Dağlıq Qarabağ münaqişəsinin həll prosesinin tezləşdirilməsi və cari il ərzində bu istiqamətdə zəruri addımların atılması Azərbaycanın xüsusi maraq dairəsindədir. Bunu xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT üzvü dövlətlərin xarici işlər nazirlərinin Almaniyanın Potsdam şəhərində keçirilən qeyri-rəsmi toplantısında çıxışı zamanı səsləndirdiyi fikirlərdən də aydın sezmək olar.
Onun sözlərinə görə, bəzən düşünürlər ki, qısamüddətli siyasi məqsədlərə nail olmaq üçün beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymamaq olar: "Bəziləri hətta gücdən istifadə etməklə dövlətlərin ərazi bütövlüyünün əleyhinə onları fəal şəkildə pozur. Acı şəkildə etiraf etməliyəm ki, ATƏT məkanında bu, ilk olaraq qonşu Ermənistan tərəfindən mənim ölkəmə qarşı başladılıb. Beynəlxalq hüquq və BMT TŞ-nın müvafiq qətnamələrini tam şəkildə pozaraq, Ermənistan 20 ildən çoxdur ki, Azərbaycan torpaqlarını işğal edib və zəbt etdiyi bu ərazilərdə bədnam etnik təmizləmə aparıb.
Burada hər kəs Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin reallıqlarını qəbul edir və yaxşı bilir kimdir təcavüzkar! Kim Azərbaycan torpaqlarını işğal edib! Kim ölkəmə qarşı güc tətbiq edir! Kim beynəlxalq və humanitar hüququ pozub! Azərbaycanda bir milyondan artıq qaçqın və məcburi köçkün vardır. Artıq bəsdir! Danışıqlar masasında irəliləyişə nail olmanın və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının zamanı yetişib".
O deyib ki, beynəlxalq səviyyədə tanınmış sərhədlərə hörmət bütün dünya düzəni və beynəlxalq ictimaiyyət üçün mütləqdir: "Bu xüsusda dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin güc tətbiqi ilə dəyişdirilməsinə yönəlik cəhdlərin qəbuledilməzliyi təmin olunmalıdır. Mənfi proseslərdən yan qaçmaq və onların qarşısını almaq üçün biz, Helsinki Yekun Aktının əsas prinsipləri, eləcə də ATƏT-in digər sənəd və qərarları da daxil olmaqla, beynəlxalq hüququn normalarına ciddi riayət olunmasını təmin etməliyik".
Ermənistanda isə hesab olunur ki, Azərbaycan diplomatik fəaliyyət nəticəsində artıq dünyanı diqqətini Qarabağ münaqişəsinin həll olunmasının vacibliyinə yönəldə bilib. Digər tərəfdən Rusiyanın bu prosesə aktiv cəlb olunması da İrəvanda ciddi təlaş yaradıb. "Modus Vivendi" analitik mərkəzinin rəhbəri Ara Papyan açıq bildirir ki,
Qarabağ məsələsində Rusiyanın aparıcı rolu Ermənistan üçün müsbət hal olmayacaq. Onun sözlərinə görə, Rusiya ATƏT-in Minsk Qrupunun həmsədrləri arasında yeganə ölkədir ki, münaqişə tərəflərinə silah satır: "Ermənistanın müttəfiqi olaraq, Rusiya müttəfiqinin düşməninə silah satır. Bu, dünya tarixində görünməmiş haldır. Təbii ki, bizim üçün Rusiyanın aparıcı rolu müsbət hal olmayacaq. Nəzərə alaq ki, xüsusilə Bakıda avqustun 8-də Rusiya, İran və Azərbaycan prezidentlərinin görüşündən və dəmiryolu barədə razılaşmadan sonra Azərbaycanın Rusiyaya təsir gücü artmaqdadır. Bizim üçün mümkün qədər çox vasitəçinin bu məsələyə cəlb edilməsi müsbət hal olardı, belə olan halda, biz fikir ayrılıqları üzərində manipulyasiya edə, balansı qoruya və düzgün siyasət hesabına hər hansı müsbət nəticəyə nail ola bilərik". Bundan əvvəl də Papyan etiraf edib ki, Ermənistan tərəfi 7 rayonu güzəştə gedəcək və qarşılığında Dağlıq Qarabağ üçün aralıq statusu alacaq: "İstəsəniz, bunu qarşılıqlı güzəştlər kimi də xarakterizə etmək olar. Yəni deyəcəklər ki, biz 7 rayonda, onlar isə Dağlıq Qarabağ üçün status məsələsində güzəştə getdilər və üstəlik gələcəklə bağlı əlavə vədlər də verdilər. Məgər bu müqayisə ediləcək güzəştlərdir? Əlbəttə, yox! Bu qarşılıqlı güzəşt deyil, təslim olmaqdır!".
Ara Papyan əmindir ki, Ermənistan və Azərbaycan arasında hərbi balans rəsmi Bakının xeyrinə dəyişib: "Biz, həmçinin, indiki Ermənistan hakimiyyətinin bu balansı bərpa etmək iqtidarında olduğunu görmürük. Bunu faktlar və rəqəmlər də sübut edir... Artıq sübut olunub ki, Ermənistanı hər gün orta hesabla 100 nəfər birdəfəlik tərk edir. Aprel müharibəsində 100 əsgər itirməyimizi o vaxt böyük ürək ağrısı ilə qəbul etdik. Bəs indi - hər gün 100 vətəndaşımızı itirəndə ürəyimiz niyə ağrımır? Axı mahiyyətcə fərqi yoxdur ki, biz insanlarımızı harada və necə itiririk! Və bu bizim hökumətin heç nəyə qadir olmadığını sübut edən ən yaxşı göstəricidir".
Ermənistan siyasi və beynəlxalq tədqiqatlar mərkəzinin direktoru, politoloq Aqasi Yenokyan da maraqlı iddialarla çıxış edir: "Ermənistanda Qarabağla bağlı gizli müzakirələr aparılır. Ola bilsin ki, bu müzakirələr "Lavrov planı" ilə bağlıdır". Onun sözlərinə görə, münaqişənin həlli ilə məşğul olan vasitəçilər İrəvanda polis binasının tutulması ilə baş verən hadisəyə görə Ermənistana öz daxili problemlərini həll etmək üçün vaxt verdi: "Lakin Qarabağ məsələsində Ermənistanın güzəştə getməsi aktual olaraq qalır. Sadəcə olaraq, bizim bunun qarşılığında nə alacağımız dəqiq bilinmir. Yalnız o dəyişdi ki, hakimiyyət ərazilərin qaytarılması haqda danışmaqdan daha çəkinmir". Yenokyan əlavə edib ki, hazırda Ermənistanda ərazilərin qaytarılması ilə bağlı gizli müzakirələr aparılır: "Güman ki, müzakirələrin əsas mövzusu "Lavrov planı"dır. Rusiyanın irəli sürdüyü bu plan rayonların qaytarılmasını nəzərdə tutur. Əslində, İrəvanda baş verən hadisələr Ermənistan üçün təhlükəli olan bu planın həyata keçməsinin qarşısını aldı. Lakin bu müvəqqətidir. Ermənistana vaxt verilib və bu vaxt yaxınlarda bitəcək. Ermənistan daxilindəki gizli müzakirələri nəzərə alsaq, artıq vaxtın bitdiyini də deyə bilərik".
Nahid SALAYEV