"Azərbaycanla bağlı səslənən fikirlər Avropa Parlamentinin rəsmi mövqeyi deyil"
Məlum olduğu kimi, avqustun 31-də Avropa Parlamentinin İnsan Haqları Alt Komitəsində dinləmə keçirilib. Dinləmədə ümumilikdə korrupsiyanın insan haqlarına təsiri, həmçinin Avropa Birliyinin korrupsiya və insan haqları sahəsindəki siyasəti və bu siyasətin həyata keçirilməsi tədbirləri və səmərəliliyi müzakirə edilib. Azərbaycanda olan bəzi dairələr bu dinləməni yanlış istiqamətdə təqdim edib. Həmin iddialarda bildirilib ki, guya həmin dinləmədə Avropa Parlamenti tərəfindən Azərbaycana sanksiyalar qəbul edilməsi məsələsi qaldırılıb.
Həmin dinləmələrin əsl mahiyyəti nədən ibarət olub?
Ekspert Yeganə Hacıyevanın sözlərinə görə, dinləmədə Azərbaycanla bağlı səslənən fikirlər Avropa Parlamentinin rəsmi mövqeyi deyil, iştirakçılardan birinin fərdi fikirləri olub: "Xüsusilə Azərbaycanla bağlı hədəfli sanksiyalara çağırışın səslənməsi, rəsmi Bakı ilə bağlı sanksiya mövzusunun yenidən gündəmə gətirilməsi təklifi iştirakçılardan birinin-idman tədbirləri fonunda insan haqları uğrunda koalisiyada olan və QHT fəaliyyəti göstərən ekspertlərdən birinin fikri olub. Bunu Avropa Birliyinin və ya Avropa Parlamentinin rəsmi mövqeyi kimi qələmə vermək doğru deyil. Ümumiyyətlə isə, fikrimcə, hazırda Avropa Birliyinin durumu özlüyündə köklü həll tələb edən məsələlər, qurumun özü üçün aydın olmayan bir neçə böhranlı vəziyyət üzündən çoxlu suallar doğurur. Buna misal olaraq üzv ölkələrin artan borclanması fonunda avro maliyyə zonasının inkişaf edən böhranı, artan terror, silahlı münaqişələr və qaçqın böhranı qarşısında AB-nin acizliyi, Şengen zonası və AB-nin struktur böhranı və bütün yuxarıda sadaladığım böhranın nəticəsi kimi Avropa Birliyində baş tutan ilk parçalanmanı göstərmək olar. Xüsusi narahatlıq kimi qurumun gələcək, sabit iqtisadi dayanıqlığının artırılması üçün Avropa İttifaqı və ABŞ arasında azad ticarət zonasının yaradılması, həmçinin, transatlantik ticarət və investisiya tərəfdaşlığı danışıqlarının uğursuzluqla nəticələnməsini göstərə bilərik. Bütün bu sadalananların fonunda Avropa Birliyinin Avropanın enerji təhlükəsizliyinin iştirakçı ölkələrindən biri, güvənli enerji və təhlükəsizlik tərəfdaşı olan Azərbaycanla bağlı qarşılıqlı münasibətlərdə narahatlıq gətirə biləcək hər hansı neqativ addımı atacağı məndə şübhə doğurur".
Məhəmmədəli QƏRİBLİ