Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycan öz karbohidrogen ehtiyatlarının müxtəlif marşrutlarla dünya bazarlarına çıxarılmasına daim xüsusi diqqət yetirib. Bu xüsusda atılan mühüm addımlardan biri də Azərbaycan qazını Türkiyə və buradan da Avropaya nəql edəcək "Transanadolu" boru kəməridir (TANAP).
Bu kəmərlə ilk qaz 2018-ci ilin iyun ayında Eskişəhərdən Türkiyəyə paylanmağa hazır olacaq və başlanğıcda 2 milyard kubmetr qaz nəql olunacaq. 3 il ərzində bu həcm 6 milyard kubmetrə çatacaq. Amma TANAP-ın ilkin buraxılış gücü ildə 16 milyard kubmetr hesablanır. Buraxılış gücü sonradan 31 milyard kubmetrə çatdırılacaq. Amma proseslərin gedişi bu qənaətə gəlməyə əsas verir ki, TANAP-la təkcə Azərbaycan qazı ixrac edilməyəcək. Belə ki, rəsmi Bakı İraq və İran qazının Azərbaycan ərazisilə nəql olunaraq Türkiyədə TANAP kəmərinə qoşulmaqla Avropaya nəqlini istisna etmir. Energetika nazirinin müavini Natiq Abbasov bunu tam mümkün sayır: "Azərbaycan TANAP-ın əsas təşəbbüskarlarındandır. İran qazının Azərbaycan ərazisilə nəql olunaraq Türkiyədə TANAP-a qoşulub, buradan Avropaya nəqli imkanlarına baxılır". Nazir müavini qeyd edib ki, Azərbaycan və İran arasında İran qazının, hətta İraq qazının Azərbaycan ərazisindən tranziti üçün mövcud infrastruktur var:"İraqla İran arasında da belə infrastruktur var. Bu infrastrukturla İraq qazı İrana, buradan isə Azərbaycan ərazisinə nəql oluna və Türkiyədə TANAP-a qoşulmaqla Avropaya çatdırıla bilər". Xatırladaq ki, daha əvvəl Azərbaycan İraq tərəfi ilə neft və qaz ehtiyatlarının ölkəmiz üzərindən Qərbə çıxarılmasına dair danışıqlar aparıb və bu istiqamətdə ilkin razılıqlar əldə olunub. Perspektivdə isə türkmən qazının da TANAP-la ixracı gündəmdədir və bu məsələyə hazırda Avropa özü böyük maraq göstərir. Lakin siyahı təkcə bu ölkələrlə də məhdudlaşmır. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu günlərdə bildirmişdi ki, "Türk axını" ilə Türkiyəyə nəql ediləcək Rusiya qazından artıq qalan həcm TANAP-a qoşularaq qardaş ölkə vasitəsilə ixrac edilə bilər: "Türkiyə Rusiyaya "Türk axını" qaz boru kəmərinin Azərbaycanın təbii qazını 2020-ci ildə Avropaya çatdıracaq Cənub qaz Dəhlizinin tərkib hissəsi olan TANAP-a qoşulmasını təklif edib. "Türk axını" ilə Türkiyəyə nəql ediləcək Rusiya qazından artıq qalan həcm TANAP-a qoşularaq qardaş ölkə vasitəsilə ixrac edilə bilər". Xatırladaq ki, Türkiyə "Türk axını" vasitəsilə ildə 16 milyard kubmetr Rusiya təbii qazı alacaq. Çavuşoğlu isə TANAP-ın Türkiyə üçün prioritet layihə olduğunu da vurğulayıb.
Qeyd edək ki, TANAP Azərbaycanın Xəzər dənizindəki "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində hasil olunacaq qazın Türkiyəyə, buradan isə Avropaya nəqlini nəzərdə tutan boru kəməridir. Cənub Qaz Dəhlizi layihəsinin bir qolu olan TANAP Türkiyə ərazisində inşa olunur. Kəmər Türkiyə-Yunanıstan sərhədindən Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan TAP-la birləşəcək. 2015-ci il martın 17-də Türkiyənin Qars şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə TANAP-ın təməli qoyulub. 2018-ci ildə istifadəyə verilməsi planlaşdırılan boru kəmərinin ilkin buraxılış gücü ildə 16 milyard kubmetr olacaq. Bu həcmin təxminən 6 milyard kubmetri Türkiyəyə, qalanı isə Avropaya nəql ediləcək. Bütün bunlar onu göstərir ki, Cənub Qaz Dəhlizi, o cümlədən onun tərkib hissəsi olan TANAP ölkəmizə daha çox gəlir gətirəcək. Bu arada qeyd edək ki, Azərbaycan Cənub Qaz Dəhlizi layihəsi üzrə maliyyə öhdəliklərinin 45,5 faizini icra edib. Cənub Qaz Dəhlizi QSC-nin baş direktoru Əfqan İsayev bildirib ki, Azərbaycan Cənub Qaz Dəhlizi layihəsinə investisiya qoyuluşuna tam sadiqdir və maliyyə öhdəliklərini vaxtında yerinə yetirməyə davam edir. Azərbaycan tərəfindən Cənub Qaz Dəhlizi layihəsinə daxil olan layihələrin maliyyələşdirilməsinə indiyədək 5 milyard 212 milyon dollarlıq vəsait qoyulub. "Şahdəniz-2" və Cənub Qaz Dəhlizi layihələrində Azərbaycanın payının maliyyələşdirilməsi 11 milyard 454 milyon dollar həcmində qiymətləndirilir. Bu o deməkdir ki, Azərbaycan layihə üzrə maliyyə öhdəliklərinin 45,5 faizini yerinə yetirib. Həmin vəsaitin 2,5 milyard dolları Dövlət Neft Fondu, 1,7 milyard dolları Maliyyə Nazirliyi və SOCAR, 1 milyard dolları isə mart ayında yerləşdirilən avrobondlar vasitəsilə həyata keçirilib. Bu il Azərbaycanın Cənub Qaz Dəhlizi layihəsinə 2 milyard 809 milyon dollar vəsait ayırması planlaşdırılır.
Tahir TAĞIYEV