"Ermənistan bizimlə düşmən olduğu üçün hər məsələdə belə təxribata əl atır"
Azərbaycan Ümumdünya Ticarət Təşkilatına (ÜTT) ölkədə kənd təsərrüfatına dəstək məqsədilə 1 milyard dollar ayrılmasını, işğal altında olan torpaqların azad edilməsindən sonra isə həmin ərazilərdə kənd təsərrüfatının bərpası üçün əlavə 1 milyard dollar ayrılmasını təklif edib. Bunu açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev iyul ayında İsveçrənin Cenevrə şəhərində ölkənin ÜTT-yə daxil olması üzrə aparılan danışıqların növbəti mərhələsini şərh edərkən bildirib.
Onun sözlərinə görə, Cenevrədə işçi qrupunun iclasında Azərbaycanın xarici ticarət rejimi müzakirə edilib: "Orada artıq bu məsələ, hansı öhdəliklər götürməyimizin zəruri olması və s. ilə bağlı sənədlər hazırlanır. İclas kifayət qədər fəal keçdi, Avropa İttifaqı, ABŞ və digər ölkələr tərəfindən çoxlu suallar oldu. Hələ ki, onlardan yazılı cavab gözləyirik", - deyə M.Məmmədquliyev bildirib.
M.Məmmədquliyev digər ciddi məsələnin kənd təsərrüfatı üzrə çoxtərəfli danışıqlar olduğunu vurğulayıb: "Əsas məsələ bizim yerli kənd təsərrüfatına dəstək üzrə təkliflərimizlə bağlıdır. ÜTT-nin sənədlərinə əsasən, hesab edirik ki, belə desək, "sarı səbət"dən (amber box) istifadə etmək hüququna malikik.
Hesab edirik ki, ÜDM-in 10 %-ni kənd təsərrüfatını maliyyələşdirmək üçün ayıra bilərik. Amma ÜTT bu fikirlə razı deyil, onlar bu göstəricinin təxminən 5 % olmasını istəyir.
Biz indi onlardan ölkədə kənd təsərrüfatına dəstək məqsədilə 1 milyard dollar ayrılmasını, işğal altında olan torpaqların azad edilməsindən sonra isə həmin ərazilərdə kənd təsərrüfatının bərpası üçün əlavə 1 milyard dollar ayrılmasını istəyirik. Hələlik ÜTT 5 % verməyə hazır olduqlarını bildirib, amma baxacağıq", - deyə nazir müavini deyib.
Maraqlıdır ki, Ermənistan indidən Azərbaycanla ÜTT arasında aparılan danışıqlardan narahat olmağa başlayıb. Erməni KİV-lərinin sərsəm iddiasında bildirilir ki, guya Azərbaycan torpaqların qaytarılmayacağına tam əmindir, sadəcə, bu yolla ÜTT-dən bir milyardı alıb xərcləmək istəyir. Ermənistanın bu məsələ ilə bağlı antitəbliğatının kökündə nə durur?
İqtisadçı Qulu İsmayılov qəzetimizə bildirdi ki, ÜTT uzun müddətdir Azərbaycanla danışıqlar aparır: "Azərbaycan da, öz növbəsində, qurumla əməkdaşlıq etməkdə maraqlıdır. Ancaq ÜTT ilə əməkdaşlıq asan həll olunan məsələ deyil. Bunun üçün ölkələrin qanunvericiliyi onların istəklərinə cavab verməlidir. Hətta ən kiçik detala belə fikir verilir. Xüsusilə də gömrüklə bağlı olan məsələlərdə. Yəni idxal və ixrac elə qaydada stimullaşdırılır ki, sonra əlavə problemlər yaşanmasın. Azərbaycan əksər istiqamətlər üzrə ÜTT-nin tövsiyələrinə əməl edir. Onda qarşı tərəf kimi bizim də müəyyən təkliflər irəli sürmək haqqımız var. Bəli, bu gün Azərbaycanda kənd təsərrüfatının inkişafı üçün münbit şərait var. Ancaq əlavə vəsaitin ayrılması bunu daha da stimullaşdıra bilər. Təbii ki, Azərbaycan torpaqların işğaldan tezliklə azad ediləcəyinə tam inanır və ona görə də əlavə bir milyard istəyir. İşğal altında olan torpaqlarımız kənd təsərrüfatı üçün çox yararlıdır. Bizim bu inamımız Ermənistanı bir qədər narahat edir. Ona görə də belə xəbərləri dərc edirlər. Azərbaycan torpaqların işğaldan azad olunacağına əmin olmasaydı, belə tələb irəli sürməzdi. Ermənistan bizimlə düşmən olduğu üçün hər məsələdə belə təxribata əl atır. Ona görə də narahat olmamalıyıq".
Məhəmmədəli QƏRİBLİ