"Narahatlıq üçün ciddi əsas görmürəm"
Türkiyədə nəşr olunan "Sözçü" qəzetinin yazarı Can Ataklı prezident Rəcəb Tayyib Ərdoğanla Rusiya dövlət başçısı Vladimir Putin arasında avqustun əvvəllərində Sankt-Peterburqda keçirilən danışıqların detalları haqda yazıb.
Müəllif məlumatları "Putinə yaxın, Kremlə girib-çıxan rusiyalı analitikdən" aldığını bildirir. Onun sözlərinə görə, danışıqlarda Putin Ərdoğan qarşısında 7 şərt qoyub. Mənbənin türkiyəli yazara çatdırdığına görə, Putinin ikinci şərti Qarabağ haqda olub. Sitat: "Qarabağ məsələsində konstruktiv olun. Bu məsələ bizim üçün önəmlidir. Sizin üçün də Azərbaycana görə önəmlidir, bunu bilirik, ancaq artıq yetər, konstruktiv davranın. Bu problemin də həll edilməsi gərəkdir. Bizimlə inad edərək, problemi həll etmək yerinə daha da qəlizləşdirirsiniz".
Bu arada xatırlatmaq lazımdır ki, Putin Ərdoğanla danışıqlardan cəmi iki gün əvvəl Bakıda səfərdə olub, Dağlıq Qarabağ münaqişəsinə dair Azərbaycan Prezidenti ilə danışıqlar aparıb. Ərdoğanla görüşdən sonra isə Moskvada Ermənistan prezidenti Serj Srkisyanı qəbul edib.
Keçmiş amerikalı səfir Metyu Brayza bir neçə gün əvvəl "Atlantc Council" mərkəzinin saytında dərc olunmuş sensasion məqaləsində yazırdı ki, Putin Sarkisyana işğal edilmiş rayonlardan 2-nin boşaldılmasını, əvəzində Azərbaycan və Türkiyə tərəfdən Ermənistana gedən bütün kommunikasiyaların açılmasını təklif edib. İndi türkiyəli yazarın istinad etdiyi məlumat bu planın Putinin Azərbaycan və Türkiyə prezidentləri ilə danışıqlarda müzakirə edildiyini deməyə əsas verir.
Putin tərəfindən Ərdoğana doğrudan da belə bir şərt qoyularsa, Azərbaycanı nə gözləyə bilər?
Politoloq Qabil Hüseynlinin sözlərinə görə, hələlik bu məlumat rəsmi təsdiqini tapmayıb: "Rəsmi olmayan məlumatla bağlı konkret şərh vermək də asan deyil. Ancaq, istənilən halda, məlumdur ki, Dağlıq Qarabağ münaqişəsi həm Türkiyənin, həm də Rusiyanın yaxın maraq dairəsinə aid olan məsələdir. Qəzetin yazdığı ifadələr bir qədər mübahisəli görünür. Çünki həmin danışıqların mahiyyətinə uyğun olmayan ifadə tərzləri ortaya qoyulub. Məsələn, Putinə xitabən işlədilən: "Bizimlə inad edərək problemi həll etmək yerinə daha da qəlizləşdirirsiniz" fikri diplomatik etiket normalarını aşır. Böyük bir ölkənin prezidenti bu fikri başqa və kobud olmayan tərzdə Ərdoğanın nəzərinə çatdıra bilərdi. Türkiyə Dağlıq Qarabağ probleminin həllinə özünəməxsus yanaşır. Təbii ki, bu, Rusiyanın yanaşmasından fərqlənir. Çünki Türkiyənin Ermənistanla problemi yalnız Dağlıq Qarabağa görə bitmir. Əsassız soyqırım iddiaları ilə Ermənistan bütün dünyaya car çəkir. Bu səbəbdən də Türkiyəni münaqişənin həllinə yaxın buraxmırlar. Dağlıq Qarabağla bağlı aparılan danışıqların mahiyyətində həm də Ermənistanı blokadadan çıxarmaq istəyi durur. Türkiyə isə bunun Ermənistan işğal etdiyi torpaqlardan geri çəkiləcəyi təqdirdə mümkün olduğunu bildirir. Yəni, istər-istəməz, Türkiyə problemin həllində yer alır. Təbiidir ki, iki ölkə başçısının görüşündə Dağlıq Qarabağ probleminə toxunulub. Ancaq deyilən tərzdə yox. Bu məsələ hər zaman prezidentlər arasında müzakirə mövzusu olub. Narahatlıq üçün ciddi əsas görmürəm".
Məhəmmədəli QƏRİBLİ