Cənubi Qafqaz regionuna da birbaşa toxunan geosiyasi dəyişikliklər müşahidə olunur. Azərbaycan, Türkiyə, İran, Rusiya arasında yeni bir ittifaqın, formatın yaranacağı ilə bağlı ilkin ehtimallar irəli sürülür və artıq təşəbbüslər edilib. ABŞ və Avropa tərəfindən prosesə müdaxilə olunmasa, yeni formata meylli olan ölkələrdən hər hansı birini prosesdən kənarlaşdırmaq cəhdi olmasa, yeni formatın yaranması real görünür.
İttifaqa girmək istəyən 4 ölkədən hər birini ümumi maraqlar birləşdirir. Ən əsası isə, Rusiya bu ölkələrin istənilən formada Avrasiya İttifaqına yaxınlaşmasında maraqlıdır. İran, Rusiya və Türkiyəni Suriya ilə bağlı maraqları ciddi şəkildə yaxınlaşdıra bilər. Türkiyə və İran Rusiyaya doğru ilk addımlarını artıq atır: İran hərbi bazalarından Rusiyanın istifadəsi üçün şərait yaradır; Türkiyənin hətta "İncirlik" hərbi bazasını Rusiyanın ixtiyarına verə biləcəyi ilə bağlı fikirlər səsləndirilir. Türkiyənin Suriyada quru əməliyyatlarına başlaması da çox şeydən xəbər verir. Rusiyanın da müəyyən məsələlərlə bağlı addımlar atdığı bəllidir. Bu dəyişiklikləri ABŞ-ın regiondan çıxması, təsirinin azalması kimi dəyərləndirmək olmaz. ABŞ regionda qalır, təsir imkanlarını saxlayır. Lakin bütün bunların fonunda Rusiyanın regionda dominantlığı bir qədər də artacaq. Ən müsbət olan isə odur ki, Türkiyə və İran ilk dəfə regionda gedən proseslərə real müdaxilə etmək imkanı qazanırlar.
Yeni format Dağlıq Qarabağ müharibəsinin sona yetməsi üçün yetərli ola bilərmi? Məsələ Rusiyanın geri çəkilmək ehtimalından, Türkiyə ilə İranın isə Azərbaycan maraqlarında təkid etmək istəyindən asılı olacaq. Rusiya Azərbaycanın torpaqlarını işğal edib və bunu Ermənistanın adı ilə həyata keçirib. Ona görə də Rusiyanın bu ərazilərdən çıxacağı real görünmür və yaxud məsələni başqa cür qoyaq: Rusiya nəyin müqabilində bu əraziləri tərk edə bilər? Hələlik heç nəyin. İndiki şəraitdə yalnız qismən tərketmədən söhbət gedə bilər. Burada hətta tez-tez hallandırılan 5 rayonun da geri qaytarılması real görünmür. Rusiya bu varianta yalnız regiona hərbi qüvvələrinin yerləşdirilməsi şərtilə razılaşa bilər. Bu isə işğalın başqa formada davam etdirilməsi demək olacaq. Beş rayonun qaytarılması və bunun müqabilində Dağlıq Qarabağdakı qondarma rejimə "aralıq", hətta "yarımaralıq" (adının nə qoyulmasının heç fərqi yoxdur) statusun verilməsi Azərbaycan üçün real fəlakət, Dağlıq Qarabağın, demək olar ki, "de-yure" itirilməsi demək olardı. Bu baş verərsə, qondarma rejimin beynəlxalq birlik tərəfindən tanınması və beynəlxalq hüququn subyektinə çevrilməsi üçün ciddi başlanğıc ola bilər. Digər tərəfdən bu, erməni strategiyasının tam həyata keçməsi demək olardı. Ermənistan ötən əsrin 90-cı illərinin əvvəlində Dağlıq Qarabağı işğal etdikdən sonra ətraf əraziləri tutdu və üzdəniraq "təhlükəsizlik zolağı" adı altında "status əvəzinə ərazi" düsturunu təklif etdi. ABŞ, Avropa, Rusiya tərəfindən müxtəlif adlar altında təklif olunan və hazırda masa üzərində saxlanılan variant bu erməni planının həyata keçirilməsindən başqa bir şey deyil. Başqa bir tərəfdən, status məsələsinin müzakirəsi, ümumiyyətlə, yanlış bir yanaşmadır. Burada da ermənilərin belə bir tezisi əsas götürülür ki, guya Dağlıq Qarabağ erməniləri öz statuslarını dəyişmək üçün hansısa hərəkata başlayıblar, "mübarizə" genişlənib və sair. Əslində isə, baş vermiş hadisənin mahiyyəti göz önündədir: Ermənistan Dağlıq Qarabağdakı ermənilərdən şirma kimi istifadə edərək Azərbaycana qarşı işğalçı müharibəyə başlayıb. Ona görə də indi status məsələsini qabartmağa heç bir ehtiyac yoxdur, Ermənistan sadəcə, işğal etdiyi bütün ərazilərdən, Dağlıq Qarabağ və ətraf 7 rayondan çıxmalıdır.
