Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan addımlar bu gün Ermənistanda ictimai-siyasi gündəmin əsas mövzularından birinə çevrilib. Düşmən ölkədə hesab olunur ki, indiki Ermənistan iqtidarı münaqişənin həllilə bağlı güzəştlərə getməyə məcburdur və bunun üçün İrəvana edilən təzyiqlər sürətlə artır.
Elə bu səbəbdəndir ki, Ermənistanın sabiq xarici işlər naziri, "Həmrəylik" partiyasının sədri Vardan Oskanyan Dağlıq Qarabağ üzrə danışıqların ölkəsinin lehinə olmadığını bildirir. Onun fikrincə, indiki Ermənistan hakimiyyəti Qarabağ danışıqlarını yanlış istiqamətdə aparır: "Mənim üçün birmənalı şəkildə aydındır ki, danışıqlar bizim üçün arzuolunmaz istiqamətdə gedir. Biz artıq danışıqlarda öz müqəddəratını təyin etmə hüququnun prioritetliyini itirmişik və bu gün hər kəs öz diqqətini ərazilərin qaytarılmasına yönəldib". Oskanyan vurğulayıb ki, Qarabağ problemini yalnız azad və ədalətli seçkilər yolu ilə hakimiyyətə gələnlər həll edə bilər: "Xalq tərəfindən tanınan bu yeni hakimiyyət problemləri həll etmək üçün yeni mövqelərdə həm Türkiyə, həm də Azərbaycanla danışıqlar apara bilər".
"Modus Vivendi" Strateji Araşdırmalar Mərkəzinin direktoru, Ermənistanın Kanadadakı keçmiş səfiri, politoloq Ara Papyan isə etiraf edib ki, Ermənistan tərəfi 7 rayonu güzəştə gedəcək və qarşılığında Dağlıq Qarabağ üçün aralıq statusu alacaq: "İstəsəniz, bunu qarşılıqlı güzəştlər kimi də xarakterizə etmək olar. Yəni deyəcəklər ki, biz 7 rayonda, onlar isə Dağlıq Qarabağ üçün status məsələsində güzəştə getdilər və üstəlik, gələcəklə bağlı əlavə vədlər də verdilər. Azərbaycan Prezidenti İlham Əliyev ilk mərhələdə 5, sonrakı mərhələdə daha 2 rayonu, üçüncü mərhələdə yenə 5 rayonu götürmək istəyir. Və belə də olacaq".
Ara Papyan əmindir ki, Ermənistan və Azərbaycan arasında hərbi balans rəsmi Bakının xeyrinə dəyişib:"Biz, həmçinin, indiki Ermənistan hakimiyyətinin bu balansı bərpa etmək iqtidarında olduğunu görmürük. Bunu faktlar və rəqəmlər də sübut edir... Artıq sübut olunub ki, Ermənistanı hər gün orta hesabla 100 nəfər birdəfəlik tərk edir. Aprel müharibəsində 100 əsgər itirməyimizi o vaxt böyük ürək ağrısı ilə qəbul etdik. Bəs indi - hər gün 100 vətəndaşımızı itirəndə niyə ürəyimiz ağrımır? Axı mahiyyətcə fərqi yoxdur ki, biz insanlarımızı harada və necə itiririk və bu bizim hökumətin heç nəyə qadir olmadığını sübut edən ən parlaq göstəricidir".
Amerikalı analitik Corc Fridman isə diqqəti ona yönəldir ki, Rusiya prezidenti Vladimir Putin də Qarabağ münaqişəsinin həllində maraqlıdır və Ermənistana təzyiqləri artırıb. Onun fikrincə, Putin açıq eyham vurdu ki, Ermənistanı Qarabağın bir hissəsini Azərbaycana qaytarmağa məcbur edə bilər. Ekspert xatırladır ki, Ermənistan Türkiyənin düşməni və ənənəvi olaraq Rusiyanın müttəfiqidir. Buna baxmayaraq, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfərindən sonra Putin Moskvada Ermənistan prezidenti Serj Sarkisyanla görüşüb və ona torpaqların qaytarılmalı olduğu haqda mesajı çatdırıb: "Bu, Rusiyanın siyasətində radikal dəyişiklikdir". Xatırladaq ki, Putinin Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş rayonlardan 5-nin, yaxud keçmiş amerikalı həmsədr Metyu Brayzanın açıqladığı kimi, 2-nin Azərbaycana qaytarılmasına dair planı gündəmdədir. Metyu Brayzanın yazdığına görə, Putin Sarkisyanla Moskvadakı sonuncu görüşündə ona 2 rayonun qaytarılması, əvəzində Azərbaycanın Ermənistanla bütün nəqliyyat kommunikasiyalarını açması haqda təklifini çatdırıb. Ermənistanda isə etiraf olunur ki, ilk mərhələdə Qarabağ ətrafında 5, daha sonra 2 rayon qaytarılacaq, növbəti mərhələdə isə münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapacaq. "Aravot" qəzeti bu xüsusda yazır ki, Rusiya-Türkiyə yaxınlaşması erməniləri ciddi şəkildə təşvişə salıb: "Ərdoğan və Putin, bir il öncə düşmən mövqedə olmalarına baxmayaraq, indi dost kimi davranırlar. Xüsusilə Suriya kimi problemli məsələdə anlaşdıqları görünür. Məhz Suriyada rus-türk yaxınlaşması Moskva və Ankaranın bir çox məsələdə, xüsusilə Dağlıq Qarabağ münaqişəsində razılaşmasına səbəb ola bilər. Rusiya Türkiyəni də münaqişənin nizama salınması prosesinə qoşa bilər. Təsadüfi deyil ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Qarabağ münaqişəsinin nizama salınması məsələsinin Türkiyə-Rusiya-Azərbaycan formatı çərçivəsində müzakirə ediləcəyini bildirdi. Həmçinin, ATƏT-in Minsk Qrupunun həmsədri olan Rusiya Türkiyənin prosesə daxil olmasına qarşı olmadığını qeyd edib. Bütün bunlar Rusiya və Türkiyənin, Suriyada olduğu kimi, Qarabağ məsələsində də razılaşacağını göstərir".
Nahid SALAYEV