrə kimi gedə biləriksə”, deyə o qeyd edib. Putin deyib ki, belə görünür, bu yöndə müzakirələr gələcəyin işidir və hələlik onların gündəmə gətirilməsində “bir məna görmür”. Likin onu da qeyd edib ki, ABŞ Rusiya üçün önəmli partnyor olduğundan, nə zamansa “münasibətlərin tam formatlı normallaşmasına” ümid edir.
Danışıqlar mövzusunu təşkil edən qlobal mövzulara gəldikdə isə, Rusiya prezidenti deyib ki, bu məsələləri “detallı şəkildə və kifayət qədər ətraflı şəkildə” müzakirə ediblər. ABŞ-ı Rusiyanın təhlükəsizlik sahəsində əsas partnyoru adlandıran Putin deyib ki, tərəflər Suriya məsələsində əməkdaşlıqla bağlı irəliyə doğru addım atıb. “Düşünürəm, biz qarşımızda hansı problemlərin durduğunu dərk edərək bir-birimizi anlaya biləcək nöqtəyə gəldik. Lakin bəzi texniki problemlər var ki, hələlik həllini gözləyir. Kerri ilə Lavrov bu məsələlərdə çözümə nail olarsa, demək olar ki, Suriya tənzimlənməsində irəliyə doğru addım atmış olacağıq”. Putin onu da deyib ki, Suriya ilə bağlı razılaşmalar yaxın günlərdə əldə oluna bilər.
Öz növbəsində ABŞ prezidenti Barak Obama isə Putinlə görüşünə çox qısa şərh verib. Danışıqların detallarına varmayan Obama yalnız onu deyib ki, anti-Rusiya sanksiyalarının yaxın vaxtlarda qaldırılması söhbət mövzusu deyil. O bildirib ki, Rusiyanın Krım və Ukrayna ilə bağlı Minsk razılaşmasına əməl etməsi hələlik sual altındadır.
Beləliklə, əslində çox ciddi nəticələr verəcəyi gözlənilən görüşün hər iki tərəfin ümidlərini doğrultmadığı ortadadır.
Baki-xeber.com