Özbəkistan prezidenti İslam Kərimovun səhhəti dünya mediasının diqqət mərkəzindədir. Avqustun 29-da sosial mediada, bəzi media qurumlarında onun ölüm xəbəri yayılsa da, rəsmilər təkzib etdilər (Azadlıq radiosu).
«Stratfor» Araşdırmalar Mərkəzi yazır ki, Kərimovu əvəzləməyə ən real namizəd Baş nazir Şavkat Mirziyoyevdir, çünki o, ölkənin iki güclü klanından birini – Səmərqənd klanını təmsil edir. Özbəklər də ona etibar edirlər. Amma Daşkənd klanının da dinc durmayacağı görünür. Onların rəhbəri, təhlükəsizlik xidmətinin şefi Rustam İnoyatov ölkədə prezidentdən sonra ikinci şəxs sayılır.
«İnoyatov Mirziyoyevin yüksəlişinə qarşı çıxıb. Ola bilsin, ikisi başqa bir namizəd, məsələn, baş nazirin müavini Rustam Azimovla bağlı razılığa gəlsinlər. Ya da mümkündür ki, hakimiyyəti bölüşdürməyə razılaşsınlar, Mirziyoyev prezident postunu tutsun, İnoyatov pərdəarxası hakimiyyətə yiyələnsin», - təhlildə vurğulanır.
Mərkəz qeyd edir ki, Kərimovun taleyi regionda geniş dəyişikliklərə təkan verə bilər. O, həm Əfqanıstanla sərhəddəki sabitsizliyi, həm də qonşu Qırğızıstanla gərginliyi yatırtmağa çalışırdı. Yoxluğu isə bu problemləri alovlandıra bilər: «Üstəlik, Özbəkistanın daim sürdürdüyü neytrallıq siyasəti də dəyişə bilər. Kərimov ölkəsinin Rusiya, Çin və Birləşmiş Ştatlarla münasibətlərini uğurla balanslaşdırırdı. Kreml bu ölkəni müxtəlif alyanslarda iştiraka çağırsa da, buna duruş gətirirdi. Mirziyoyevin Moskva ilə daha dərin əlaqələri olduğu bildirilir. Amma o da hakimiyyətə gələrsə, ölkənin neytrallığını tələb edən qüvvələrlə mübarizə aparmalı olacaq».
«Foreign Policy» dərgisi də Kərimovun varisinin kim olacağı sualına cavab tapmağa çalışır. Müəllif qeyd edir ki, Kərimovun xəstəxanaya yerləşdirilməsi və ölkədə siyasi keçid ehtimalının güclənməsi Özbəkistanda, eləcə də Orta Asiyada böyük iqtisadi və təhlükəsizlik problemlərinin yaşandığı bir dönəmə düşür.
«Prosesin nə qədər hamar gedəcəyindən asılı olmayaraq, Kərimovun vəzifədən kənarlaşmasından itirənlər olacaq», - Milli Müdafiə Universitetində professor köməkçisi Erika Marat «Foreign Policy» dərgisinə bildirib: «Ölkədə varisliklə bağlı heç bir hazırlıq görülməyib, açıq seçki təcrübəsi də yoxdur. Bu səbəbdən, hakimiyyətə kim gəlsə, eyni siyasi repressiyanı, sərt metodları davam etdirəcək».
Yazıda qeyd olunur ki, vaxtilə prezidentin qızı Gulnaraya varis kimi baxırdılar. Amma onun adı İsveçdə və İsveçrədə korrupsiya qalmaqalında çəkiləndən sonra gözdən düşdü və hazırda Daşkənddə ev dustağıdır.
«Gulnaradan canlarını qurtarıb yeni plan cızmağa başladılar. Kərimovun xəstəliyinin elanı, əslində, varislik məsələsində qərarın verildiyini göstərir», - bunu Qlazqo Universitetində Orta Asiya üzrə ekspert Luka Ankesçi deyir: «Onlar davamlılığı planlaşdırırlar. Rəhbərlik dəyişəcək, rejim yox».
