Qardaş Türkiyənin Suriyada başladığı hərbi əməliyyatlar fonunda Ankara və Vaşinqton arasında münasibətlərin getdikcə daha da gərginləşməsi müşahidə olunur. Məsələ burasındadır ki, ABŞ bu əməliyyatlarla bağlı Türkiyəyə verdiyi vədlərə əməl etmir, həmçinin kürd qüvvələri üzərində təsir imkanlarından yayınır. Bu isə Türkiyənin Suriyada əlavə çətinliklərlə üzləşməsinə səbəb olur. Amma Ankara bu çətinliklər qarşısında geri çəkilmir və belə vəziyyətdə ABŞ-a olan inam daha da azalır.
Bu arada isə bəlli olub ki, Türkiyə Silahlı Qüvvələrinin dəstəklədiyi Azad Suriya Ordusu Çobanbəy ilə Cerablus arasındakı əraziləri ələ keçirmək üçün "Fərat qalxanı" əməliyyatının 2-ci mərhələsinə başlayıb. Artıq 90 kilometrlik ərazinin 39 kilometrinə müxaliflərin nəzarət etdiyi açıqlanıb. Məlumata görə, Sabuniyə, Qərbi Şeynat və Telşine kəndləri İŞİD-dən geri alınıb. Ankara, ehtiyac olacağı təqdirdə, bölgəyə əlavə hərbi qüvvələr yeridəcəyini də açıq bəyan edib. Amma bütün bunlara rəğmən, ABŞ-ın bölgədə kürd siyasəti Türkiyənin mövqeyi ilə tam ziddiyyət təşkil edir. Bu da qarşılıqlı münasibətlərə təsirsiz ötüşmür.
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Milliyət" nəşrinə müsahibəsində qarşılıqlı münasibətlərin xoş olmadığını bildirir. O, PKK terror təşkilatının Suriya qanadı olan PYD-nin Suriyada Fərat çayının şərqinə geri çəkilməli olduğunu bildirib:"Münbic əməliyyatına PYD-nin qatılmamasını istədik. Amerikalılar az sayda PYD-nin hərbi qanadı olan YPG-nin əməliyyata qatılmasının əhəmiyyətli olduğunu söylədilər. Biz buna qarşı çıxdıq. ABŞ prezidenti Barak Obama isə bizə söz verdi ki, PYD əməliyyat bitən kimi Fəratın şərqinə geri dönəcək. Amma hələ dönməyiblər. PYD Fəratın şərqinə dönməsə, ABŞ-a olan etibar tamamilə itər". Bu arada isə ABŞ-ın ikibaşlı oyunu barədə yeni maraqlı məqamlar üzə çıxır. Belə ki, Suriyanın şimalında Türkiyənin başladığı "Fərat qalxanı" əməliyyatı davam etdiyi vaxtda şok bir iddia irəli sürülüb. Bildirilir ki, ABŞ aviasiyası Türkiyə hərbçiləri və Azad Suriya Ordusunun döyüşçülərinə söz verdiyi köməyi göndərməyərək onları böyük bir təhlükəyə atıb. Əməliyyat çərçivəsində Külliyyə kəndinə daxil olan Azad Suriya Ordusunun gücləri və arxada təhlükəsizliyi təmin etməyə çalışan Türkiyə Silahlı Qüvvələrinin zirehli texnikası İŞİD döyüşçülərinin raket atəşinə məruz qalıb. Hücum nəticəsində 3 əsgər yaralanıb. İŞİD terrorçuları bir tankı raketlə vurublar. Terrorçular müxalifət güclərini iriçaplı silahlarla müxtəlif istiqamətlərdən atəşə tutublar.
Türkiyə Silahlı Qüvvələri "İncirlik" bazasında olan və havada patrul keşiyi çəkən koalisiya güclərindən təcili dəstək istəyib. Ancaq ABŞ tərəfi razılaşmaya görə müraciətə müsbət cavab verməyə məcbur olsa da, hava dəstəyi göstərilməyib. Nəticədə, Türkiyə Silahlı Qüvvələri özünün döyüş təyyarələrini havaya qaldırmağa məcbur olub. Türk qırıcıları hədəfləri müvəffəqiyyətlə vuraraq qurudakı güclərin təhlükəsizliyini təmin edib. Amerikanın komandanlıq etdiyi koalisiya gücləri türk döyüş təyyarələrindən yalnız 3 saat sonra döyüş bölgəsini bombardman ediblər. Türkiyə tərəfi isə bunu xəyanət kimi qiymətləndirir. Türkiyənin Vətən Partiyasının sədri Doğu Perincek də baş verənlərlə bağlı maraqlı iddialarla çıxış edib. O, türk tankının vurulmasında ABŞ-ın əlinin olduğunu bildirib: "Türk tankına ABŞ raketi atıldı. O raketin tətiyini çəkəcək qabiliyyət PYD-də yoxdur. Varsa belə, onu amerikalılar öyrədir. Qarşımızda ABŞ var. Vaşinqton terrorçulardan bizə qarşı istifadə edir. Türkiyə ABŞ-ın Vyetnama girişini təkrarlamadı. Vyetnam hazırki Suriyadır. Türkiyə ABŞ-a qarşı Vyetnama yardım edir". Partiya sədri onu da əlavə edib ki, ABŞ-ın strategiyası Türkiyənin milli hədəfi ilə uyğun gəlmir.
Belə vəziyyət isə Türkiyəni ABŞ-dan uzaqlaşdıraraq onu digər dövlətlərlə əlaqələri dərinləşdirməyə sövq edir. Söhbət ilk olaraq Rusiya və İrandan gedir. Yaxın Şərq üzrə ekspert Arif Kəskin də qeyd edib ki, əməliyyatın uğuru Türkiyənin yaradacağı ittifaqlardan asılı olacaq: "Rusiya, İran və Suriya ilə lazımı ittifaqlar olmadan regionda uğur qazanmaq mümkün deyil". Arif Kəskin onu da qeyd edib ki, Türkiyə xarici siyasətində yeni proses başlaya bilər: "ABŞ Türkiyəni hər gün daha çox məyus edir. Türkiyənin xarici siyasətini formalaşdıracaq yeni platforma yarana bilər. Hökumət anlayır ki, amerikalılarla öz hədəflərinə nail ola bilməyəcək. Proseslər Türkiyəni İrana və Rusiyaya doğru itələyir. Bunu hələ Cerablus əməliyyatına qədər başlanan proses göstərir. Suriyadakı son əməliyyat İran və Rusiya ilə münasibətlərin möhkəmləndirilməsinə imkan yarada bilər. Türkiyə aydın şəkildə anladı ki, ABŞ-la Suriyada istədiyinə nail ola bilməyəcək. Türkiyənin xarici siyasətinə yeni paradiqma və yeni konsepsiya lazımdır. Türkiyə özünün əvvəlki uğursuz və nəticəsiz siyasətindən imtina etməlidir. Yeni strategiya qurulmalıdır".
Nahid SALAYEV