"Belə bir vəziyyətdə razılığa gəlmək çox çətin və mürəkkəb məsələdir"
Məlum olduğu kimi, Rusiya xarici işlər naziri Sergey Lavrovun ABŞ-lı həmkarı Con Kerri ilə Cenevrədə görüşü baş tutub. Məlumata görə, görüş zamanı Suriyadakı terrorçu qruplarla birgə mübarizə aparmaq üçün Rusiya ilə ABŞ arasında hərbi əməkdaşlığın təmin edilməsi məsələsi ətrafında müzakirələr aparılıb. Ancaq buna baxmayaraq, ABŞ və Rusiya hərbçilərinin Suriyada əməkdaşlığı ilə bağlı hər hansı razılaşma əldə olunmayıb. Belə bir açıqlama ilə Pentaqon rəsmisi Piter Kuk çıxış edib.
Məlumat üçün qeyd edək ki, bundan əvvəl ABŞ dövlət katibi Con Kerri ilə birgə mətbuat konfransında Rusiya XİN rəhbəri Sergey Lavrov Suriya məsələsində ABŞ-la təmasların intensivləşdirilməsi barədə razılaşma əldə olunduğunu bəyan etmişdi. Bu həm də Rusiyanın bu ölkədəki hərbi bazasının rəhbərliyilə Amerikanın İordaniya paytaxtındakı hərbi komandanlıq nümayəndələri arasında təmasların artırılması anlamına gəlirdi. Kuk isə deyib ki, diskussiyalar zamanı bir sıra fikir ayrılıqları aradan qaldırılsa da, hələ öz həllini gözləyən məsələlər qalır. "Hazırkı anda belə bir razılaşma yoxdur"- deyə o bildirib.
Halbuki, bundan əvvəl proseslərin gedişi göstərirdi ki, tərəflər arasında Suriya məsələsində anlaşma ehtimalı böyükdür. Ən azından bölgədəki vəziyyətin mürəkkəbliyi belə bir zərurət yarada bilər. Ancaq gözləntilərin əksinə olaraq bu baş vermədi. Maraqlıdır, ABŞ-la Rusiya Suriya məsələsində niyə razılığa gələ bilmədi? Məsələyə münasibət bildirən keçmiş diplomat, politoloq Fikrət Sadıqovun sözlərinə görə, ABŞ-la Rusiya arasında qarşıdurma hələ davam edir: "Məsələ ondadır ki, Suriyada baş verən hadisələrlə bağlı onların mövqeyi radikal şəkildə müxtəlifdir. Çünki bir ölkə Bəşər Əsəd rejimini, digər ölkə mülayim müxalif qüvvələrini dəstəkləyir. Ancaq bütün bunlara rəğmən düşünmürəm ki, bir neçə saatlıq danışıqlar tam nəticəsiz qalsın. Müəyyən razılıqlar əldə olunub. Onu da yaddan çıxarmaq olmaz ki, Türkiyə artıq kürd qruplaşmalarına qarşı zərbələr endirir, quru əməliyyatları keçirir. Bütün bunlara ABŞ və Rusiya razılıq verməyə bilməzdi. Çünki onlar tərəfindən bununla bağlı ciddi bəyanatlar səslənmədi. Bu o deməkdir ki, faktiki olaraq tərəflər Türkiyənin əməliyyatlar keçirməsinə hə dedi. Bu artıq özlüyündə bir razılıqdır. Ancaq digər məsələlərdə tərəflərin mövqeləri fərqlidir və ortada razılıq yoxdur. Çünki söhbət rejimin dəyişilməsindən gedir. ABŞ Əsədə qarşı çıxır, digəri isə onu dəstəkləyir. Ancaq, hər halda, indi baş verən hadisələr onu göstərir ki, bir neçə qüvvə bu işə cəlb olunub. Türkiyə, ABŞ, Rusiya, ərəb ölkələri, İran. Belə bir vəziyyətdə razılığa gəlmək çox çətin və mürəkkəb məsələdir".
Vidadi ORDAHALLI