Müəllif qeyd edir ki, Özbəkistanda, onsuz da, durum həssasdır. İki böyük maliyyə tərəfdaşı olan Rusiya və Çindəki iqtisadi təlatümlər bu ölkəyə təsirsiz ötüşməyib. Üstəlik, ölkədə radikal islamçılıq problemi var. Siyasi müxalifət sıxışdırılıb, ekstremist qruplar narazılıqdan ötrü nəfəsliyə çevrilib. Özbəkistan İslam Hərəkatı hökuməti devirib Orta Asiyada xilafət qurmaq istəyirdi. Bu hərəkat Orta Asiyadan sıxışdırılıb çıxarıldı və fəaliyyətini Əfqanıstana və Pakistana yönəltdi. Amma 2014-cü ildə «İslam Dövləti» (İŞİD) qruplaşmasının yüksəlişindən sonra onlar da fəallaşdılar.
«Özəlliklə də dini azadlıqların daha çox repressiya olunması xeyli adamı ekstremist qruplara cəlb edəcək. Siyasi plüralizm olmayan yerdə dini ekstremizm hakim rejimə qarşı çıxanları birləşdirən hazır qüvvə rolunu oynayır», - müəllif deyir.
Müəllif yazır ki, cümə axşamı Özbəkistan dövlət müstəqilliyinin 25-ci ildönümünü qeyd edəcək. Kərimovun taleyi, indilik, bəlli deyil. Ola bilsin, ölkə tarixində ilk dəfə olaraq bu tədbir prezidentsiz keçsin.
58 yaşlı baş nazir Şavkat Mirziyoyev 2003-cü ildən bəri hökumətə başçılıq edir. Mirziyoyev əslən ölkənin Cizzax əyalətindəndir. Cizzax Kərimovun vətəni Səmərqənd əyalətinin qonşuluğunda yerləşir. Mirziyoyevin Cizzax və Səmərqənd klanları tərəfindən dəstəkləndiyi deyilir. Kərimovun xəstəxanaya yerləşdirilməsi barədə yeganə rəsmi açıqlamanın Nazirlər Kabinetindən gəlməsi də təsadüfi olmaya bilər.
Bəzi tənqidçilər Mirziyoyevi məntiqsiz və aqressiv qatil kimi xarakterizə edirlər. Cizzax əyalətinin qubernatoru olduğu dövrdə (1996 - 2001) onun ən azı bir fermerə fiziki təzyiq göstərdiyi bildirilir. Fermerin günahı əyalətdəki şəraitdən şikayətlənmək cəsarəti idi. Qubernator vəzifəsində onu əvəzləyən Ubaidulla Yamankulov isə postundan helikopterdə, özü də qolları qandallı vəziyyətdə gedib. Onun seçiciləri döyməsi barədə çoxsaylı şikayətlər və qoçu dəstəsi saxladığı barədə iddialar daxil olmuşdu. Əlbəttə ki, Mirziyoyev Yamankulovu yaxşı tanıyırdı.
Özbəkistanın əsas rəsmiləri arasında Mirziyoyev "beyin" yox, "yumruq" kimi tanınır.
Son beş il ərzində Özbəkistanın konstitusiyasına dəyişikliklər edilib. Ən azı, kağız üzərində baş nazirin səlahiyyətləri artırılıb. Bu, Mirziyoyevin xeyrinə işləyə bilər.
