Özbəkistana uzun illər rəhbərlik edən İslam Kərimovun son durumu haqqında hələ də təzadlı xəbərlər dolaşır. Onun həyatda olmadığını deyənlər, bunun əksini söyləyənlər isə, görünür, özləri də hələ tam dəqiq məlumata malik deyillər. Xatırladaq ki, bir neçə gün əvvəl 78 yaşlı İslam Kərimov beyinə qan sızması diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Artıq bu şəxsin ölkəyə rəhbərlik edə biləcəyi ciddi sual altındadır. Bunun isə ölkənin daxili və xarici həyatına təsirsiz ötüşməyəcəyi haqda fikirlər səslənir.
"Foreign Policy" dərgisi yazır ki, Özbəkistanda durum həssasdır. İki böyük maliyyə tərəfdaşı olan Rusiya və Çindəki iqtisadi təlatümlər bu ölkəyə təsirsiz ötüşməyib. Üstəlik, ölkədə radikal islamçılıq problemi var. Qeyd olunur ki, bundan əvvəl İslam Hərəkatı Özbəkistanda hökuməti devirib Orta Asiyada xilafət qurmaq istəyirdi. Lakin bu hərəkat Orta Asiyadan sıxışdırılıb çıxarıldı və fəaliyyətini Əfqanıstana və Pakistana yönəltdi. Amma 2014-cü ildə İŞİD qruplaşmasının yüksəlişindən sonra onlar da fəallaşdılar: "Özəlliklə də dini azadlıqların daha çox repressiya olunması xeyli adamı ekstremist qruplara cəlb edəcək. Siyasi plüralizm olmayan yerdə dini ekstremizm hakim rejimə qarşı çıxanları birləşdirən hazır qüvvə rolunu oynayır". Qeyd olunur ki, hazırda, Rusiya da daxil olmaqla, bütün regional oyunçular Kərimovun mümkün vəfatından sonra Özbəkistanda vəziyyətin necə dəyişəcəyini təxmin etməyə çalışırlar. Rusiyalı hərbi ekspert Pavel Felqenhauer hesab edir ki, Kərimovun ölümündən sonra Özbəkistanın ikinci Suriyaya çevrilməsi təhlükəsi var. Ekspert Özbəkistanın müsəlman əhalisinin uzun illərdir Kərimovun zülmü altında inlədiyini, indi onun ölümünün ekstremizm əhvalını gücləndirəcəyini və müxalif Özbəkistan İslam Hərəkatının fəallaşacağını deyir. Özbəkistan İslam Hərəkatının düşərgələri Əfqanıstandadır, onlar İŞİD "xəlifəsi" Bağdadiyə biət ediblər. Ekspertə görə, Kərimovun ölümü ilə bağlı Özbəkistanda vəziyyət qarışsa, islamçılar Əfqanıstandan bu ölkəyə müdaxilə edəcək. Özbəkistan ordusu isə bunun qarşısını ala bilməyəcək.
Amma problem tək bununla da bitmir. Belə ki, Özbəkistanın iki qonşu ölkə ilə də münasibətləri gərgindir. Onlardan biri olan Tacikistan Özbəkistan hakimiyyətinin ən çətin münasibətlərə malik olduğu ölkə sayılır. Analitiklər iki ölkə arasındakı münasibətləri son illərdə hətta "soyuq müharibə" adlandırıblar. Özbəkistan Düşənbənin, demək olar, bütün su-enerji təşəbbüslərinə qarşı çıxır, eyni zamanda Tacikistan və digər qonşu olan Qırğızıstanda su-elektrik stansiyalarının tikilməsinin əleyhinədir. Daşkənd belə bir narahatlıq ifadə edir ki, çayların üzərində əlavə stansiyalar Özbəkistan, Qazaxıstan və Türkmənistanda su qıtlığı yaradaraq ekoloji problemlərə səbəb ola bilər. Bu arada isə Qırğızıstan Özbəkistana Orto-Toki su anbarının yerləşdiyi əraziləri tərk etmək çağırışı edib. İslam Kərimovun səhhətində məlum olaylardan sonra rəsmi Bişkek Özbəkistanın istifadə etdiyi Orto-Toki su anbarının Qırğızıstan ərazisi olan Cəlalabad rayonunda yerləşməsi məsələsini yenidən gündəmə gətirib və Daşkənddən həmin əraziləri tərk etməsini tələb edib. Qırğızıstanın yerli informasiya agentliklərindən biri hökumətdəki mənbələrə istinadən məsələnin çox sərt şəkildə qoyulduğunu yazır:"Bişkek Özbəkistan tərəfinə dəfələrlə bildirib ki, Orto-Toki su anbarı Qırğızıstana aiddir və onun ərazisində yerləşir". Mənbə qeyd edir ki, Qırğızıstan dövləti ərazi bütövlüyü və dövlət sərhədlərinin toxunulmazlığı prinsipini əsas gətirərək, Özbəkistanı beynəlxalq hüquq normalarına əməl etməyə çağırır.
Qeyd edək ki, Mərkəzi Asiyanın əsas problemlərindən olan su mübahisəsinin əsası SSRİ dövründə qoyulub. Belə ki, 1930-cu ildə Özbəkistanın Fərqanə vadisində pambıq istehsalı inkişaf etdiyi üçün SSRİ bu bölgəyə güclü dəstək verib. 1940-cı ildə 660 hektarlıq Qırğızıstan ərazisi su hövzəsinin tikilməsi üçün Özbəkistana verilib. 1972-ci ildə su rezervləri genişləndirilib. Amma sovet imperiyası dağılandan sonra qırğızlar tarixi torpaqlarını geri istəyiblər. Özbəklər isə həmin əraziləri qaytarmaq niyyətində deyil.
İslam Kərimovun insult keçirməsindən sonra Bişkekin tarixi mübahisəni yenidən dirçəltməsi Mərkəzi Asiyada 20 ildir aktual olan su müharibəsinin baş vermə ehtimallarını gündəmə gətirir. Görünür, indiyə qədər sərt siyasəti ilə Qırğızıstana meydan oxuyan Kərimovun yoxluğu Bişkeki bu addımları atmağa cəsarətləndirib. Amma Özbəkistanın da mövqeyindən geri çəkiləcəyi qətiyyən inandırıcı sayılmır.
Nahid SALAYEV