Bu dediklərimiz Birinci Dağlıq Qarabağ müharibəsinin nəticələrinin dinc yolla aradan qaldırılması variantıdır. Lakin prosesin məhz bu yolla gedəcəyi ehtimalı sıfıra bərabərdir. Onda qalır yeni müharibə variantı. Yeni geosiyasi dəyişikliklər, regionda qüvvələr nisbətinin dəyişməsi buna imkan verirmi? Birinci Qarabağ müharibəsinin başlanması daha çox xarici amillərlə bağlı idi. ABŞ bu cür etnik müharibələrə SSRİ-nin dağılma prosesini sürətləndirən vasitə kimi baxırdı. Ona görə də ABŞ rəhbərliyi 1988-1993-cü illər ərzində Dağlıq Qarabağ ətrafında münaqişə və müharibənin alovlanmasına hər cəhdlə təkan verir, Ermənistan tərəfini açıq şəkildə dəstəkləyirdi. Bu yöndə 1989 və 1991-ci illərdə ABŞ Konqresinin iki qərəzli qərarı qəbul olundu, sonra isə 1992-ci ildə "907-ci düzəliş" deyilən sənəd ortaya gəldi. Rusiya da bu cür lokal müharibələrdə maraqlı idi. Rəsmi Moskva bu cür müharibələrə keçmiş SSRİ məkanında itirilmiş mövqelərin bərpası üçün vasitə kimi baxırdı.
İndiki məqamda ABŞ üçün oxşar maraqların yoxa çıxdığını demək olar. ABŞ Rusiyanın dağılmasında, parçalanmasında maraqlı deyil. Parçalanmış Rusiya böyük bir region üçün onlarla yeni problemin meydana gəlməsi ilə nəticələnə bilər. ABŞ Rusiyada özünə uyğun bir hakimiyyətin yaranması və bu hakimiyyət vasitəsilə böyük bir ölkənin idarə olunması, nəzarətdə saxlanmasında maraqlıdır. Ermənistanı öz daxili əyalətlərindən biri kimi idarə edən, tam təsir dairəsində saxlayan, Azərbaycanda da kifayət qədər təsir imkanları olan Rusiya da yeni müharibənin alovlanmasında maraqlı deyil.
Azərbaycan Rusiya və ABŞ-ın iradəsinin əksinə olaraq müharibəyə başlaya bilərmi? İran, Türkiyə və Rusiyanın Suriyada maraqlarının üst-üstə düşməsi, hərbi əməkdaşlıqlarının genişlənməsi bu sualın müsbət cavablandırılması üçün azacıq ümidlər yaradır. Rusiya Suriyaya, digər maraqları ilə yanaşı, həmin regionda son dayaq məntəqəsi kimi baxır. Türkiyə Suriya ilə sərhəd ərazilərində kürd faktorunun təhlükəli həddə çatmasından narahatdır. İran Suriyada hazırkı hakimiyyətin və yaxud varisliyin təmin olunmasında maraqlıdır. Bu üç dövlətin ciddi maraqlarla bir-birinə bağlanması Azərbaycana xeyir gətirə, Qarabağda müharibənin başlaması üçün zəmin ola bilər. Azərbaycan bu mürəkkəb, amma əlverişli vəziyyətdən yararlanmalıdır və yararlana bilər.
Azərbaycan bu günə qədər ABŞ və Rusiyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqe tutacağına, ortaq məxrəcə gələrək obyektiv həll variantı təklif edəcəklərinə ümid bəsləyib və diplomatik səylərini bu istiqamətə yönəldib. Lakin bu taktika özünü doğrultmadı, 2 super dövlət ortaq mövqeyə gələ bilmədi, daha doğrusu, belə bir ortaq mövqeyə gəldilər ki, status-kvo qorunub saxlanmalıdır. Bu isə Azərbaycanın maraqlarına cavab vermir. Digər tərəfdən, dünyada belə bir fikir hökm sürür ki, planetimizin istənilən yerində ortaya çıxan münaqişəni, mübahisəni bu iki dövlət həll edə bilər, ya da heç kəs həll edə bilməz. Bütün digər ölkələr sanki adi müşahidəçi rolundadırlar. Azərbaycan da bu tezisə tabe olaraq, ümidlərini ABŞ və Rusiyaya bağlayıb. Hadisələrin inkişafı bu düsturun, formulun sındırılmasına doğru gedir.
Türkiyə və İranın da bu yeni prosesin təşəbbüskarları sırasında şansları kifayət qədərdir. Bunu deyərkən Türkiyə və ya İranın Azərbaycan tərəfindən müharibəyə müdaxiləsini nəzərdə tutmuruq. Türkiyə və İran Rusiyanın, müəyyən məqamda isə ABŞ-ın Azərbaycan-Ermənistan müharibəsinə müdaxilə imkanlarının qarşısını ala, onları neytrallaşdıra bilərlər. Türkiyə və İran bu gün bunu etmək gücündədirlər. İki dost ölkə bunu birlikdə etsələr, daha ciddi və səmərəli nəticələrə nail ola bilərlər.
Azərbaycan Rusiya və Qərbin dəstəyindən məhrum edilmiş Ermənistanla müharibədən çox asanlıqla qalib çıxa bilər. Azərbaycanın insan, maddi və digər resursları, hərbi gücü Ermənistandan ölçüyəgəlməz dərəcədə üstündür. Azərbaycanın qalib gəlməsi İran və Türkiyənin regionda mövqeyini gücləndirəcək. Türkiyə və İranın regionda güclənməsi Rusiyanın da maraqlarına cavab verir. Bu 3 ölkə arasında müttəfiqlik əlaqələri daha da genişlənəcək. Bu situasiyada Ermənistan da uduzan tərəf olmayacaq, ən azından "alət" olmaq taleyindən xilas olacaq, Türkiyə, İran və Azərbaycanın bütün potensial imkanlarından yararlana biləcək. Azərbaycanın Qarabağda hərbi qələbəsi Ermənistanı xarici qüvvələrin əsarətindən xilas edəcək. Beləliklə, bu ölkələrin hər biri üçün seçim anıdır. Hər şey düzgün və cəsarətli seçimdən, seçiləcək yoldan asılı olacaq.
Akif Nağı