Ancaq 1990-cı illərin sonlarında Səmərqənd klanı bir qədər gözdən düşmüşdü. Səbəb klanın başçısı İsmail Jurabekovun hərəkətləri idi. Jurabekov 1980-ci illərdə Kərimovun Kommunist Partiyası sıralarında irəliləməsində böyük rol oynamışdı. 1990-cı illərdə təşəkkür kimi ona hökumət vəzifələri və bizneslərə yiyələnmək imkanı verilmişdi. Ancaq Jurabekov çox güclü idi. Özü də onun 1999-cu ilin fevralında Daşkənddə baş vermiş bomba partlayışlarında əli olduğu deyilirdi. (1999-cu il fevralın 16-da 1 – 1,5 saat ərzində Daşkəndə müxtəlif hökumət binalarının qarşısında avtomobillərə yerləşdirilmiş altı bomba partlamışdı. Bombalardan beşinin diqqəti yayındırmaq, birininsə İslam Kərimovu öldürmək məqsədilə partladıldığı ehtimalı irəli sürülür). Daşkənd partlayışlarından az sonra Jurabekov tutduğu kənd təsərrüfatı naziri vəzifəsindən kənarlaşdırılaraq təqaüdə göndərilmişdi.
Baş verənlərdən az sonra Jurabekov yenidən hökumətə qaytarılmış və 2004-cü ilə qədər Kərimovun müşaviri olmuşdu. Ancaq Kərimovun vətəni Səmərqəndə bağlılığı ciddi şəkildə zəifləmişdi.
Kərimovun yerini tuta biləcək digər mümkün varis 56 yaşlı maliyyə naziri Rustam Azimovdur. O, daşkəndlidir və Daşkənd klanını təmsil edir. O, 1998-ci ildən bəri hökumətdədir. Həmişə də maliyyə vəzifələri tutub.
Azimov Mirziyoyevdən daha mədəni hesab olunur. Həmçinin, onun beynəlxalq aləmlə iş təcrübəsi daha çoxdur. Müstəqilliyin ilk illərində Özbəkistanın Xarici Fəaliyyətlər üzrə Mərkəzi Bankının rəhbəri olmuş Azimov ölkənin Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə işləyən əsas rəsmisi olub.
Hakimiyyətin üçüncü mümkün varisi isə Milli Təhlükəsizlik Komitəsinin (MTK) 72 yaşlı rəhbəri Rustam İnoyatovdur. İnoyatov Özbəkistanda ən güclü adamlardan biridir. O, 1995-ci ildən bəri MTK-nə rəhbərlik edib. O da Daşkənd klanındandır.
Çoxları Kərimovun səhhətinin zəiflədiyi son illər ərzində İnoyatovun boz kardinal rolunu oynamasından şübhələnirlər. Kərimovun böyük qızı Gulnaranın çökdürülməsi kampaniyasının onun işi olduğunu düşünənlər də az deyil. Əvvəllər güclü biznes qadını olan Gulnara Kərimova 2014-cü ildən bəri ictimaiyyət arasına çıxmır. Adının beynəlxalq telekommunikasiya şirkətləri ilə bağlı korrupsiya qalmaqalında hallanmasından sonra atasının onu ev dustaqlığına məhkum etdiyi deyilir.
Amma İnoyatov kral yox, "kral düzəldən" kimi tanınır. Bu şəxsin son 10 il ərzində bilinən yalnız bir fotoşəkli var. Bu, onun Çinin təhlükəsizlik rəsmiləri ilə görüşündə çəkilmiş şəkildir. O, ictimaiyyət arasında görünməyi sevmir.
Ancaq onun dəstəyi olmadan kiminsə Özbəkistanın növbəti prezidenti olması, yaxud da ölkəni maneəsiz idarə edə bilməsi, demək olar ki, mümkün deyil.
İnoyatovun özü ilə eyni klandan olan Azimovu dəstəkləyəcəyini də düşünmək olar. Ancaq tərəflər arasında tarazlıq çox qəliz mövzudur. Bu vaxta qədər tarazlıq prezidentin Səmərqənddən, əsas postları tutan şəxslərinsə Daşkənddən olması hesabına saxlanılıb. Tarazlığın saxlanması naminə Azimov dəstəklənməyə də bilər.