Dünən Suriyanın Cerablus bölgəsində Türkiyə tankının vurulmasından sonra həmin vaxt bölgədə uçuşlar keçirən ABŞ təyyarələrindən təcili dəstək istəndiyi, ancaq təyyarələrin hədəfləri bombardman etməkdən imtina etdiyi ortaya çıxıb.
Baki-xeber.com Türkiyə KİV-nə istinadən xəbər verir ki, ABŞ Cerablus bölgəsində İŞİD-in hücumuna məruz qalan türk tankı və Azad Suriya Ordusunu (OSO), əvvəlcədən söz verdiyi hava dəstəyini göndərməyərək böyük bir təhlükəyə atıb.
Əməliyyatlar zamanı Külliyyə kəndinə girən OSO və arxada təhlükəsizliyi təmin etməyə çalışan tank İŞİD yaraqlılarının raketlə hücumuna məruz qalıb. Hücum nəticəsində üç əsgər yaralanıb.
Anadolu Agentliyinin kənddəki əməliyyata qatılan OSO qaynaqlarından əldə etdiyi məlumata görə, terrorçular ilk olaraq tankı raketlə vurublar. Sonra İŞİD eyni vaxtda ağır silahlarla müxaliflərə müxtəlif istiqamətlərdən hücum etməyə başlayıb.
Bölgədəki Türkiyə Silahlı Qüvvələrinin zabitləri "İncirlik" bazasından qalxan və həmin vaxt havada olan koalisiya qüvvələrinin təyyarələrindən təcili dəstək istəyib. Ancaq Türkiyə-ABŞ razılaşmasına baxmayaraq, sözügedən saatlarda Amerika tərəfinin vermək məcburiyyətində olduğu hava dəstəyi verilməyib.
"İncirlik"dəki amerikalı hərbi səlahiyyətlilər də havada olan koalisiya təyyarələrini müttəfiq Türkiyə ordusunun köməyinə göndərməyib. Bu dəstək bilinməyən səbəblərlə təxminən bir neçə saat gecikdirilib.
Bundan sonra Türkiyə öz döyüş təyyarələrini havaya qaldırmaq məcburiyyətində qalıb və hədəflər məhv edilib. Amerikalıların rəhbərlik etdiyi koalisiya təyyarələri isə Türkiyə döyüş təyyarələrindən üç saat sonra bölgəni bombardman edib. Həmin vaxt isə hədəflər artıq Türkiyə təyyarələrilə yox edilmişdi, koalisiya təyyarələrinin isə boş ərazini bombaladığı bildirilir. "Əməliyyat zamanı ABŞ havadan dəstək sözü vermişdi. Amma bu dəstək gəlmədi. Qarşıdurmada yaralananlar oldu. Böyük itkilər verə bilərdik. Amerikalıların verməsi lazım olan dəstək də planın bir parçası idi. Yəni bunu etmək məcburiyyətində idilər. Amma bizi orada yolda qoydular. Hava müdaxiləsi onlara görə gecikdi. Son anda Türkiyə təyyarələri yetişdi" - deyə Suriyadakı müxalif mənbə bildirib.
TAHİR