Rusiya və Türkiyə arasında münasibətlərin yenidən normallaşması bölgədə geosiyasi proseslərin inkişaf axarına da əhəmiyyətli dərəcədə təsir göstərib. Ekspertlər qeyd edir ki, Türkiyənin Suriyada hərbi əməliyyatlara başlaması, Rusiyanın isə buna seyrçi mövqedən yanaşması da məhz qarşılıqlı münasibətlərin normallaşmasından irəli gəlir.
Cənubi Qafqaz regionu üzrə ekspert Tomas de Vaal "Carnegie Europe" nəşrində dərc olunan məqaləsində məsələnin bu tərəfinə nəzər salaraq yazır ki, Rusiya və Türkiyənın altı aylıq soyuq münasibətlərdən sonra yaxınlaşmaq üçün əsaslı səbəbləri var. Onun fikrincə, Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan əlaqələri bərpa etməklə Qərbə öz narazılıqlarını çatdırmaq istəyirlər.
Ekspertin sözlərinə görə, Türkiyənin Rusiyanın "SU-24" təyyarəni vurmasından sonra bir çox oyunçular, o cümlədən Azərbaycan və Mərkəzi Asiyanın türk dövlətləri heç kimin tərəfini tutmamağa çalışırdı. Bu isə kifayət qədər effektiv mövqe oldu. Çünki sonda Rusiya və Türkiyə yenidən bir aradadır. Tomas de Vaal hesab edir ki, Moskva və Ankara arasında münasibətlərin soyuması Türkiyə iqtisadiyyatına ciddi zərbə vurub: "Çünki Rusiya Türkiyə istehsalı olan malların idxalını dayandırdı. Eyni zamanda, Türkiyəyə gedən rusiyalı turistlərin sayı qat-qat azaldı. Digər tərəfdən Rusiyaya da zərbə dəydi. Axı onlar Qara dənizin dibindən keçəcək "Türk axını" layihəsi ilə Avropaya qaz ixracında Ukraynadan asılılığı azaltmaq istəyirdi". Amma indi bütün bunlar arxada qalıb. Tərəflərin yaxınlaşması isə ən çox Qərbin maraqlarına zərbə vurur. Tomas de Vaalın fikrincə, ruslar və türklər Avropanın onlara qarşı ədalətli olmadığını hesab edirlər. O da vurğulanır ki, hər iki ölkənin liderləri NATO kimi ittifaqların və Avropa Birliyi kimi çoxmillətli təşkilatların zəiflədiyi və qüvvəsini itirdiyi dünyanı görür: "Hər iki lider bu cür ittifaqların müvəqqəti olduğu dünyada özünü daha rahat hiss edir". hesab olunur ki, qarşıdakı müddət ərzində Türkiyə və Rusiya arasında münasibətlər daha da inkişaf edəcək, əlaqələr daha da dərinləşəcək. Məsələnin maraq doğuran tərəfi isə bunun Qarabağ münaqişəsinə hansı təsir göstərəcəyidir.
Hesab edilir ki, Rusiya və Türkiyənin ortaq maraqları və ortaq gündəm mövzuları fonunda Dağlıq Qarabağ münaqişəsi də getdikcə əsas yerlərdən birini tutur. İki ölkə arasındakı yaxınlaşma bu mənada Dağlıq Qarabağ münaqişəsinin həllinə çox müsbət təsir edə bilər. Çünki Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı olması və Rusiya ilə Azərbaycanın strateji əməkdaşlıq səviyyəsində münasibətlərinin olması müəyyən müsbət nəticələrə gətirib çıxarmaq iqtidarındadır. İstisna deyil ki, Ankara və Moskvanın Qarabağ məsələsində təşəbbüsləri aktiv fazaya keçəcək. Çünki əks halda Qarabağ münaqişəsi yenidən alovlanmaq iqtidarındadır və bunu Ermənistanda da açıq etiraf edirlər. Ermənistanın "Aravot" qəzeti bununla bağlı yazır: "Avqust ayında Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün keçirilməsi planlaşdırılırdı. Lakin bu baş tutmadı". Qəzet yazır ki, Rusiya prezidenti Vladimir Putin aprel müharibəsindən sonra münaqişənin həlli ilə bağlı konkret nəticələr əldə etmək istəyirdi. Lakin Ermənistan tərəfi əvvəlcə buna razılaşsa da, sonradan mövqelərini dəyişib: "İrəvan "Lavrov planı"nı bloklayır və Moskvanın, eləcə də Bakının münaqişənin həlli ilə bağlı planlarına qarşı çıxır. Belə vəziyyət isə yeni müharibəyə gətirib çıxara bilər".
Qeyd edək ki, aprel müharibəsindən sonra Vyana görüşü keçirildi. Ardınca Rusiyanın təşəbbüsü ilə Sankt-Peterburq görüşü baş tutdu. Gözləntilərə görə, bu görüşlərdə münaqişənin həlli ilə bağlı konkret razılıqlar əldə olunub və Ermənistan tərəfi ərazilərin qaytarılması haqda vəd verib. Azərbaycan tərəfi də məhz bu razılıqlara görə işğal altındakı ərazilərinin azad olunması üçün müharibə variantını təxirə salıb. Lakin Ermənistan vədinə əməl etməyəcəyi təqdirdə müharibə yenidən alovlanacaq. Bölgədə sülhyaradıcı missiya rolunu oynamaq istədiyini göstərən Rusiya üçün isə bu hal məqbul deyil. Digər tərəfdən Türkiyə də Rusiya ilə təmaslarında münaqişənin həlli məsələsini ön plana çıxarır. Bu da iki dövlətin iştirakı ilə konfliktin həllinin sürətlənə biləcəyini istisna etmir.
Nahid SALAYEV